Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2025 13:36

Bayramınız mübarək, qəhrəman Azərbaycan şahinləri!

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin əvvəllərində yenicə formalaşmaqda olan ordumuzun xüsusi qoşun növü hesab edilən Hərbi Hava Qüvvələri yaranmağa başladı. Yaranma tarixi 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürülsə də, müstəqil dövlətimizin ordusunda hərbi qoşun növü kimi formalaşdırılması 1992-ci ilə təsadüf edir. 1992-ci il fevralın 14-də ordumuzun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca qoşun növü kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 33 il öncə Qarabağ səmalarında erməni yaraqlılarına qarşı döyüş uçuşları aparan, onlara sarsıdıcı zərbələr endirən Azərbaycanın hərbi şahinləri milli hərbi aviasiya tariximizə şanlı səhifələr yazdılar.
Hərb tariximizə qısa nəzər salaq. Azərbaycanın ilk hərbi pilotu, Birinci Dünya müharibəsi zamanı hava əməliyyatlarında vəzifə borcunu layiqincə yerinə yetirərkən qəhrəmanlıqla həlak olan Fərrux ağa Qayıbovdan başlayaraq, alman faşizmi üzərində qələbənin qazanılmasında Hüseynbala Əliyev, Məzahir Abbasov, Leyla Məmmədbəyova kimi fədakar təyyarəçilərimiz ağır cəbhələrdə, ölüm-dirim savaşlarında misilsiz şücaətlər göstərmişlər.
Birinci Qarabağ müharibəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Hərbi Hava Qüvvələrimiz əsasən Xankəndi, Ağdərə, Şuşa, Ağdam, Laçın, Kəlbəcər və digər istiqamətlərdə döyüş uçuşları apararaq, düşmənə havadan zərbələr endirməyə, hava məkanını qorumağa və aldadıcı manevrlər edərək üstünlüyü əldə saxlamağa nail olmuşdur.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın müasir ordu quruculuğunda əhəmiyyətli yeri olan Hərbi Hava Qüvvələrinin möhkəmləndirilməsinə və maddi-texniki bazasının ən yüksək səviyyəyə çatdırılmasına xüsusi önəm verirdi. Belə ki, 1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin fəaliyyətə başlaması ilə ölkədə ilk milli hərbi təyyarəçi kadrların hazırlanması işini reallaşdırdı. Ulu Öndər Azərbaycanın ilk milli hərbi təyyarəçilərinin buraxılış mərasimində fəxrlə deyirdi: "Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər".
Hazırda isə gələcəyin  hərbi pilotları Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alaraq, bu istiqamətdə xüsusi hazırlıqlarını daima artırırlar. Hərbi pilotlarımız Türkiyə, Pakistan, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər. Bu gün onlar dünyada qəbul olunmuş normalardan da 2-3 dəfə artıq uçuşa malikdirlər.
Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələri NATO standartlarına uyğun qurularaq, bu istiqamətlərin dərindən öyrənilməsini daha da inkişaf etdirir. Qardaş Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlığı daha da genişləndirməklə "TurAz Qartalı" təliminin, "Anadolu Qartalı-2022" beynəlxalq taktiki-uçuş təlimlərinin keçirilməsinin əhəmiyyətini artırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev HHQ-nin S-300 hərbi bazasının açılışı zamanı çıxışındakı "Azərbaycan Cənubi Qafqazın lider və dünyada ən sürətli inkişaf tempinə malik ölkələrdən biridir və "Dünya Rəqabətlik Hesabatına" görə 148 dövlət sırasında ilk 30 dövlət arasında olmuşdur. Bunun müqabilində bu gün dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclər təkcə son on il ərzində on dəfədən də çox artırılmış, ölkəmizin müdafiə potensialının güclənməsinə və ordumuzun, o cümlədən Hərbi Hava Qüvvələrinin maddi-texniki bazasının müasirləşməsinə imkan vermişdir" bu fikirləri bir daha dövlət başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Hərbi Hava Qüvvələrimiz 33 illik zaman kəsimində şərəfli döyüş yolu keçərək, torpaqlarımızın azadlığı, 44 günlük Vətən savaşında Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatları zamanı Böyük Qələbənin qazanılmasında əhəmiyyətli rol oynadı. Hərbi pilotlarımız qəhrəmanlıqları və şücaətləri ilə gələcək nəsillərə örnək olan döyüş salnamələri yazdılar.
Döyüş və mənəvi-psixoloji hazırlıqlı peşəkar pilotlarımız ölkəmizin hava hüdudlarını yüksək sayıqlıqla qorudular, döyüş əməliyyatlarında düşmənə ağır, sarsıdıcı zərbələr endirdilər. Vətən müharibəsi zamanı Mingəçevir su anbarı və Elektrik Stansiyasının hava hücumundan qorunması, təhlükəsizliyinin təmin olunması barədə döyüş tapşırığını igid pilotlarımız yüksək peşəkarlıqla icra etdilər. Mingəçevir şəhəri üzərində havadan müdafiə zamanı 2020-ci ilin 9 oktyabr və 17 oktyabr tarixlərində düşmənin atdığı 2 Elbrus operativ-taktiki ballistik raketi də havadaca məhv edildi. İlk dəfə olaraq, 44 günlük Vətən müharibəsində havada raketlə raket vuruldu. Havada düşmənin ballistik raketlərinin, pilotsuz uçuş aparatlarının məhv olunması və bütün hücumlarının qarşısının alınması kimi mühüm tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi. Müharibənin ilk günlərində darmadağın edilən Ermənistan silahlı qüvvələrinin zabit və əsgərləri Azərbaycan Ordusunun bütün qoşun növlərinin yüksək peşəkarlığını, hazırlığını, gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Bayramımız mübarək, qəhrəman Azərbaycan şahinləri!

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"