Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Fevral 2025 13:49

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 31 Mart Azərbaycanlıların soyqırımı günüdür.

Suallar:

1. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin  məzmunu, tarixi xronikası və ağır nəticələri.

2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış
genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri

 

XIX əsrin əvvəllərində Rusiya imperiyasının cənub dənizləri istiqamətində ərazilərin genişlənmə siyasəti nəticəsində Qacarlar dövləti ilə Çar Rusiyası arasında baş vermiş müharibələr nəticəsində 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanması Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarının bölünməsinin əsasını qoymuşdur. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilir. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, Qacarlar dövlətindən 40 min, Osmanlı imperiyası ilə Rusiya imperiyası arasında baş vermiş müharibə nəticəsində bağlanılmış Ədirnə müqaviləsinə əsasən isə Osmanlı imperiyasından 86 min nəfər erməni Cənubi Qafqaza köçürülərək əsasən Azərbaycan türklərinin yaşadığı İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində yerləşdirilir. Rusların bu ərazilərin ilhaqında xüsusi rol oynamış ermənilərin köməyi əvəzinə gəlmə ermənilər bu xanlıqların ərazilərində azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, ermənilər üçün Naxçıvan və İrəvan xanlıqlarının ərazisində rus çarının fərmanı ilə "erməni vilayəti" adı ilə inzibati ərazi bölgüsü yaradılmışdır. Cənubi Qafqaza köçürülmüş və getdikcə öz yerlərini möhkəmləndirən ermənilər "böyük Ermənistan" yaradılması ideyasının və onun təbliği siyasətinin əsasını qoyurlar.
Ermənilərin öz xəyallarında uydurduqları bu dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəldilmiş genişmiqyaslı proqramlar hazırlanır və reallaşdırılır. Bu məsələlər xüsusilə XIX əsrin axırlarında yaradılmış "Armenakan", "Hnçaq", "Daşnaksütyun" və digər bu kimi şovinist erməni millətçi partiyaların proqramlarında geniş yer alır.  
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdi. 1919-cu və 1920-ci illərdə martın 31-i AXC tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi. Lakin AXC dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet ordusunun ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi.
Sovet hakimiyyətinin onlara qarşı isti münasibətindən və Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur qəzasını və Azərbaycanın bir sıra mübahisəsiz torpaqlarını öz ərazilərinə qatmağa nail oldular. Cidd-cəhdlə çalışsalar da, Qarabağı ələ keçirə bilməyən ermənilər 1923-cü ilin iyulunda ona muxtar vilayət statusu verdirməyə nail ola bildilər. Məqsəd isə gələcəkdə onu Ermənistan SSR-ə birləşdirmək idi.
Xaricdən gələn ermənilərin yerləşdirilməsi, həm də Kür-Araz ovalığının pambıq əkən rayonlarda işçi qüvvəsinin çatışmazlığı bəhanəsi ilə azərbaycanlıların əzəli torpaqlarından deportasiyasının növbəti mərhələsi həyata keçirilir. Belə ki, SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda görünməyən soyqırımına - deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdi.
XX əsrin 50-ci illərindən başlayaraq onsuz da saxtalaşdırılmış erməni tarixini daha da saxtalaşdıraraq gənc ermənilərin millətçilik və şovinizm ruhunda böyüməsinə zəmin yaratmaq Ermənistan SSR-də dövlət siyasəti səviyyəsinə qaldırılır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar uyduran ermənilər siyasi və hərbi təcavüzlər üçün ideoloji zəmin hazırlayırdılar.
1988-ci ildən  ermənilər tərəfindən süni şəkildə ortaya atılan Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına Azərbaycanda düzgün siyasi qiymət verilmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvarında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. Qarabağdakı azərbaycanlı kəndlərindən də azərbaycanlılar kütləvi surətdə təqib edilərək zorla qovuldu. 1992-ci ilin fevralın ortalarında ermənilər Xocavənd rayonunun Qaradağlı kəndinin 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. 1992-ci il fevralın 25-də isə erməni hərbi birləşmələri ilə sovet ordusundan qalma və şəxsi heyəti əsasən ermənilərdən ibarət olan 366-cı alay Xocalıya hücum edərək şəhərin əhalisinə vəhşicəsinə divan tutdular, daha bir dəhşətli soyqırımını törətdilər. 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, dəriləri soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci ilin mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı
haqqında” 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti



Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdu. Ulu Öndər Heydər Əliyev bu fərmanla 1918-ci ilin mart hadisələrini geniş şərh etdi, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya bəyan edərək qanlı əməllərə düzgün siyasi qiymət verdi və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırdı. Erməni məkrini tarixi faktların dili ilə ifşa edən bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir. Fərmanda deyilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir".
Azərbaycan tarixində ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev erməni məkrini tarixi faktların dili ilə ifşa etdi. Ulu Öndərin imzaladığı fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır. Eyni zamanda, bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün Ulu Öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. Məlum olduğu kimi, xalqımız sovet dövründə uzun illər bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Hətta dəhşətli soyqırımın qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstündə park salınmışdır. Bu mənada, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Fərman türk dünyasında bu məsələ ilə bağlı rəsmən bəyan edilən ilk hüquqi-siyasi sənəd olmaqla yanaşı, həm də tədqiqatçı alimləri yeni fəaliyyət yönümündə istiqamətləndirən dövlət sənədi oldu.
Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməmiş, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndirmişlər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə çalışırlar.
Son illərdə bunun qarşısını almaq üçün erməni saxtakarlığının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin fəaliyyəti daha da güclənmiş, ermənilərə qarşı ideoloji əkshücum effektiv xarakter almışdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmışdır. Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Dövlət başçısı bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqa müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınması, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir.
Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur. İnanırıq ki, vaxt gələcək dünya birliyi ermənilərin Azərbaycan xalqına qarşı tarixən törətdiyi cinayətlərə, soyqırımına obyektiv qiymət verəcək.

İdeoloji İş və Mənəvi-

Psixoloji Təminat İdarəsi