2025-ci ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi.
Əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Gənc əsgərlər təntənəli surətdə Hərbi And içərək ana Vətənimizə sadiq olacaqlarına söz verdilər.
Mərasimdə çıxış edən general-mayor Vasif Kazımov gənc əsgərləri Hərbi Andı qəbul etmələri, qalib Azərbaycan Ordusunun sıralarına daxil olmaları münasibətilə Müdafiə Nazirliyinin və Quru Qoşunları Komandanlığının rəhbərliyi adından təbrik etdi, Vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə etdi: "Siz Hərbi Andı qəbul edərək müqəddəs və şərəfli bir vəzifənin - respublikamızın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün göz bəbəyi kimi qorunması vəzifəsinin icrasına başlamaqla bərabər Azərbaycan Ordusunun tamhüquqlu hərbi qulluqçusu olursunuz.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımız və ordumuz Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etdi. Bu Zəfərin qazanılmasında şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, sağlamlıqlarını itirən silahdaşlarımızın igidliyi, döyüşən hərbi qulluqçularımızın göstərdikləri şəxsi şücaət nümunələri heç vaxt yaddan çıxmayacaqdır. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, qalib bir ölkənin vətəndaşıdır. Hər bir hərbi qulluqçu isə qalib bir ordunun əsgəri olmaqdan böyük qürur hissi duyur".
Sonra baş ədliyyə müşaviri Firad Əliyev çıxış edərək Azərbaycan Respublikası Baş Prokurorluğu və Hərbi Prokurorluğun rəhbərliyi adından gənc əsgərləri təbrik etdi, xidmətlərini hərbi nizamnamələrin tələblərinə uyğun quracaqlarına əmin olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı sayəsində hərbi qulluqçularımızın xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların qayğılarının həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edən F.Əliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin bu gün də uğurla davam etdirildiyini vurğuladı.
Gənc əsgərlər adından çıxış edən Riad Muxtarov Vətənə, dövlətə, Ali Baş Komandana və Hərbi Anda sadiq olacaqlarına, nümunəvi, intizamlı xidmət edəcəklərinə, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə, döyüş qabiliyyətlərini daim artıracaqlarına, komandir-rəis heyətinin əmrlərini dəqiq və vaxtında yerinə yetirəcəklərinə söz verdi.
Daha sonra hərbi qulluqçular təntənəli marşla tribunanın önündən keçdilər.
Andiçmə mərasimindən sonra Hərbi Andı qəbul edən gənc əsgərlərlə həmsöhbət olaraq onların fikirlərini qələmə almaq imkanı qazandım.
Elçin İMANOV "Azərbaycan Ordusu"
Əsgər Riad Muxtarov: "Əsgəri xidmətə gəldikdən sonra Ali Baş Komandanımızın Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğını əyani şəkildə gördük. Təmiz və rahat şəraitdə xidmət edirik. Bütün növ təminatla da təmin olunmuşuq. Komandirlərimizin doğma münasibəti, qidalanmamız, bir sözlə, hər şey yüksək səviyyədədir. Bizə belə şəraitdə xidmət edən əsgər olaraq yalnız bir şey qalır - Vətən qarşısında olan övladlıq borcumuzu layiqincə yerinə yetirmək. Ana Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi yolunda şəhid olmuş qəhrəmanlarımızın qanı ilə yazılmış Hərbi Andı qəbul edərək Azərbaycana və onun xalqına sadiq olacağımıza söz verdik. Xalqımızı əmin edirik ki, biz - gənc əsgərlər Vətən müharibəsində qəhrəmanlıq göstərmiş oğullarımızın şanlı döyüş yolunu şərəflə davam etdirəcək, Aprel döyüşləri, Günnüt əməliyyatı və Vətən müharibəsindəki zəfərlər zamanı Azərbaycan Ordusunun düşmən üzərində əldə etdiyi qələbəni qoruyub saxlamaq üçün hər an əlimizdə silah Vətənimizin keşiyində dayanacağıq".
Əsgər Zeynal Əsədov: “Hər zaman hərbi mundir geyinməyi, Vətənim Azərbaycana layiqli övlad olmağı arzulayırdım. Zaman yetişdi, mən də əsgəri xidmətə yollandım. Bu gün mənim üçün xüsusi bir gündür. Artıq qalib Azərbaycan Ordusunun hərbi qulluqçusuyam. Bu müqəddəs yolda ölkəmizin müdafiəsi və təhlükəsizliyi üçün əlimdən gələni əsirgəməyəcək, nümunəvi xidmət edəcək, ailəmin yanına başıuca qayıdacağam. Xidmət müddətimdə mənə təhkim olunmuş silah və texnikanın sirlərini dərindən öyrənəcək, komandirlərimin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirərək qalib Azərbaycan Ordusunun əsgəri adına layiq olmağa çalışacağam".
Əsgər Məhəmməd Hacıməmmədov: “Hər bir insanın həyatında unudulmaz günlər olur. Bu gün Hərbi Andı qəbul etməyim, həyatımda unudulmaz gün kimi tarixləşəcək. Bu tarixi heç vaxt unutmayacağam. Sevincli və həyəcanlıyam, bunu sözlərlə ifadə etməyim çətindir. Bizi bundan sonra daha məsuliyyətli bir xidmət gözləyir. Bütün əsgər yoldaşlarıma bu şərəfli yolda uğurlar arzulayıram. Xalqımızı əmin edirəm ki, sələflərimizin yolunu uğurla davam etdirəcək, doğma Vətənimizin ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyacağıq".
Əsgər Nihat Qocayev: "Yeniyetməliyim İkinci Qarabağ müharibəsinə təsadüf etdi. Hələ şagird olsam da, müharibənin nə olduğunu yaxşı bilirdim. Döyüşlərdə şəhid olanların dəfnində də iştirak edirdim. Təəssüflənirdim ki, məktəbliyəm, döyüşlərə gedə bilmirəm. Onda valideynlərim deyirdilər ki, zamanı gələndə sən də xidmətə gedəcək, Vətənə övladlıq borcunu yerinə yetirəcəksən. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib bir ordunun sıralarında olduğum üçün qürurluyam. Əsgər yoldaşlarım kimi, mən də hərbi bilikləri mükəmməl öyrənəcəm, təlimlərdə məsuliyyətlə iştirak edərək hərbin sirlərinə dərindən yiyələnəcəyəm. Bu gün Hərbi And içərək hər kəsi bir daha əmin etdik ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti kimi, biz də doğma Vətənimizə xidmət edəcək, torpaqlarımızı işğaldan azad edən igid hərbçilərimizin döyüş yolunu davam etdirəcək, məsuliyyətli, sədaqətli, nümunəvi xidmətimizlə bizə verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışacağıq".
Əsgər Kənan Yəhyayev: "Sonuncu sinifdə oxuyanda hərbi xidmətdən tərxis olunmuş qonşularımızla, iki-üç il əvvəl bizim məktəbin şagirdi olmuş gənclərlə söhbətləşəndə həmişə hərbi xidmətdən danışardıq. Bu söhbətlər mənim hərbi xidmət haqqında bildiklərimi genişləndirirdi. Çağırışçı kimi hərbi xidmətə həm də bu söhbətlərdən aldığım təəssüratlarla formalaşırdım.
Hərbi xidmət dövründə bəzi müsbət keyfiyyətlərin aşılandığı, formalaşdığı, o cümlədən xidmət dövründə qazanılan əsgər dostluğu haqqında eşitmişdim. Qısa müddət burada olduğuma baxmayaraq çoxlu dost qazanmışam. Əminəm ki, qazandığım dostluq əbədi olacaq. Xidmətimizi başa vurduqdan sonra da görüşəcəyik. Bu gün əsgər yoldaşlarımla birlikdə Hərbi And içdik. Valideynlərimizi, bizi əsgər kimi formalaşdıran komandirlərimizi əmin etdik ki, nümunəvi xidmət edəcəyik. İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmış hərbi qulluqçularımızı da əmin edirəm ki, Vətəni onlar kimi sevib qoruyacağıq".
Əsgər Orxan Qarayev: "Hərbi Andı qəbul etmək, Azərbaycan Ordusunun sıralarına daxil olmaq mənim üçün böyük şərəfdir. Andımızda da dediyimiz kimi, hər zaman Vətənim Azərbaycana və xalqımıza sadiq olacağam. Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü canımı və qanımı əsirgəməyəcəyəm. Xidmət müddətimdə bizə yaradılan imkanlardan maksimum istifadə edəcək, xalqımızın bizə olan etimadını hər zaman doğrultmağa çalışacağam".