Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2025 17:10

Yaxşı əsgərdir, yaxşı vətəndaş olacaq...

Füzulidə anadan olan atası söhbət düşəndə, uşaqlıq yaddaşında qalanları xatırlayanda kövrəlirdi, "Bir dünyam qaldı Füzulidə..." - deyərdi, ata ocağından iraq düşməyin ağrılarından, göynərtilərindən danışardı, "Füzulidən danışardı, Vətənin nə olduğunu Füzulidə dərk eləmişdik. Füzulidən uzaq düşmək Vətəndən uzaq düşmək olmasa da, qəlbimiz gizildəyirdi, gecələr yuxularımızdaydı Füzuli, gündüzlər xəyallarımızda...". Hərdən kövrəkliklə bir bayatı da deyərdi:



...yurda sarı,

Sözümü yurda sarı.

Ürəyim dərdli-dərdli,

Boylanır yurda sarı...



Bayatı Nurlanın da qəlbini incəldərdi. Uşaq çaşqınlığıyla, başaçılmaz duyğularla atasına baxardı. Atasının əli çiyninə enəndə baxışları qoşalaşardı. "Torpaqlarımız işğaldan azad ediləcək. Qayıdacağıq, oğul, biz dədə-baba yurdumuza qayıdacağıq" - atasının səsində çırpınan qəhəri duymasa da, niyyətini dərk eləmişdi.
İkinci Qarabağ müharibəsi başlayanda məktəbliydim. Hamı ruhən döyüşənlərin sırasındaydı. Ordumuzun qələbələri məktəblilərin də sevincini kükrədirdi. Şuşa işğaldan azad ediləndə Nurlan sinif yoldaşlarına "Atamla Füzuliyə gedəcəyimiz günə az qalıb" demişdi...
Tarixi Zəfər qazanıldı...
Nurlan Əlizadə də bu sevinclə, bu sevincin qüruru ilə yeniyetmələşmişdi, çağırışçı yaşına çatmışdı - hərbi xidmətə çağırıldı. O da hərbi xidmətə getdi...
Hərbi xidmətin nə olduğunu eşitmişdi, indi özü eşitdiklərinin icraçısıdı. Sıra və atəş hazırlıqlarını öyrənirdi, salamlaşmağı da komandirlərinə necə məruzə etməyi də. Hərbi bilikləri də həvəslə, məsuliyyətlə mənimsəyirdi. Hərbi And içəndən sonra o vaxtlar atasının dediyi kəlmələri də xatırlamışdı, ürəyi bu gerçəkləşmənin qüruru ilə döyünmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanması onu da vətəndaş kimi çox sevindirmişdi. Sevinmişdi ki, tarixi Zəfər qazananların sırasındadır - quruculuq işlərində tarixi Zəfər qazananlar da var...
Əsgər Nurlan Əlizadə Hərbi Nizamnamələri də öyrənirdi, zabitlərin tapşırıqlarını da məsuliyyətlə yerinə yetirirdi. O da bilirdi ki, tapşırılanları vaxtında və düzgün yerinə yetirən əsgərə yaxşı əsgər deyirlər, Nurlan yaxşı əsgər kimi xidmət edirdi. İndi də belə xidmət edir.
Hərbi xidmətdən sonra da Vətənə layiqincə xidmət etmək niyyətindədir - yaxşı əsgər olduğu kimi, yaxşı da vətəndaş olacaq Nurlan Əlizadə...


Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"