Fevralın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair nazirliyin kollegiya iclası keçirildi. İclasda ötən ilə yekun vuruldu, cari ildə qarşıda duran vəzifələr iclas iştirakçılarının diqqətinə çatdırıldı. Kollegiya iclasının əsas məqsədi də odur ki, ordumuz bundan sonra da xalqımızın və Ali Baş Komandanın etimadını doğruldacaq.
Biz də öz növbəmizdə açıq informasiya mənbələrinin təhlili əsasında qərara aldıq ki, ötən ildə ordumuzun qazandığı nailiyyətlərlə bağlı fikirlərimizi oxucularımızla bölüşək. Yola saldığımız 2024-cü ili də əvvəlki illərdə olduğu kimi, Azərbaycan Ordusu bir çox uğur və yeniliklərlə başa vurdu. Ötən ilə nəzər saldıqda aydın görürük ki, yola saldığımız il ordu quruculuğu istiqamətində əhəmiyyətli uğurlarla bol oldu.
Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də il ərzindəki çıxışlarında ordumuzun fəaliyyətini yüksək qiymətləndirdi, islahatların davam edəcəyini bəyan etdi və Azərbaycan Ordusu qarşısında mühüm tapşırıqlar qoydu. Dövlətimizin başçısının ordumuza verdiyi yüksək qiymət, səsləndirdiyi fikirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi ilə qarşılandı və hərbi qulluqçularımızı uğurlar qazanmağa ruhlandırdı.
2024-cü ildə əldə edilən uğurları sadalamazdan əvvəl xüsusi olaraq bildirmək istərdik ki, qeyd olunan məqamlar yalnız açıq mənbələrdən əldə edilmiş və Müdafiə Nazirliyi tərəfindən ictimailəşdirilən məlumatların təhlili əsasında qələmə alınıb.
İlk olaraq qeyd etmək istərdik ki, heç şübhəsiz, 2024-cü ildə əldə etdiyimiz uğurların təməlində Müzəffər Ali Baş Komandanın prioritet elan etdiyi, ordu quruculuğu sahəsinə sərgilədiyi diqqət və qayğı, həmçinin dövlətimizin iqtisadi qüdrəti dayanır. Heç kimə sirr deyil ki, hər bir ölkənin hərbi qüdrəti onun iqtisadi gücünün aynasıdır. Bunu da ordumuzun şəxsi heyəti gündəlik xidmətlərində daim hiss edir. Sözün həqiqi mənasında, respublikamızda mövcud olan dayanıqlı iqtisadi inkişaf bütün sahələrə, eyni zamanda, ordu quruculuğuna da öz müsbət təsirini göstərir.
Qürur doğuran məqamdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən müasir ordu quruculuğunun daha da təkmilləşdirilməsi istiqamətində islahatlar il ərzində davam etdirilib. Azərbaycan Ordusu 2024-cü ildə ölkəmizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili və icrası ilə bağlı qarşısında duran tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. Ötən ildə ordumuzun xidməti-döyüş fəaliyyətinin düzgün təşkili sayəsində nəzərdə tutulmuş bütün hədəflərə çatmaq təmin olunub və yetərincə nailiyyətlər əldə edilib.
Ölkəmizin müdafiəsinin gücləndirilməsi məqsədilə Vətən müharibəsi və antiterror əməliyyatından sonra yaranmış vəziyyət nəzərə alınmaqla müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirlikdə il ərzində keçirilən xidməti müşavirələrdə döyüşə hazırolma və səfərbəretmə planları dəqiqləşdirilib, direktiv sənədlərin yenilənməsi, yeni qərarların hazırlanması, qoşun və qüvvə növlərinə, birlik, birləşmə və hissələrə yeni döyüş tapşırıqlarının çatdırılması təmin edilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası naminə həyata keçirilmiş döyüş əməliyyatları bitdikdən sonra regionda yaranmış yeni vəziyyət və baş vermiş dəyişikliklərə uyğun olaraq qoşunların imkan və qabiliyyətlərinin artırılması məqsədilə planlı tədbirlər həyata keçirilib.
Eyni zamanda, ordumuzun arsenalına yeni silah sistemlərinin daxil edilməsi, onların istismarının və döyüş tətbiqinin öyrənilməsi üzrə müvafiq fəaliyyətlər icra edilib. Bölmələrin döyüş hazırlığının və qabiliyyətinin, şəxsi heyətin peşəkarlığının, bilik və bacarıqlarının yüksəldilməsini təmin edən praktiki məşq və təlimlərin intensivliyi artırılıb.
Təhlillər göstərir ki, ötən il ərzində hərbi qulluqçularımız 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak ediblər. Bu təlimlərdən üçü ölkəmizdə təşkil edilərək keçirilib. Praktiki məşq və dərslərin intensivliyi, eləcə də müxtəlif növ hərbi təlimlər sayəsində uzlaşma şəraitində fəaliyyət, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Müxtəlif qoşun növlərinin cəlb olunduğu beynəlxalq və müştərək təlimlərin keçirilməsi ilə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi daha da yüksəldilib.
Bütün bunlarla yanaşı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, onların xidmət və sosial məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, kollektivlərdə intizam qaydalarına yüksək səviyyədə əməl edilməsi məqsədilə kompleks tədbirlər icra edilib, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən bir çox hərbi vətənpərvərlik tədbirləri keçirilib.
Geridə qoyduğumuz il ərzində səfərbərlik hazırlığına diqqət daha da artırılmış, səfərbərlik ehtiyatlarının peşəkarlığının yüksəldilməsi istiqamətində ciddi addımlar atılmışdır. Ötən il ərzində müxtəlif ixtisaslı hərbi vəzifəlilər toplanışlara cəlb edilmiş, məşğələ və praktiki məşqlərin gedişində onların ixtisas üzrə bilik və bacarıqlarının artırılması ilə yanaşı, silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilmişdir. Əməliyyat və döyüş hazırlığı, mühəndis və digər xidmətlər, eləcə də qoşun xidmətinin təşkili ilə bağlı nəzərdə tutulmuş bütün tədbirlər plana uyğun olaraq icra olunmuşdur.
İşğaldan azad edilmiş ərazilərimizdə 2024-cü il ərzində aparılan bərpa-quruculuq işlərində də ordumuz xeyli uğurlar əldə etmişdir. Mühəndis tədbirləri, yeni yolların çəkilməsi, digər hərbi infrastrukturların yaradılması ilə bağlı aparılan işlər davam etmiş, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində mühəndis xidməti üzrə tapşırıqlar yerinə yetirilmişdir. Xüsusilə də döyüş mövqelərinin mühəndis-istehkam cəhətdən hazırlanması, təminat yollarının fasiləsiz olaraq işlək vəziyyətdə saxlanılması müdafiənin dayanıqlığının, bölmələrin atəş və manevr imkanlarının əhəmiyyətli dərəcədə artdırmışdır.
İşğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işlərinin davam etdirilməsi sayəsində yeni hərbi infrastruktur obyektləri inşa edilmiş, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ötən il ərzində qışa hazırlıq məqsədilə yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq, odun ehtiyatı normalara uyğun olaraq təmin edilmiş, şəxsi heyətin mövsümə uyğun geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminatı üzrə qarşıya qoyulan məqsədlərə tam həcmdə nail olunmuşdur.
2024-cü il ərzində hərbi təhsil sistemi, şəxsi heyətin komplektləşdirilməsi, ştatların optimallaşdırılması, eləcə də bir sıra yeniliklərin tətbiq edilməsi məqsədilə struktur dəyişikliyi həyata keçirilmişdir. Belə ki, qarşıda duran vəzifələrin icrasını daha səmərəli təşkil etmək məqsədilə idarəetmə orqanlarının, təşkilat və müəssisələrin təşkilat-ştat strukturunun təkmilləşdirilməsi istiqamətində davam edən islahatlar nəticəsində müasir dövrün tələblərinə uyğun olaraq bir sıra yeni idarə və xidmət sahələri yaradılmışdır.
Ötən ilin uğurlu layihələrindən biri də Bakı, Gəncə, Naxçıvan Hərbi Kolleclərinin və intellektual qabiliyyətli bölmələrin yaradılmasını qeyd etmək olar. 2024-cü il ərzində hərbi akademik təhsil sisteminin yenidən formalaşdırılması, qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi keyfiyyətini yüksəldilməsi məqsədilə Milli Müdafiə Universitetində hərbi qulluqçular üçün bir neçə yeni kurslar təsis edilmişdir. Heydər Əliyev adına Hərbi İnstitutda hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin edilməsi, habelə qəbulla bağlı əhatə dairəsinin genişləndirilməsi məqsədilə qəbula 2-ci və 3-cü ixtisas qrupları üzrə bir sıra ixtisaslar əlavə edilmişdir. Xüsusi təyinatlı təhsil müəssisələrinə abituriyentlərin müraciətlərinin asanlaşdırılması, əlçatanlığın təmin olunması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə ölkəmizin müxtəlif bölgələrində "Sənəd qəbulu mərkəzləri" yaradılmışdır.
Dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hərbi təhsil sahəsində cəlbediciliyin artırılması istiqamətində görülən tədbirlər, o cümlədən respublikamızın 13 şəhərində yaradılmış 17 mərkəz vasitəsilə aparılan maarifləndirmə işləri nəticəsində Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə müraciətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu da yüksək intellektə və müsbət keyfiyyətlərə malik, daha bilikli namizədlərin seçilməsinə, kadr ehtiyatlarının yaradılmasında kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan yaratmışdır.
Geridə qoyduğumuz il ərzində beynəlxalq hərbi əməkdaşlıq sahəsində də qarşıya qoyulmuş məqsədlərə nail olunmuş, uğurlar əldə edilmişdir. Hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığımızın inkişafı və genişləndirilməsi, işgüzar görüş və müzakirələrin keçirilməsi regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə vermişdir.
2024-cü il ərzində Müdafiə Nazirliyində keçirilən xidməti müşavirələrdə döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın təmin olunması və qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidə edilməsi, nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilmiş və icrası tam təmin edilmişdir.
Əvvəlki illər ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatları, atılan addımları, həyata keçirilən işləri gördükcə daima qürur hissi keçiririk. Fəxr edirik ki, ötən illərin ən uğurlu göstəricisi torpaqlarımızın işğaldan azad edilməsi naminə həyata keçirilən döyüş əməliyyatlarında qazandığımız qələbələrimizdir. Qeyd etdiyimiz qələbələr sayəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş, konstitusiya quruluşu bütün ölkə ərazisində bərqərar olmuşdur. Əminik ki, Şanlı Zəfərimizdən, qazandığı uğurlardan ruhlanan Azərbaycan Ordusu bu gün də Vətənimizin müdafiəsində ayıq-sayıq dayanır və istənilən əmri yerinə yetirməyə hazır və qadirdir.
İnanırıq ki, 2025-ci ildə də Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı, dövlətimizin iqtisadi qüdrətin daha da artması, eyni zamanda, ordu quruculuğunda həyata keçirilən islahatlar nəticəsində qoşunların döyüş hazırlığı və şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bölmələrin döyüş qabiliyyətinin daha da artırılması və digər xidmət sahələrində Azərbaycan Ordusu yeni-yeni uğurlara imza ataraq xalqımızın etimadını doğruldacaq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qarantı olacaqdır.
Elçin İMANOV
"Azərbaycan Ordusu",
İsa İSMAYILOV
hərbi jurnalist