Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2025 18:10

“Yaradılan şərait bizi Vətənə layiqli xidmət etməyə daha da ruhlandırır”

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə maddi-texniki bazası daha da gücləndirilən ordumuz dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Müasir şəraitin yaradılması Azərbaycan dövlətinin öz hərbi qulluqçularına diqqətini aydın şəkildə göstərir. Bütün hərbi hissələrimiz müasir avadanlıqlarla təchiz olunub. Hərbi qulluqçuların sosial-məişət şəraitinin gündən-günə yaxşılaşdırılması onların hərbi xidməti yüksək səviyyədə təşkil etməsinə və aparmasına müsbət təsir göstərir.
"N" hərbi hissəsində əsgərlər üçün yaradılmış məişət şəraiti ilə tanış olduq. Əsgər yataqxanasına daxil olduğumuzda burada olan təmizlik, səliqə ilə düzəldilmiş yataqlar göz oxşayırdı. İkimərtəbəli müasir çarpayılar, təmiz mələfələr, isti, yun adyallar, hər çarpayıda ayrıca qoyulmuş əl-üz dəsmalları əsgərlərimiz üçün yaradılan yüksək şərait diqqət və qayğıdan xəbər verirdi. Əsgərlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahin Hüseynovun nəzarəti ilə yataqxananın səliqə-sahmanı ilə məşğul olurdular.
"Yataqxananın təmizliyinə gündəlik olaraq diqqət yetirilir", - Ş.Hüseynov dedi. "Gördüyünüz kimi, yataqxanamızda hər cür şərait var. İdeoloji otaq, bərbər otağı, ütü otağı və digər otaqlar hərbi qulluqçuların istifadəsindədir. Burada yaradılan şəraiti qoruyub saxlamağa hər birimiz borcluyuq. Yumşaq matraslı çarpayılar, təmiz yataq dəstləri, hamam ləvazimatları yerləşən dolablar, dəsmallar, geniş ekranlı televizor və digər əşyaların hər biri əsgərlərin rahatlığı üçün düşünülüb. Valideynlər əmin ola bilərlər ki, övladları müasir avadanlıqlarla təchiz olunmuş bölmədə xidmət edir, heç nədən korluq çəkmir, daim diqqət və qayğı ilə əhatə olunurlar".
"Xidmətimiz üçün bütün növ təminatla təmin olunmuşuq. Yataqxanamızda rahatlığımız üçün bizə lazımi şərait yaradılıb. Tək yataqxanamız deyil, hərbi hissəmizdə olan bütün inzibati binalar müasir standartlara cavab verir. Burada günün nizam qaydalarına uyğun olaraq idmanla məşğul olur, asudə vaxtlarımızı səmərəli keçiririk. Təyin olunan vaxtlarda yataqxanamızda olan televizorda ölkədə və xaricdə baş verən hadisələri, Ali Baş Komandanımızın çıxışlarını diqqətlə izləyirik.
Gündən-günə güclənən ordumuzda xidmət etmək qürurverici hissdir. Yaradılan şərait, göstərilən diqqət bizi Vətənə layiqli xidmət etməyə daha da ruhlandırır", - deyə əsgər Samir Sadayev bildirdi.
Əsgər yoldaşının fikrinə dəstək olaraq Fərid Mehralıyev də yaradılan şəraitdən məmnunluğunu ifadə etdi: "Güclü və müasir Azərbaycan Ordusunda xidmət etmək sevindirici haldır. Uğurlu xidmət üçün bizə çox gözəl şərait yaradılıb. Yataq yerlərimiz təmiz və səliqəlidir. Hərbi hissənin ərazisində inşa edilən camaşırxanada mütəmadi olaraq yataq dəstlərimizin yuyulması, qurudulması və ütülənməsi prosesi həyata keçirilir. Orada çirkli camaşırlar yuyulduqdan sonra çeşidlənir, hər həftənin sonunda bölmələrə göndərilir. Komandirlərimiz də hər zaman bizə diqqət və qayğı ilə yanaşırlar. Düşünürəm ki, bizim bircə vəzifəmiz var - Vətənin müdafiəsində daim ayıq-sayıq dayanmaq. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün digər əsgər yoldaşlarım kimi daima öz üzərimdə çalışır, əlimdən gələni əsirgəmirəm. Doğma Vətənimizin müdafiəsinə hər zaman hazırıq".
Növbəti otaqda isə əsgərlər saç düzümünü səliqəyə salırdılar. Otaqda bərbərə aid hər bir ləvazimat yerləşdirilib. "Hərbi xidmətdə öyrəndiyimiz müsbət keyfiyyətlərdən biri də intizamlı, səliqəli olmaqdır. Yaradılan şərait imkan verir ki, üst-başımızı daim səliqəli saxlayaq. Həftədə bir dəfə saç düzümümüzü qaydaya salır, hər günün sonunda paltarlarımızı ütüləyir və bununla da sıra baxışına hazırlaşırıq. Keçirilən məşğələlərdə fəal iştirak edir, təcrübəli zabitlərimizdən hərbi bilikləri öyrənirik. Qısa müddətdə hərbin sirlərinə yiyələnmişik. Bizə təhkim olunan silahlardan sərbəst atəş açmağı, bir çox hərbi taktika və qaydaları öyrənmişik. Dövlətimizin, ordumuzun adına layiqli əsgər olmaq üçün var qüvvəmizlə çalışırıq. Bütün əsgər yoldaşlarım kimi, mən də yaradılan şəraitdən və qayğıdan razıyam", - əsgər Nail Təvəkkülzadə dedi.
Hərbi hissələrə hər səfərimizdə dövlət başçısının, ordu rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbçilərin məişət şəraitinin, şəxsi heyətin sosial təminatının yüksək səviyyəyə çatdırıldığının şahidi oluruq. Yaradılan belə yüksək şərait Vətənin müdafiəsində dayanan əsgərlərə sağlam mənəvi-psixoloji ruh aşılayaraq onların qələbə əzmini daha da artırır.

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"