Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2025 18:10

“Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır”

Haqlı olmaq dürüstlüyün əlamətidir. Dürüst insan, dürüst siyasətli dövlət hər zaman həqiqət tərəfdarı olub və belə tanınıb. Azərbaycan belə dövlətdir, dünya dövlətləri onu belə tanıyır. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev dövlətin parçalanmasının qarşısını haqlı siyasi kursu ilə aldı, haqlı siyasi kursu ilə vətəndaş müharibəsinə imkan vermədi, dövlətin iqtisadi qüdrətini haqlı siyasəti ilə yüksəltdi, ... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanı haqlı siyasi kursu ilə güclü dövlətlər sırasına çıxartdı, Azərbaycan Ordusunu dünyanın ən güclü ordularından biri səviyyəsinə çatdırdı...
Ermənistan elan etmədən başladığı işğalçılıq müharibəsində Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. İşğal da, beynəlxalq təşkilatın sənədinə biganəlik də haqsızlıq idi. Azərbaycan ona qarşı edilmiş bu haqsızlığı haqlı mövqeyi, haqlı siyasi kursu, dünyəvi mövqeyi ilə sındıracaqdı. Torpaqları işğal altında olan Azərbaycanın sülh danışıqları təklifi də işğalçı dövlətin xarici siyasətində dəyişiklik, tərpəniş yaratmırdı, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə hücumlar edirdi. Bu hücumların qarşısı alınırdı. İşğalçı dövlət niyyətindən əl çəkmirdi. Ermənistan 2020-ci il sentyabrın 27-də bütün istiqamətlərdən hücuma keçdi. Ordu hissələrimiz bu hücumun da qarşısını aldı. Ali Baş Komandanın əmri ilə əks-hücuma başladı.
Əsgərlər diqqətlə dinləyirdi. Bildiklərini bir də dinləmək marağını ordumuza, ordumuzun döyüşlərinə, döyüşənlərə, şəhidlərimizə, döyüşdə yaralananlara ehtiram bildik. Leytenant Qiyas Alıyev əsgərlərə xitabən dedi ki, müharibə haqqında bildiklərinizi xatırlayın. Orta məktəbdə oxuyanda yaddaşınızda qalanları, müəllimlərinizdən, atanızdan eşitdiklərinizi, televiziyada baxdığınız süjetlərdən yadınızda qalanları xatırlayın...
- Döyüşlərin başladığı ilk günlərdə ordu hissələrimiz düşmənin mühəndis-istehkam sədlərini dağıtdı, ilkin qələbələr qazandı. Həmin gün Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində bəzi strateji yüksəkliklər işğaldan azad edildi.
Əsgər Murad Əliyevin qürurla xatırlatdıqları digər əsgərlərin də yaddaşını tərpədir. Bu, heysiyyətdir, Vətənə sevginin, ordunun gücünə, qüdrətinə inamın təzahürüdür. Əsgər yoldaşının fikrini Elvin Yaradanquliyev davam etdirir:
- Bu qələbə sonrakı döyüşlərin başlanğıcı oldu. Oktyabrın 3-də Tərtərin Suqovuşan, Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzulinin Aşağı Əbdürrəhmanlı kəndləri də işğaldan azad edildi.
O qədər gözəl, o qədər qürurlu anlardır ki! Hər xatırlamanı müharibə tariximiz kimi dinləyirik. Bildiklərimizi məhz burada, asudə vaxtda əsgərlərin əhatəsində bir də eşitməyimiz bizə könül xoşluğu verir.
İkinci Qarabağ müharibəsindən az sonra işğaldan azad edilmiş ərazilərdə ezamiyyətdəydim. Döyüş növbətçiliyindən qayıtmış əsgərlərlə söhbətləşirdik. Əsgərin dedikləri bizi qürurlandırmışdı: “Hər dəfə döyüş növbətçiliyinə gedəndə elə bilirəm ki, 2020-ci il sentyabrın 27-di. Əks-hücuma keçmiş döyüşçülərimizin sırasındayam. Mən də döyüşürəm. Döyüş növbətçiliyindən qayıdanda özümü döyüşdə qalib gəlmiş əsgər hesab edirəm. Bir dəfə söz düşəndə məlum oldu ki, əsgər yoldaşlarımın hamısı belə düşünür. Onda əmin olduq ki, ordumuzun qazandığı tarixi Zəfər tarixdə də yaşadılır, sonrakı illərin əsgərlərinin ruhunda da yaşadılacaq”. Bunu xatırlatdım. Əsgərlər özünü görmədikləri həmin əsgərin sözünü doğma bilirlər. Leytenant Qiyas Alıyev Səməd Vurğunun bir beytini yada salır:


Gözüm gözünüzdən

uzaq olsa da,

Könüldən-könülə

yollar görünür...



Deyir ki, bu duyğularla, bu amalla yaşayanların hamısı bir-birinin doğmasıdı.
Ordumuz qələbələr qazana-qazana Böyük Qələbəyə yaxınlaşırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindən bir məqamı xatırladır: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Xatırlama beş il əvvəllə bu gün arasında gözəl mənəvi bağlılıq yaradır. Söhbətimiz 2020-ci il noyabrın 8-nin, noyabrın 10-nun, 2023-cü il sentyabrın 20-nin ovqatı ilə davam edir. Bu gün Vətənə xidmət edən əsgərlər Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnmiş döyüşləri də qəhrəmanlıq döyüşləri adlandırırlar. Söhbətimizin mahiyyətini xatırlayan zabit qeyd edir ki, Azərbaycan bu döyüşləri aparmaqda da haqlı idi. Məğlub Ermənistanın dağılmış ordusunun qalıqları qeyri-qanuni silahlı dəstələrlə birləşib işğaldan azad edilmiş ərazilərimizdə təxribatlar törədirdi, əsgərlərimizin mövqelərinə həmlələr edirdi, sülhməramlıların nəzarətindən yayınıb ərazilərə minalar basdırırdı. Azərbaycan dövləti işğalçıların tör-töküntülərini təmizləmək üçün antiterror əməliyyatı həyata keçirdi.
Əsgər Ramin Ələkbərov Xankəndidə keçirilən hərbi paradı xatırladır. Komandirinin mətləbinin davamı olaraq bildirir ki, dövlətimiz işğalı sonlandıran qalib dövlət kimi dünyanın əksər dövlətlərinin ehtiramını qazandı. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad ədalətin nümayişi kimi tarixləşdi.
Azərbaycan güclü dövlət olaraq sülh danışıqlarından yayınan, regionda mövcud status-kvonu saxlamağa çalışan, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə hücumlar edən Ermənistana qarşı ədalətli müharibəyə başladı. 44 gün davam edən bu müharibədə tarixi Zəfər qazandıq. "Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya üçün", - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə dediyi bu fikirləri xatırladıram. Əsgərlər bu fikrin fəlsəfəsini yaxşı dərk ediblərmiş. O paradı izləyəndə eşitdikləri yaddaşlarındaymış. Dövlətə, dövlətçiliyə, Vətənə sevgiylə formalaşan çağırışçıların bu sevgini sədaqətlə yaşadan əsgər olmaları zabitlərə də, bizə də xoş gəlir...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin müxtəlif mahiyyətli suallarını əhatəli cavablandırdı. İkinci Qarabağ müharibəsini də xatırlatdı, qazanılan tarixi Zəfəri də, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə nəticələnən 2023-cü ilin antiterror əməliyyatını da. Bu xatırlatma Azərbaycan Ordusunun qüdrətinə ehtiram kimi dinlənildi. Dövlət başçımız onu da bildirdi ki, "Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır"...
Azərbaycan dürüst dövlətçiliyi ilə haqlıdır, dürüst xarici siyasəti ilə haqlıdır...

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"