Yeniyetməliyində 1941-45-ci illərin Böyük Vətən müharibəsinə həsr olunmuş filmlərə baxmağı çox sevirdi. Hadisələri görürdü, döyüşləri izləyirdi, özünü yaralananların, yaralananlara yardım edənlərin sırasında hiss edərdi. Yaralı döyüşçünü döyüşün içindən təxliyə edənlərə, onlara ilkin yardım göstərənlərə xilaskar deyərdi. Sonralar düşüncələrini evdə valideynlərinə, məktəbdə müəllimlərinə də bildirərdi, niyyətinə xeyir-dua vermələrini istəyərdi: "Vətəni qorumaq da vətəndaşlıq borcudur, Vətəni qoruyanları qorumaq da. Mən həm Vətəni qorumaq istəyirəm, həm də Vətəni qoruyanların sağlamlığını. Hərbçi olacam, xidmətimi zabit kimi davam etdirəcəm..." - qətiyyətlə deyərdi...
2012-ci ildə orta məktəbi bitirdi. Sənədlərini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə verdi. Qəbul olundu. Onda Cəmaləddin də tələbə olan abituriyentlər kimi göy üzünə pıçıldamışdı: "Bu sevinci gözləməyə dəyərmiş!"...
Həkimliyə İbn Sinalıq - loğmanlıq deyənlərə haqq qazandıranlardan biri kimi Cəmaləddin Mikayıllı müəllimlərinin mühazirələrini təhsilə, öyrənməyə istiqamətləndirici tədris vasitəsi bilirdi - mühazirələr əhatəli biliyə kifayət etməzdi. Əlavə kitablardan öyrəndikləri ilə təkmilləşəcəkdi biliyi. Belə oxudu, belə öyrəndi, illəri belə yaşadı və 2018-ci ildə universiteti ümumi terapevt ixtisası üzrə bitirdi. Tibb xidməti leytenantı kimi qoşunlarda xidmətə başladı. "N" hərbi hissəsinin tibb məntəqə rəisi vəzifəsinə təyin olundu. "İlk xəstəmi müayinə edəndə bir qədər həyəcanlanmışdım. Sən demə, həkimliyin başlanğıcı da yaddaqalan olurmuş...", - Cəmaləddin hərbi xidmətinin ilk gününü, 2018-ci ilin yayını belə xatırladı...
Tibb xidməti baş leytenantı Cəmaləddin Mikayıllı İkinci Qarabağ müharibəsində də iştirak edib, yaralılara ilkin tibbi yardım göstərərək, onların döyüş meydanından təxliyə olunmasını həyata keçirib. Tibb xidməti baş leytenantı Cəmaləddin Mikayıllı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub...
Zabitimiz, həmçinin Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən "Qisas" əməliyyatında da iştirak edib. Əməliyyat çərçivəsində yaralı hərbi qulluqçumuzu döyüş meydanından təxliyə edərkən yaralanıb. Hərbi hospitalda müalicədən sonra xidmətini davam etdirib. "Həkimə tibbi yardım göstərilməsinə həmişə anlaşılmaz duyğularım olub. Belə duyğular müharibədə olmur. Müharibədə əmri yerinə yetirirsən, yaralana da bilərsən. Yaralanan da, həkim də döyüşən ordudan Zəfər gözləyir...", - tibb xidməti baş leytenantı Cəmaləddin Mikayıllının səmimiyyətlə dediklərini müharibəaparma tezislərindən biri bildim....
...Tibb xidməti baş leytenantı Cəmaləddin Mikayıllı da həkimliyi İbn Sinalıq bilir, hərbi həkimliyi - daha məsuliyyətli İbn Sinalıq. Belə düşünür və qürurla deyir ki, bu sevinci gözləməyə dəyərmiş!..
Elçin İMANOV
"Azərbaycan Ordusu"