AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hamımızın yaddaşında "Kitabi-Dədə Qorqud"dan düşən bir söz işığı var: Görər gözlərimin aydını oğul! Dövlətimizi, dövlətçiliyimizi sevirik, Vətəni tanıyırıq - Vətəni sevirik. "Görər gözlərimin aydını, Vətən!" deyirik. Aydını, yəni, işığı. Uşaqlar bu dərklə yeniyetmələşir, yeniyetmələr bu dərklə çağırışçı yaşına çatır, çağırışçılar hərbi xidmətə bu dərklə gedirlər.
İkinci Qarabağ müharibəsinə kimi bu dərk torpaqlarımızın işğaldan azad olunması niyyətiydi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi arzusuydu…
2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun bölmələri yeni ərazilər işğal etmək niyyəti ilə torpaqlarımıza hücum etmişdi, hücumun qarşısı alınmışdı, ordumuz Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçmişdi. İkinci Qarabağ müharibəsi başladı…
Azərbaycan Ordusunun bütün qoşun növləri qətiyyətlə döyüşürdü…
Düşmən gözlənilməz yerdəyişmələr edəndə, mövqelərimizin ətrafında cəmləşəndə, taktiki yerdəyişmələrlə üstün mövqelərə çıxmaq istəyəndə yüksək döyüş hazırlığına malik olan snayperlərimiz seçdiyi mövqeyi səngər bilirdi, izlədiyi mövqeyi nişangahda tarazlayırdı, barmağı tətiyin sirdaşına dönürdü. Düşmənin sırası bir-bir azalırdı…
Snayperlər İkinci Qarabağ müharibəsinin döyüşlərində sinəsinə sıxdığı silahı Vətən bilirdi, həmişə döyüş növbətçiliyində olurdu, müşahidələrini Vətənin müşahidələri bilirdilər. İşğaldan azad edilmiş Xocalıda söhbətləşəndə bir snayper demişdi: "İlk döyüşün ilk atışını unutmayacam. Tətiyi çəkdim, gözlərimi hədəfdən ayırmadım. Düşmənin məhv edildiyini görəndə yerdən bir ovuc torpaq götürüb öpdüm…"
Vətən əsgərin ruhudu. Əsgər bu ruh üçün xidmət edir, döyüş əmri veriləndə bu ruh üçün döyüşür, bu ruh üçün şəhidliyə qənşər gedir. Azərbaycan əsgəri deyir ki,
Səsimiz də döyüşdü,
Sözümüz də döyüşdü,
Ordumuz da döyüşdü,
Közümüz də döyüşdü.
Döyüşçü yarasına
Düşümlü məlhəm oldu
44 gün torpağımız.
Qalib döyüşçü oldu
Üçrəngli bayrağımız!..
Azərbaycan əsgəri deyir ki, torpağımızı qoruyuruq, Vətənimizi qoruyuruq, Vətən bizim ruhumuzdu - ruhumuzu qoruyuruq!..
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"