Mövzu: Çar Rusiyasının Qafqazı ilhaq etməsi. Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri.
Suallar:
1. Azərbaycanın Rusiya və İran arasında parçalanması. Kürəkçay müqaviləsi.
2. Gülüstan və Türkməncay müqavilələri.
Azərbaycanın Rusiya və İran arasında parçalanması. Kürəkçay müqaviləsi
Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış milli-mənəvi və dini dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi itirilmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir.
İran və Rusiya Azərbaycanı bölüşdürmək üçün zaman-zaman müqavilələr imzalayıb. Burada Azərbaycanın əlverişli coğrafi mövqeyi, yeraltı və yerüstü sərvətləri ilə Qafqazda, Mərkəzi Asiyada açar rolunun oynaması xüsusi əhəmiyyət daşıyıb. Bu səbəbdən ölkəmiz hakim dünya dövlətlərinin daim maraq dairəsində olub və tarixin müxtəlif dönəmlərində bölgə dövlətlərini qarşı-qarşıya gətirib.
Azərbaycanda bol olan qızıl, boya, yun, ipək, pambıq, tütün, neft Çar Rusiyasını xammal və yanacaqla təmin edə bilməsi səbəbindən bu ərazilərin ələ keçirilməsi həmin dövrdə gərgin olan Rusiya-Osmanlı (Türkiyə) münasibətlərində qüvvələr nisbətini rusların xeyrinə həll edə bilərdi. Cənubi Qafqazdakı mürəkkəb siyasi, iqtisadi və beynəlxalq vəziyyət Rusiyanın planlarının həyata keçirilməsini asanlaşdırırdı.
1801-ci ilin əvvəllərində İngiltərə Qacarlar (İran) dövləti ilə siyasi və ticarət müqavilələri bağladı. Qacarlar dövləti ilə İngiltərənin yaxınlaşması Rusiya imperiyasının 1801-ci ilin 12 sentyabrında Şərqi Gürcüstanın (Kartli-Kaxetiya çarlığı) Rusiyaya birləşdirilməsi ilə nəticələndi. Şərqi Gürcüstanla birlikdə Azərbaycanın tarixi torpaqları olan Qazax, Borçalı, Şəmşəddil sultanlıqları və Pəmbək bölgəsi gürcü quberniyasının tərkibinə daxil edildi. Beləliklə, Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən ilhaqının əsası qoyuldu.
Rusiya imperiyası 1802-ci ildə Georgiyevsk (Şimali Qafqazda yerləşir, 1802-1822-ci illərdə Qafqaz quberniyasının mərkəzi olmuşdur) şəhərində Şimali Azərbaycan xanlarının (Quba, Dərbənd və Lənkəran) və Qafqazın digər hakimlərinin nümayəndələri ilə "Georgiyevsk" müqaviləsini imzaladı. Müqaviləyə əsasən, "onu imzalayanlar öz xahişlərinə görə" Rusiya imperiyasının himayəsinə qəbul olunur, Rusiyası isə onların müstəqilliyinə toxunmayacaqlarına, Qacarlar (İran) və Osmanlı (Türkiyə) dövlətlərinin təhlükəsindən onları müdafiə edəcəyinə vəd vermişdi. Lakin Çar hökuməti həmin müqaviləyə əməl etmədi və Azərbaycan xanlıqlarının ərazilərini tərkibinə qatmaq üçün hazırlığa başladı.
XIX əsrin əvvəllərində xanlıqlar arasında münasibətlər kəskin olduğundan ara müharibələri ölkənin sosial-iqtisadi vəziyyətini ağırlaşdırdı. Ölkədə siyasi birliyin olmaması xarici qüvvələrin təsiri ilə müstəqilliyin əldən getməsi üçün əlverişli şərait yaratdı. Hələ I Pyotrun yürüşü zamanı ruslar erməni amilinə xüsusi əhəmiyyət verərək onlardan Azərbaycana qarşı casusluq fəaliyyətində istifadə edirdilər. Lazımi casusluq məlumatlarının toplanması üçün ermənilər "xüsusi" fəallıq göstərirdilər. Azərbaycan, Osmanlı (Türkiyə) və Gürcüstan torpaqlarında "böyük Ermənistan" dövləti yaratmaq xülyasında olan ermənilər Rusiya imperiyasının Qafqazdakı siyasətinə kömək etməklə məkrli məqsədlərinə çatmağa ümid edirdilər.
1801-ci il Rusiya imperiyası gürcü zadəgan nəslindən olan qəddar, Azərbaycan xalqını, ümumiyyətlə, Cənubi Qafqazın türk-müsəlman əhalisini sevməyən general Sisianovun başçılığı, həmçinin gürcü hakimlərinin dəstəyi ilə Gürcüstan ərazisindən istifadə etməklə Azərbaycanın şimal-qərb torpaqlarını ələ keçirməyə başladı. 1803-cü ilin yazında general Qulyakovun başçılığı altında Çar qoşunları Car-Balakəndə yerli əhalinin müqavimətini qırdıqdan sonra Balakəni yandırdılar. Aprelin 12-də Car-Balakəndən olan səlahiyyətli nümayəndə heyəti Car-Balakən camaatlığının Rusiya imperiyasının hakimiyyəti altına alınması barədə "Andlı öhdəlik" (carlılar Rusiyasının xəzinəsinə ipəklə xərac ödəməli, girovlar verməli, öz ərazisində rus qoşunlarını yerləşdirməli) sənədi imzaladı. Lakin əhalinin itaət şərtlərini yerinə yetirmədiyini bəhanə edən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara hücum etdi və Zaqatala yaxınlığındakı dərədə carlıların güclü müqaviməti ilə üzləşdi. Qanlı döyüşdə carlılar qələbə qazandılar və general Qulyakov öldürüldü. Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimətin mənasız olduğunu görərək mübarizəni dayandırdılar. Car-Balakəndən sonra qonşu İlisu sultanlığı da Rusiya imperiyasının təbəəliyini qəbul etməli oldu.
Car-Balakən camaatlığı rus qoşunları tərəfindən ələ keçirildikdən sonra general Sisianov Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarının Gəncə xanlığının ələ keçirilməsində görürdü. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları qalaya hücuma başladılar. Böyük rəşadətlə qeyri-bərabər döyüşə girən Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Qanlı döyüşlərdən sonra Gəncə qalası Çar qoşunları tərəfindən ələ keçirildi, Gəncə xanlığı ləğv olundu və şəhərin qədim adı dəyişdirilərək I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncənin süqutundan sonra Samux hakimi də Rusiya imperiyasının təbəəliyini qəbul etməyə məcbur oldu.
Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya imperiyası tərəfindən ilhaqı Qacarlar və Osmanlı dövlətlərinin, habelə Cənubi Qafqazda möhkəmlənməyə çalışan İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Fətəli şah Qacar (Qacarlar dövlətinin şahı) əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini tabe etmək niyyətində idi. Lakin Qacarlar dövlətinin daxilində baş vermiş çaxnaşmalar və İngiltərənin vəd etdiyi köməyi göstərməməsi bu tədbirləri yarımçıq qoydu. Bununla belə, İngiltərə Qacarlar dövlətini Rusiya imperiyası ilə müharibəyə qızışdırırdı.
1804-cü ilin mayında Qacarlar dövləti Rusiya imperiyasından öz qoşunlarını Cənubi Qafqazdan çıxarmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü ilin iyulunda 10 il davam edən Rusiya-Qacarlar müharibəsi başlandı. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə xilas yolu kimi baxırdılar. Qacarlar dövlətinin qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək, imkan daxilində ona kömək göstərirdilər. Əhali isə nə Qacarların, nə də Rusiya imperiyasının tabeliyində olmaq istəmir və öz xanlarına müraciət edərək, mübarizədə onlara hər cür kömək göstərəcəyini bildirirdi.
Qarabağ xanı İbrahimxəlil xan xanlığının müstəqilliyini qoruyub saxlamaq üçün Rusiya imperiyasına meyil edirdi. O, Qacarların qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək istədi. Qarabağ xanının Rusiya imperiyası ilə yaxınlaşmasından həyəcana düşmüş Qacarlar dövləti 500 nəfərlik dəstəni Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan dəstəni məğlub etdi. Xanın bu qələbəsindən sonra Sisianov Qarabağa, mayor Lisaneviç başda olmaqla, hərbi dəstə göndərdi. Eyni zamanda, o, xanın Rusiya imperiyasının təbəəliyinə keçməsini tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. General Sisianov və İbrahimxəlil xan Gəncə yaxınlığındakı Kürəkçayın sahilində 1805-ci il mayın 14-də müqavilə imzaladılar. Müqaviləyə əsasən, xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya imperiyasının təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq tələbi qoyulurdu. Xan rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi, hər il öz gəlirlərindən Rusiya imperiyasının xəzinəsinə 8 min çervon xərac ayırmağı öhdəsinə götürdü. Bir həftə sonra İbrahimxəlil xanın vasitəçiliyi ilə Rusiya imperiyası Şəki xanlığı ilə də belə bir müqavilə bağladı. Həmçinin bu xanlıqlar müstəqil xarici siyasət yürütməkdən məhrum oldular.
İşğala aparan yol. Gülüstan və Türkməncay müqavilələri
Hər dəfə xalqımızın faciələri, ərazilərinin zəbtedilmə səbəbləri araşdırılarkən belə bir qənaət yaranır ki, tariximizin bütün səhifələri Azərbaycanın Rusiya imperiyası ilə Qacarlar dövləti (Rusiya və İran) arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Rusiya imperiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər Rusiya-Qacarlar müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyasına ilhaqından sonra həmin ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları Çar Rusiyası tərəfindən daxil edilir. Talış xanlığı da tabe olduqdan sonra Rusiya imperiyasının Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra Qacarlar dövlətinin Rusiya imperiyası ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 12-də Gülüstan (Goranboy rayonu) kəndində, rus ordugahında məşhur "Gülüstan" müqaviləsi imzalanır. Bu müqavilə Azərbaycanın Rusiyanın tərkibinə daxil olduğunu rəsmən təsdiqləyir. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiya imperiyasına ilhaq edilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiya imperiyasına verilir.
19 iyul 1826-cı ildə Fətəli şah Qacarın qoşunlarının Rusiya imperiyasının nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-Qacarlar müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1827-ci ildə Rusiya imperiyası digər Azərbaycan ərazilərini ələ keçirərək Təbriz şəhərinə daxil olur və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında rus qoşunları Urmiya və Ərdəbili ələ keçirirlər.
1828-ci il fevralın 10-da İngiltərənin səfiri Makdonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında 15 maddədən ibarət sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan (Azərbaycanın şimal torpaqları) Rusiya imperiyasına təslim edildi. Türkmənçay müqaviləsi XIX əsrin birinci otuz ilində baş vermiş Rusiya-Qacarlar müharibələrinə son qoydu, xalqımızın və torpaqlarımızın bu dövlətlər arasında iki yerə bölüşdürülməsi başa çatdırıldı. Azərbaycan xalqının iki hissəyə parçalanmasını və müxtəlif imperiyaların tərkibinə qatılmasını rəsmiləşdirən Türkmənçay müqaviləsi xalqımızın sonrakı taleyində də mühüm rol oynadı. 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və həmin ərazilərdə "erməni vilayəti" adlı qondarma bölgə yaradıldı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin Qacarlar dövlətindən (İran) Cənubi Qafqaza hərəkətinə icazə verildi. Nəhayət, ən başlıcası o idi ki, Şimali Azərbaycan Rusiya imperiyasının Cənubi Azərbaycan torpaqları isə Qacarlar dövlətinin hakimiyyəti altında qaldı.
Rusiya imperiyası Şimali Azərbaycan torpaqlarında ərazi-inzibati dəyişikliyi həyata keçirərək Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi". O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində erməni qanının izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər.
Hamımızın Azərbaycan adlı bir Vətəni var. Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində, Zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, antiterror əməliyyatında düşməni qovaraq ərazi bütövlüyünə tam nail olmaqla yanaşı, tarixi ədaləti bərpa etdik. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir. Odur ki, biz daim güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində hərb işinin sirlərinə yiyələnməli, döyüş texnikasından və silahlardan bacarıqla istifadə etmək üçün öz biliklərini, bacarıqlarını və vərdişlərini daha da təkmilləşdirməli, mənəvi-psixoloji hazırlıqlarını artırmaqdır. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim mübarizə aparmış olur. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
İdeoloji İş və Mənəvi-
Psixoloji Təminat İdarəsi