Yeniyetmələr ailə də, məktəbdə vətənpərvərlik ruhunda formalaşırlar, hərbi xidmətdə də bu ruhda xidmət edirlər. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bu proses həm forma, həm məzmun, həm də mahiyyət baxımından zənginləşdi. Bunun nəticəsidir ki, Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını onun yüksək mənəvi-psixoloji hazırlığı tamamlayır. Azərbaycan əsgəri Hərbi Anda - dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edir, xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirir.
Hərbi xidmətimin ilk gününü xatırlayıram. Komandirimiz bizə hərbi salamlaşmanın elementlərini öyrətmişdi. Sıra hazırlığının elementlərini də izah etmişdi. Əsgəri yerişin mahiyyətini onda başa düşmüşdüm. Nizami yerişlə ötüb-keçən əsgərlərə baxmışdıq.
Ezamiyyətdə olduğum zaman hərbi hissədəki bölmələrdən birinin sıra hazırlığı məşğələsini izlədim. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İlham Yəhyayev sıra hazırlığının elementlərini şəxsi heyətə bir daha xatırlatdı, sonra praktiki olaraq göstərdi. Deyilənləri və göstərilənləri əsgərlər ardıcıllıqla yerinə yetirirdilər. Belə təlimin mahiyyəti pedaqoji prosesdir: müəllim, yəni, komandir öyrədir, şagird, yəni, əsgər öyrənir. Az sonra əsgərin əsgəri yerişi hərbi xidmətlə davam etdiriləcək döyüş hazırlığının başlanğıcı olur.
- Əsgəri yeriş adi yeriş deyil. Əsgər bu yeriş üçün həm qollarını, həm də ayaqlarını necə hərəkət etdirməyi öyrənir. Sonra vəhdətdə iki-iki, üç-üç, ... təkrarlamaqla öyrəndiyi hərəkətləri təkmilləşdirir, - kiçik çavuş İ.Yəhyayev bildirdi.
İ.Yəhyayev, həmçinin qeyd etdi ki, sıra hazırlığı məşğələsində əsgərlər yüksək əzmkarlıq göstərir, onun elementlərini düzgün yerinə yetirmək üçün əllərindən gələni edirlər. "Verilən tapşırıqları necə yerinə yetirmələrindən görünür ki, onların öyrənmək həvəsi böyükdür. Bizim də borcumuzdur ki, bilik və bacarıqlarımızdan istifadə edərək şəxsi heyətin hazırlığını artıraq".
Əsgərlər Rəsul Bağırov, Əmrah Səfərzadə, Sabir Cabbarov və digərləri dedilər ki, hərbi xidmətin ilk günlərindən verilən tapşırıqların yerinə yetirilməsində bir-birilərinə kömək ediblər: "Əsgər yoldaşlarımız bizə xidmətə yeni gələndə sıra hazırlığının elementlərini öyrənməyə köməklik göstərirdilər. İlk vaxtlar düzgün addımlamağımızda, əsgəri salamlaşma və digər hərəkətlərin icrasında müəyyən çətinliklərimiz olurdu. Peşəkar komandirlərimizin sayəsində artıq bütün elementləri rahatlıqla yerinə yetirə bilirik. Bu gün sıra hazırlığımızın yüksək səviyyədə olmasında onların əməyi böyükdür”.
Sıra hazırlığı məşğələsi başa çatdı. "Əsgərlərin sıra hazırlığı məşğələsi Sıra Nizamnaməsinə əsasən keçirilir. İlk vaxtlar bu hazırlıqda müəyyən çətinliklərlə üzləşənlər zaman keçdikcə sıra elementlərini asanlıqla yerinə yetirə bilirlər. Bugünkü məşğələ öyrədilmişlərin təkrarıdır, vərdişlərin təkmilləşdirilməsidir. Sıra nizami yerişdir, nizami yeriş isə yüksək döyüş hazırlığına aparır", - kiçik çavuş İ.Yəhyayev dedi.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu",
Fotolar
Coşqun CƏFƏROVUNDUR