Milli Müdafiə Universitetinin tabeliyində fəliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının ildönümü qeyd edilib.
27 fevral 2025-ci il tarixdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 21 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbir təşkil edilib.
Milli Müdafiə Universiteti xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Hərbi Liseyin rəisi vəzifəsini icra edən polkovnik Rəşad Əsgərov ilk öncə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovun təbrik məktublarını tədbir iştirakçılarına çatdırıb. Daha sonra o, Hərbi Liseyin yaradılmasından bu günə qədər keçən bir dövrdə liseyin fəaliyyətindən söz açıb, əldə olunan uğurları diqqətə çatdırıb.
Daha sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov çıxış edərək Hərbi Liseyin şəxsi heyətini təbrik edib, onlara fəaliyyətlərində və tədrisdə uğurlar arzulayıb.
Sonra Hərbi Liseyin gündəlik fəaliyyətdə, tədris prosesinin təşkilində, əmək fəaliyyətində fərqlənən pedaqoji heyət, mülki işçilər və kursantlar təltif olunub.
Sonda kursantların ifasında şeirlər, mahnılar səsləndirilib, bədii kompazisiya təqdim olunub. Xatirə şəkillər çəkilib.