Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişə, bu gün dünyada baş verən savaşlar güc amilinin əhəmiyyətini bir daha təsdiq edir. Regionda təhlükəsizliyi təmin etmək məqsədilə ordumuzun hərbi qüdrətinin daha da artırılması ölkəmizdə seçilmiş əsas prioritet istiqamətlərdən biridir. Bunun üçün də Azərbaycan Ordusunun döyüş imkanlarının güclənməsi, şəxsi heyətin öz ixtisasının incəliklərinə dərindən yiyələnməsi, maddi-texniki bazanın müasir tələblər çərçivəsində qurulması istiqamətində qarşıya qoyulan bütün tapşırıqlar ordu rəhbərliyinin nəzarəti ilə həyata keçirilməkdədir.
"N" hərbi hissəsində gördüklərimiz də onu deməyə əsas verir ki, aparılan hərbi quruculuq strategiyası peşəkar ordu modelinin formalaşdırılmasında mühüm rol oynayır. Hərbi hissənin zabiti Xaliq Əliyev bildirdi ki, bu gün şanlı ordumuz xalqımızın, dövlətimizin, azərbaycançılığın məğlubedilməzlik simvolu olaraq birliyimizin, bu birliyin əbədiyyətinin əsas ifadəsidir: "Ordumuz bu gün ərazi bütövlüyümüzü qorumaqla yanaşı, regiondakı təhlükəsizliyin, rifahın əsas müdafiəçisidir. Azərbaycan Ordusu müasir standartlara uyğun qurulmaqla dövrümüzün tələb olunan bütün imkanlarına malikdir. Təbiidir ki, ordunun əsas keyfiyyətləri özünümüdafiə və döyüşaparma qabiliyyəti ilə yanaşı, şəxsi heyətin müasir hərbi avadanlıq, müxtəlif təyinatlı təminat vasitələri ilə təchiz olunmasıdır ki, günümüzdə bu işlər uğurla davam etdirilir. Bölməmizdə də günün nizam qaydalarına uyğun olaraq şəxsi heyətin həm xidməti, həm də gündəlik fəaliyyətini fasiləsiz təşkil etmək üçün arzuolunan şərait yaradılıb".
Məşğələ meydançasında əsgər Əli Abbasovla söhbətimiz əsnasında öyrəndim ki, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur. Atası İlham Abbasov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. "Keçirilən dərs, məşğələ və təlimlər döyüş hazırlığının bütün parametrlərini özündə ehtiva edərək xüsusi əhəmiyyət daşıyır. Azərbaycan əsgərinin hərbçi kimi formalaşması, bir döyüşçü kimi üzərinə düşən tapşırığın icrası hərbi hazırlıqdan irəli gəlir. Bizə bu vəzifənin icrasında təcrübəli komandirlərimiz köməklik göstərirlər. Onlar yiyələndiyimiz ixtisasın həm nəzəri, həm də praktiki incəliklərini bizə öyrədir, xidməti və xidmətdənkənar qayğılarımızla maraqlanır və həlli istiqamətində əllərindən gələni əsirgəmirlər.
Komandirlərimiz istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməyimiz üçün xüsusi hazırlıqlar keçirlər. Məşğələlər nəticəsində biz Vətənin müdafiəsində mətin dayanan əsgər olaraq formalaşırıq".
Əsgər Cümşüd Həsənli də çöl dərsi zamanı öz ixtisasının incəliklərini şəxsi bacarığı ilə sərgiləyən heyət nəfərlərindən biri olaraq növbəti həmsöhbətimiz oldu: "Üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək bizim andımızın qayəsi, vətəndaşlıq borcumuzdur. Təcrübəli komandirlərimizin öyrətdiklərini təlim meydançasında uğurla tətbiq edirik. Onlar çətinlik çəkdiyimiz anlarda hər zaman öz dəstəyini göstərir, hər bir heyət üzvü olan yoldaşımızın fərdi bacarıqlarının da formalaşması və inkişafı üçün bizə dəstək olurlar. Göstərilən diqqət və qayğı qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə icrasında ən vacib stimulverici amillərdən biridir. Üzərimizə düşən əsas vəzifələrdən biri də hərbi intizamımızı artırmaqla, öz bilik və bacarıqlarımızı təkmilləşdirməkdir".
"Dərslərimiz əvvəlcədən təsdiq olunmuş planına əsasən təşkil olunur", - deyən əsgər Elmir Sadıqov söhbətə qoşuldu. - Nəzəri dərslərimiz sinif otaqlarında, praktiki dərslərimiz isə açıq ərazidə keçirilir. Artilleriya ixtisasında zəncirvarilik prinsipi çox vacibdir. Ona görə də hər birimiz bir top heyətinin üzvü olmaqla, tuşlayıcı, hesablayıcı, doldurucu və digər vəzifələrin də xırdalıqlarını öyrənməliyik. Sadalananlarla yanaşı, fiziki hazırlıq da mühüm əhəmiyyət kəsb edən amillərdəndir ki, komandirlərimiz bu məsələni də nəzarətdə saxlayırlar. Onların rəhbərliyi altında öz hərbi biliklərimizi artırır, Mehmandarov, Şıxlinski, Aznaurov, Ramazanov və yüzlərlə təcrübəli artilleriyaçı həmyerlilərimizin açdığı cığırda bu gün mətin addımlarla irəliləyirik. Biz həm də nəzəri biliklərimizi təcrübə ilə möhkəmləndiririk".
Öz döyüş hazırlığını praktiki fəaliyyətində də təsdiq etməyi bacarmış əsgərlərdən biri də Aydın Qurbanlıdır. "Vətənə, xalqa sədaqətlə xidmət etməyin verdiyi qürur sözlərə sığmaz, heç nə ilə müqayisə olunmaz. Bu gün biz müqəddəs yolun yolçusuyuq. Azərbaycan əsgərinin gücü bütün dünyaya məlumdur. Qalib ölkənin qalib ordusunun nümayəndəsi olmaq bizim üçün fəxrdir. Bu qalibiyyəti əbədi etmək üçün döyüş hazırlığımız ilə yanaşı, mənəvi-psixoloji hazırlığımızı da nəzarətdə saxlayırıq. Bölməmiz komandirlərimizin dediyi kimi, fiziki cəhətdən möhkəm, mənən zəngin, hərbi hazırlığı yüksək, xalqına sadiq əsgərlərdən ibarətdir. Hər birimiz Vətən sevgisi ilə qidalanırıq. Torpaqlarımız uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin hünəri, cəsarəti bizə əvəzolunmaz örnəkdir", - deyən əsgər Qurbanlı fikrini tamamladı.
Deyilən fikirlər məni ağuşuna aldı. Bir anlıq əsgərlərin dedikləri ilə öz fikrimdəkiləri müqayisə etdim. Ruhumda bir fikir öz təsdiqini tapdı: bu günə qədər ərazi bütövlüyümüz, torpaqlarımız uğrunda döyüşən qəhrəmanlarımız sübut ediblər ki, yüksək döyüş hazırlığının təməlində Vətən sevgisi, yurd təəssübkeşliyi dayanır. Sadalananlar da, öz Vətəninə bağlı olmaq da qandan, gendən gələn amillərdir. Vətən sevgisinin Ana sevgisi qədər müqəddəs olduğu bizə bəllidir. Çünki hər bir körpəmizə Vətən sevgisi Ana laylası ilə aşılanır. Azərbaycan əsgərinin döyüş hazırlığı da Vətən sevgisindən qaynaqlanır və Vətən sevgisi yüksək döyüş hazırlığının mənbəyidir.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"