Tibb məntəqəsindəyik. Qəbul otağında gənc, qarayanız, ortaboy ağxalatlı hərbi qulluqçu qeydiyyat jurnalında qeydlər aparır. Hərbi mundirə və tibb məntəqəsinin daxili qaydalarına ciddi riayət etdiyi onun davranışında hiss olunurdu. Tibb xidməti baş leytenantı Nurəli Qasımlı tibb xidmət gizirini təqdim edəndə onun haqqında ağızdolu xoş sözlər dedi. İlk dəfə gördüyüm və xoş təəssürat bağışlayan tibb xidməti giziri haqqında komandirin də onun xidmətindən razı qalması lap yerinə düşdü. Çox keçmədi feldşer gizirlə həmsöhbət olduq.
Tibb xidməti giziri Məcid Əhmədov Tovuz rayonunun Koxa Nəbi kəndindəndir. Ermənilərin başlatdığı Qarabağ müharibəsinin ilk illərindən Koxa Nəbi kəndinə daşnakların çoxlu hücumları olub. Çünki kənd Ermənistanla sərhəddə yerləşir. Düşmən təkcə Qarabağda deyil, sərhəd boyu kənd və şəhərləri də atəşə məruz qoyurdu. Lakin tovuzlular düşmənə qarşı mərdliklə mübarizə aparıblar. Döyüşlərin şiddətlə getdiyi vaxt Məcid balaca uşaq olub. Həmin illəri yaxşı xatırlamasa da, atəşkəs dövründə doğma kənddə yaşayıb. Ermənilərin tez-tez kəndi atəşə məruz qoyduğu anları heç vaxt unutmaycağını deyir. Avtomat, pulemyot, snayper güllələri altında böyüyən Məciddə düşmənə qarşı nifrət hissi baş qaldırıb. Onun hərbçi olmağına səbəb də məhz bu olub.
Məcid həm də 1992-ci ilin oktyabrında Sırxavəndin azad edilməsi uğrunda gərgin döyüşlərdə ağır yaralanmış, cəsur döyüşçü baş leytenant Nizami Əhmədovun qardaşı oğludur. Vətənpərvər döyüşçü ailəsində doğulub və böyüyüb. Məcid Aprel döyüşlərinin, İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. O, döyüş meydanında yaralanan əsgərlərə ilk tibbi yardım göstərib, sonra onları hərbi hospitala təxliyə edib. Yaralılara göstərilən ilk tibbi yardım onların tezliklə sağalmasına səbəb olub.
Məcid 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi-Tibb Fakültəsinin nəzdində tibb kollecini bitirib. “Tibb xidməti giziri” rütbəsi almaqla feldşer ixtisasına yiyələnib. O zaman təyinatla cəbhə bölgəsinə hərbi xidmətini davam etdirmək üçün göndərilib. Ön xətdə yerləşən taborun məntəqə rəisinin köməkçisi olub. Həmişə işində məsuliyyətli olmağa çalışıb. Tez-tez ön xətdə yerləşən postlara baş çəkib, döyüş növbəsində olan əsgərlərin sağlamlığını daim nəzarətdə saxlayıb. Ehtiyac yarandıqda qazmalarda dezinfeksiya işləri aparıb. Keçirilən bu cür tədbirlər şəxsi heyət arasında müxtəlif yoluxucu xəstəliklərin qarşısının alınması üçün zəruri olub.
Tibb xidməti giziri Məcid Əhmədov İkinci Qarabağ müharibəsi zamanı yaralı döyüşçülərə ilk tibbi yardım göstərməklə təhlükəni aradan qaldırıb. O, yaralı döyüşçüləri mümkün qədər döyüş meydanından operativ çıxarmağa çalışıb. Onun bu cür fədakarlığı komandirlərinin də diqqətindən yayınmayıb. Döyüşçülərin rəğbətini qazanıb.
Məcid 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatına cəlb olunub. Cəmi bir gün davam edən döyüş əməliyyatında da qarşıya qoyulan tapşırıqları ləyaqətlə yerinə yetirib. Artıq müharibə arxada qalıb. İndi Məcid birləşmənin tibb məntəqəsində səhhəti ilə bağlı müraciət edən əsgərlərin qeydiyyatını aparır. Müraciət edən hərbi qulluqçuları həkimə təqdim etməklə onların tezliklə sıraya qayıtmaqlarını təmin edir.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"