Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2025 17:10

Əbədi oxunan dastanlardan biri

İllərlə xilaskar ər oğullarının həsrətlə yolunu gözləyən əsir, viranə yurd yerlərimizin azadlığına qovuşmasından 5 ilə yaxın vaxt ötməkdədir. Bu il xalqımız Böyük Zəfərin beşinci ildönümünü təntənə ilə qeyd edəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun Böyük Qələbəsi ilə başa çatdı. Əlbəttə ki, qəhrəman Vətən övladları bu dönməz, şərəfli mübarizədə canı, qanı bahasına ərazi bütövlüyümüz uğrunda odlardan, alovlardan keçərək, igidlikləri ilə şanlı hərb tariximizə yeni-yeni səhifələr yazdılar. Onlar yüksək dözüm, hərbi güc, birlik, əzm, eləcə də böyük fədakarlıq nümunələri göstərərək, ordumuzun yenilməz qüdrətini nümayiş etdirdilər.
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğullarımızın xatirələri həmişə qəlbimizdə yaşayacaq. Onların hər biri haqqında nə qədər yazılsa belə yenə də azdır. Çünki bu oğullar 1988-ci ildən bəri işğala məruz qalan yurd yerlərimizi azad etməyi bacardılar. Bu qələbə həm də Azərbaycan gəncliyinin bizə böyük hədiyyəsi oldu. Dünənə qədər hələ də yaxınlarının gözündə sadə, təvazökar, məsum olan oğullar sonradan elə tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastan oldu. Əbədi oxunan dastanlar... Onlar erməni sədlərini yerlə-yeksan etməklə yanaşı, xain düşmənlərimizi diz çökdürdülər. 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan üzərində parlaq qələbə qazanaraq, dünyaya şanlı Zəfərin sorağını çatdırdı. Rəşadətli ordumuz işğaldakı tarixi torpaqlarımızı yağılardan təmizlədi. Ordumuzun şəxsi heyəti müharibədə igidliklə döyüşdü. Onlar ağır günlərdən başıuca, alnıaçıq çıxdılar, düşmənin torpaqlarımızdan təmizlənməsində müstəsna xidmətlər göstərdilər, yaralandılar, canlarından keçdilər. Böyük savaşdan dönmədilər, əzmlə, cəsarətlə Zəfər yürüşünü sona qədər davam etdirdilər. Ali Baş Komandan çıxışında deyirdi: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq…".
Bəli, Vətən, torpaq üçün canından, qanından keçən oğullarımızdan biri də Sübhan Cəbrayılov idi. Vətənpərvər döyüşçü İkinci Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanlarından biridir. Onun şərəfli və qəhrəmanlıq dolu ömür yolu dastanlara dönüb əbədi oxunacaqdır. Sübhanın Qarabağ torpaqlarında yazdığı qürur tariximiz Böyük Zəfər salnaməsinin səhifələrində yer alacaqdır.
Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Cəbrayılov Vətən müharibəsi zamanı düşmənin genişmiqyaslı təxribatlarına qarşı ordumuzun keçirdiyi əks-hücum əməliyyatlarında xüsusi döyüş bacarığı nümayiş etdirərək, ermənilərin illərlə qurduğu dəmir sədlərin darmadağın edilməsində qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdi. O, oktyabrın 19-da Laçın rayonu ərazisindəki strateji əhəmiyyətə malik mövqelər uğrunda döyüşə atıldı. Bu Sübhanın sonuncu döyüşü olur. Sübhan Cəbrayılov düşmənin çoxlu sayda canlı qüvvəsi ilə qarşı-qarşıya gələrək, 7 saatdan artıq davam edən bu qeyri-bərabər döyüşdə, ömrünün ən parlaq çağında, 37 yaşında canını Vətən uğrunda fəda edərək, şəhidlik zirvəsinə ucalır... Elin, obanın qəhrəman, igid oğlu oktyabrın 23-də - doğum günündə Sumqayıt şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılır. Sübhan Cəbrayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.
Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun şanlı və şərəfli döyüş yolu Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının azadlığı uğrunda gedən ağır döyüşlərdən keçir. Bu şərəfli, şanlı ömür və döyüş yolu bugünkü gəncliyə, gələcək nəsillərə örnəkdir.
Hələ orta məktəb illərindən yaşıdları arasında seçilən, qeyri-adi bacarıqları ilə fərqlənən Sübhan idman sahəsində peşəkar boksçu kimi tanınırdı. Liderlik bacarığı, təmkinli olması onu hər zaman önə çəkirdi. Hərbin çətin, lakin müqəddəs yollarında Sübhan Cəbrayılov yüksək inamla, əzmlə irəlilədi. Verilən tapşırıqların öhdəsindən bacarıqla, layiqincə gəldi. Zəngin şəxsi keyfiyyətləri ilə komandanlığın, xidmət etdiyi hərbi hissədə hər kəsin hörmətini qazandı. 2016-cı ilin Aprel döyüşlərindən başlayan döyüş uğurları 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıqlarla sona çatdı.
Vətən müharibəsi şəhidi Sübhan Cəbrayılovun adının əbədiləşdirilməsi istiqamətində böyük işlər görülüb. Doğma yurdu Salyan rayonunda və Sumqayıt şəhərində onun adına küçə var. Salyan rayon 76 nömrəli Peşə Liseyi qəhrəmanımızın adını daşıyır. Sübhan Cəbrayılovun əziz xatirəsi onu sevən insanların, dostlarının, doğmalarının, elinin, obasının yaddaşında əbədi yaşayacaq. Qəhrəmanın adını daşıyan hər bir məkan qürur yerimizdir!


Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"