Gizir Hüseyn Nəzərli Azərbaycan Ordusunun vətənpərvər hərbi qulluqçularından biridir. Yeddi ildir ki, Vətənə xidmət borcunu seçdiyi müqəddəs hərb sənəti sayəsində qürurla və şərəflə yerinə yetirir. O, 44 günlük Vətən müharibəsinin, eləcə də ordumuzun həyata keçirdiyi uğurlu antiterror əməliyyatının iştirakçısıdır. Sinəsində "Ağdamın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarını böyük iftixar hissi ilə daşıyır.
Sabirabad rayonunun Şıxsalahlı kəndində doğulub böyüyən Hüseyn hərb sənətinə bağlılığının Vətənə, torpağa sonsuz sevgisindən bəhrələndiyini dedi: "Heç bir sözlə əvəz edilməyən, məzmun etibarilə çoxşaxəli olan "vətənpərvərlik" məfhumu hər bir insanda tədricən formalaşır. Ayaq basdığın müqəddəs Vətən torpağı dünyanı dərk etdikcə səni özünə bağlayır, ona sevgimiz, məhəbbətimiz artır. Vətənpərvərlik hissi o deməkdir ki, öz dövlətinin tərəqqisi üçün can yandırıb, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr edəsən, Vətənin rifahı, xoşbəxt gələcəyi naminə əlindən gələni etməklə onu yağı düşməndən qoruyub, uğrunda canından belə keçməyə hazır olasan. Bax, budur, Vətənə layiqli övlad olmaq. Bu gün Azərbaycanda bütün bu hissləri özündə qoruyub saxlayan, ehtiva edən gənc nəsil var. Onlar vətənpərvərlik ruhunda formalaşıblar. Hansı ki, o gənclər Vətən müharibəsi başlayanda silaha sarılıb doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası naminə ağır döyüşlərə atılıblar. Canlarından keçib şəhid oldular, yaralandılar, sağlamlıqlarını itirdilər. Düşməni illərlə işğalda saxladıqları torpaqlarımızdan qovub çıxartdılar.
Məğrur Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini şərəflə yerinə yetirdi. Bu il qazanılan qələbəmizin beşinci ildönümü olacaq. Xalqımız haqq etdiyi böyük Zəfərinin növbəti ildönümünü təntənə ilə qeyd edəcək. Azərbaycan Ordusu qalib xalqın qalib ordusudur. Tarixi Zəfərin sevincini həmişə yaşayacağıq".
Hüseyn doğulub böyüdüyü, üzərində ilk addımlarını atdığı ana torpağını çox sevir, onu düşməndən qorumağı özünün əsas vəzifəsi bilir. Azərbaycan Ordusu da belə vətənsevər gənclikdən formalaşıb möhkəmlənir və gündən-günə daha da qüdrətlənir.
Vətənə xidmət etmək hər kəsin müqəddəs borcudur. Bu şərəfli borcu peşəkarlıqla yerinə yetirmək üçün Azərbaycan Ordusunun hərbi qulluqçuları üzərinə düşən bütün vəzifələrə məsuliyyətlə yanaşırlar. Hüseyn yenidən ordu sıralarına böyük həvəslə qayıdıb. Komandirlərinin və şəxsi heyətin rəğbətini qazanıb. Hər bir tapşırığın öhdəsindən bacarıqla gəlir.
Gizir Hüseyn Nəzərli ilə söhbətimiz mənə bir daha onu deməyə əsas verdi ki, xalqımıza Zəfər salnaməsi bəxş edən qəhrəman hərbçilərimizin davamçıları bu gün də var, sabah da olacaqlar.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"