Respublikamızın bölgələrində hərbi qulluqçuların rahatlığının təmin edilməsi və xidmətin yüksək səviyyədə təşkili üçün hər növ məişət şəraiti yaradılıb. Bütün hərbi hissələr müasir tələblərə uyğun qurulub. Hərbi qulluqçularımız milli mətbəximizə aid müxtəlif növ dadlı yeməklərin hazırlandığı yeməkxanalarda qidalanır, geniş və rahat yataqxanalarda istirahət edirlər. Yaradılan əlverişli şərait isə əsgərlərin uğurlu xidmət aparması və mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması baxımından mühüm rol oynayır.
"N" hərbi hissəsində əsgərlərimizin məişət şəraiti ilə tanış olduq. Hərbi hissənin zabiti kapitan Bəhruz Məmmədov bizi tam avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən, müasir avadanlıqlarla təchiz edilmiş camaşırxanaya baxmağa dəvət etdi. Zabit bildirdi ki, hərbi qulluqçuların geyim və yataq dəstlərinin təmizliyində camaşırxana mühüm rol oynayır. Öyrəndik ki, camaşırxana bir neçə bölmədən ibarətdir.
Camaşırxana rəisi Araz Babazədə burada görülən işlər barədə ətraflı məlumat verdi: "Camaşırxanada çirkli camaşırların qəbulu, yuyulması, ütülənməsi və çeşidlənərək saxlanc otaqlarında yığılması ardıcıl şəkildə həyata keçirilir. Burada çalışan operatorlar müasir avtomatlaşdırılmış avadanlıqları istifadə edərək bölmələrdən daxil olan çirkli camaşırların təmizlənməsini təşkil edirlər", - deyə A.Babazadə bildirdi.
Fürsətdən istifadə edib operatorlarla söhbətləşdik. Yuyucu-sıxıcı maşın operatoru Camal Batıyev iş prosesi haqqında məlumat verdi: "Camaşırxanamız gün ərzində yüzlərlə camaşır və geyimlərin yuyulub, qurudulub, ütülənməsini təmin edə bilir. Buraya daxil olan çirkli camaşırlar əvvəlcə çeşidlənir sonra müvafiq olaraq yuyulması üçün mənə təhvil verilir. Mən də öz növbəmdə yuyulan və qurudulan camaşırları ütülənməsi üçün digər operatorlara təhvil verirəm. Burada yeni avadanlıqların köməkliyilə iş prosesində əl əməyi demək olar ki, minimuma endirilib", - deyə C.Batıyev qeyd etdi.
İşini sevərək icra edən digər operator Xatirə xanım bir neçə ildir hərbi hissənin camaşırxanasında çalışdığını öyrəndik. Ütüləyici operator olan Xatirə Əliyeva ona təhkim olunmuş avadanlıq vasitəsilə qəbul olunan camaşırların qısa müddət ərzində ütülənməsini həyata keçirdiyini bildirdi. "Gördüyünüz bu avadanlıq böyük ölçülü olan camaşırları avtomatik olaraq ütüləyir. Artıq kiçik ölçülü ütülərdən istifadə etmədən camaşırların bu qurğuya yerləşdirilərək avtomatik ütülənməsini icra edə bilirik. Burada çalışmaq mənə ruhən rahatlıq verir. Şəhidlərimizin canlarından keçərək azad etdiyi torpaqlarımızın bugün müdafiəsində duran hərbçilərimizə xidmət etmək mənim üçün qürurvericidir", - X.Əliyeva dedi.
Digər operatorlar Samirə Qasımova, Səyyad Hacıyev, Rauf Məmmədov, İlham Ayralovun da işlərinə sevgi ilə yanaşdıqlarının şahidi olduq. Hər biri burada çalışdığı üçün məmnun olduğunu qeyd etdi.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"