Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2025 18:10

“Qürurluyam ki, Azərbaycan Ordusunda xidmət edirəm”

Vətənin müdafiəsi, ərazi bütövlüyünün qorunması hər bir vətəndaşın borcudur. Mənəvi cəhətləri ilə seçilən igid oğullarımız Vətən, torpaq uğrunda hər zaman canlarından keçməyə hazır olublar. Hər bir hərbçi bu şərəfli yolda Vətənin keşiyində əzmlə dayanır. Bu müqəddəs missiyanı yerinə yetirən əsgərlərimizlə görüşmək üçün yola çıxdıq.
Səfərdən əvvəl bütün düşüncələrimiz məhz həmin anın gətirəcəyi təəssüratlarla bağlı idi. Qürur və həyəcan hissi ilə hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq. Burada bizi qarşılayan əsgərlərin intizamı və gözlərindəki mətinlik dərhal diqqətimizi çəkdi. Hər birinin simasında vətənpərvər, öz vəzifəsinin şərəfini daşıyan qürurlu əsgər cizgilərini gördük.
"N" hərbi hissəsində xidmət edən əsgər Ramil Kamilzadə ilə tanış olduq. Onun hər bir sözündə böyük bir cəsarət və vətənpərvərlik vardı. Ramil hərbi xidmətdə olmaqdan qürurlandığını dedi: "Hərbi xidmətə Bakı şəhərindən çağırılmışam. Burada isti yeməklərlə, səliqəli yataqlarla təmin olunmuşuq. Özümü burada doğma hiss edirəm. Əsgər yoldaşlarımızla birlikdə asudə vaxtımızı səmərəli keçiririk. Kitablar, qəzetlər oxuyur, müzakirələr edib, daha dərindən maariflənməyə çalışırıq.
Vətəni qorumaq, vəzifə borcumu layiqincə yerinə yetirmək düşüncəsi həyatımda rəhbər tutduğum ən önəmli prinsipdir. Bu, yalnız hərbi xidmətin deyil, mülki həyatın özünün də ən böyük şərəfidir. Qürurluyam ki, Azərbaycan Ordusunda xidmət edirəm".
Öyrəndim ki, əsgər Ramil Kamilzadə döyüş hazırlığı və fərdi bacarıqları, çoxsaylı təlimlər və kurslarda əldə etdiyi mükəmməl nəticələr sayəsində komandir heyətinin etimadını qazanıb.
Söhbətimiz zamanı bir daha əmin olduq ki, Vətənimiz qəhrəman hərbçilərimizin sayəsində etibarlı qorunur.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"