Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Mart 2025 14:15

“Xidmətimiz Vətən üçündür”

Vətən müharibəsi başlayanda mən məktəbdə oxuyurdum. Dostlarımla birlikdə döyüşçülərimizin qazandığı qələbələrin sevincini biz də yaşayırdıq. Noyabrın 8-də Şuşa işğaldan azad ediləndə kəndimizdə heç kim evinə qapanmadı, hamı yoldaydı, hamı bir-birini təbrik edirdi. Uşaqlar da böyüklərə qarışmışdılar. Səhəri gün müəllimimiz dedi ki, o gecə hər yerdə belə olub. On illiklərdən sonra işğaldan azad edilmiş Şuşada Azərbaycan bayrağının dalğalandırılmasına böyüklər Zəfərin nə olduğunu dərk edərək sevinirdilər, uşaqlar müharibə qurtardığına görə. O gecə neçə-neçə ananın qəhərini üstələyən sevincinin hönkürtüsü də eşidilmişdi: "Daha şəhidlərimiz olmayacaq...". O gecə ordumuzun qazandığı qələbə hamının ürəyini dağa döndərmişdi. Böyüklər də uşaqtək sevinirdilər...
Tarixi Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olundu. Ordumuz tarixi ədaləti bərpa etdi...
Bu gün əsgərəm. Biz də hərbi xidmətdə Nizamnamələrin tələblərini öyrənmişik, bizə təhkim olunmuş silahların taktiki-texniki xüsusiyyətlərini mənimsəmişik. Təlimlərdə də fəal iştirak edirik. Komandirimiz deyir ki, təlimlər öyrəndiklərimizin təkmilləşdirilməsidir. Hərbi biliklərimiz təkmilləşdikcə özümüzü daha güclü əsgər hesab edirik.
Hərbi xidmət bizə Vətəni daha dərin sevgilərlə sevməyin gərəkliyini öyrədir, hərbi biliklər verir, əsgər dostluqları qazandırır, hər birimizi mətinləşdirir. Komandirimiz İkinci Qarabağ müharibəsində yaralanmış döyüşçü dostunu döyüşdən çıxardanda şəhid olan döyüşçülərdən danışmışdı. Hərbi xidmətdə qazandığımız dostluğu həmişə məsuliyyətlə yaşadacağıq.
Xidmətimiz Vətən üçündür. Biz hərbi xidmətdən tərxis edildikdən sonra mülki həyatda əsl vətəndaş olacağıq, həmişə Vətən naminə əsgəri məsuliyyətlə işləyəcəyik, əsgəri məsuliyyətlə yaşayacağıq. Biz də böyük qürurla deyəcəyik ki, hərbi xidmət bizi əsl vətəndaş kimi formalaşdırdı.
 
Əsgər

Faiq SADIQOV

"N" hərbi hissəsi