Hər bir hərbçinin yüksək döyüş hazırlıqlı olması ilə yanaşı, ən vacib amillərdən biri də onun sağlam olmasıdır. Bu baxımdan ordumuzda şəxsi heyətin sağlamlığı daim ciddi nəzarətdə saxlanılır. Bütün hərbi hissələrdə müasir tibbi avadanlıqlarla təchiz olunan, peşəkar həkimlərin çalışdığı tibb məntəqələri mövcuddur. Hərbi xidmətin ilk günündən əsgərlər sağlamlıqlarında yaranan hər hansı problemə görə arxayınlıqla tibb məntəqəsinə müraciət edə bilirlər.
"N" hərbi hissəsində tibb məntəqəsində yaradılan şəraitlə tanış olduq. Qəbul otağında bir əsgər tibbi müayinədən keçirdi. Feldşer gizir Məhəmməd Mansurov məntəqəyə müraciət edən əsgərin təzyiqini ölçürdü. Əsgərin sağlamlığı bizim üçün önəmlidir, - gizir M.Mansurov dedi. - Hərbçi olmaq məsuliyyətli vəzifədir. Əsgərlərin sağlamlığının qeydinə qalmaq isə ikiqat məsuliyyətlidir. Çünki Vətəni qoruyan insanların sağlamlığı bizə əmanət edilir. İşimiz təkcə əsgərləri müalicə etmək yox, həm də yarana biləcək xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görməkdən ibarətdir. Burada xidmət edən hər kəs əsgərlərimizin sağlam olması üçün çalışır. Tibb məntəqəmizə müraciət edən hərbçilər ilkin olaraq qeydiyyata alınır, daha sonra təzyiqi və bədən temperaturu ölçülür. Müraciət edənin şikayəti diqqətlə dinlənilir, qeydiyyata alınır, lazımi prosedurlar icra olunur. Əsgərlərimiz burada savadlı hərbi həkimlərimiz tərəfindən qoyulan diaqnozlara əsasən müalicə olunurlar. Tibb məntəqəsində xidmət edən hər kəs çalışır ki, onlar xəstələnməsinlər, narahatlığı olanlar isə tezliklə sağalıb xidmətlərinə davam etsinlər. Qış fəslində bir çox xəstəlikləri törədən viruslar sürətlə yayılır. Əsgərləri bu viruslardan qorumaq üçün vaxtaşırı onları müayinədən keçirir, hər birini diqqətdə saxlayırıq. Ana Vətənimizi qoruyan oğulların sağlamlığının keşiyində dayanmaq, doğrudan da, müqəddəs vəzifədir. Onlar torpaqlarımızı qoruyur, biz də onları. Vətəni müdafiə edən döyüşçülərin sağlamlığı üçün əlimizdən gələni əsirgəmirik. Çünki Vətənə sağlam övlad lazımdır. Bu günün sağlam əsgəri həm sağlam gənclik, həm də Vətənimizin gələcəyi deməkdir.
Məntəqədə müayinədən keçən əsgər Famil Əsgərov da öz növbəsində göstərilən qayğıdan razılığını bildirdi: "Hərbi xidmətə Xaçmaz rayonundan çağırılmışam. Bizə olan diqqət və qayğını ilk gündən hiss etmişəm. Burada ehtiyacımız olan hər şeylə təmin olunmuşuq. Bizə yeni və isti geyim forması, rahat yataqlar, dadlı yeməklər verilir. İlk dəfədir ki, hərbi hissəmizin tibb məntəqəsinə müraciət edirəm. Narahatlığımın səbəbi baş ağrısı idi. Burada həkimlər bizə doğmaları kimi qayğı ilə yanaşırlar. Artıq özümü yaxşı hiss edirəm. Bu gün bölməyə qayıdacağam. Burada çalışan hər kəsə sağ olun deyirəm ki, bizə yüksək qayğı göstərirlər”.
Hərbi hissədəki hər cür tibbi avadanlıqla təchiz olunan tibb məntəqəsi bir daha sübut edir ki, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizin rahatlığı üçün hər cür şərait yaradılıb. Onlar daim savadlı, peşəkar komandir və həkimlərin nəzarətindədirlər.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"