Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2025 18:50

Nigaran ruhlar Xocalıda da rahatlıq tapdı...

Xocalı... Ucalardan uca, qocalardan qoca! Qədimliyinin yaşı dağlardan böyük, dərdi dənizdən dərin... Hər daşı bir şəhidin əlinin təmasını, hər qarış torpağı bir şəhidin ayaq izini yaşadır, hər qarışında şəhidlərimizin ruhu uyuyur. Bir şəhid, bir yetim, bir nigaran ana, təsvirolunmaz dəhşət yaşayan ata... Xocalı - 33 il əvvəlin 25 fevral gecəsində taleyi qanla yazılan şəhər. O gecə qışın sərt nəfəsi belə ermənilərin soyuq ürəkləri qədər amansız deyildi.
Xocalı… Adını çəkəndə hər bir azərbaycanlının qəlbində sızıltı, kədər, nisgil dolu xatirələr canlanır. Bu torpaq bir zamanlar insanlığa sığmayan faciənin şahidi olmuşdu. Torpağın yarası sağalar bəlkə, amma Xocalının yarası sağalmayacaq, qaysaqlamayacaq, bu yara nə torpağın, nə də dağın-daşın, yurdun-ocağın yarasıdı. Xocalı insanlığın vicdanında açılmış bir yaradır. Körpə çığırtıları göy üzünü titrədən, anaların göz yaşlarını silələdiyi bir şəhərin harayıdır.
Sən qan gölündə tənha üzən qərib sonaya bənzədin… Qan içində boğulan uşaqlar, ümid işığı sönən gözlər, son nəfəsi Xocalının çiskinli havasına sovrulan şəhidlər… O gecə təkcə Xocalı yox, bütün insanlıq qana bələndi. Əlləri qandallanmış, qolları sındırılmış, qəlbi qırılmış körpələr, qadınlar, qocalar… Xocalı dözdü, şərəfini itirmədi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda günahsız insanlar amansızcasına qətlə yetirildi, şəhər talan olundu, analar, atalar, uşaqlar, qocalar şəhid oldular. Xocalı sakinlərinin bir qismi məcburi köçkün kimi müxtəlif bölgələrə səpələndi, bir gün bu torpağın azad ediləcəyi günün ümidi ilə yaşadı...
İllər keçdi… Yaraları qaysaqlamayan Xocalı ruhunu itirmədi. Nigaran ruhlar dolaşdı o torpaqda, Xocalının şəhidlər məzarlığında oğullar qisas hissi, doğma yurd-yuva yanğısı ilə "Mən böyüdüm, ata!" deyə pıçıldadı.
İllər boyu bu torpağın ruhu nigaran qaldı. Zaman gəldi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi Xocalının da azad olunacağına zəmanət oldu. 2023-cü ilin payızında Xocalı işğaldan azad olundu.
Biz Xocalıya döndük. Daha güclü, daha qürurlu, daha məğrur. Şəhidlərimizin ruhu qarşısında baş əyərək, onların qanını yerdə qoymadığımız üçün rahatlıq taparaq.
Qisas qiyamətə qalmadı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ədaləti bərpa etdi - Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Biz Xocalıya qalib xalq kimi döndük. O torpaqda ləçəkləri qırılan çiçəklərin yerində yeni həyat cücərir, çəmənlər yenidən güllənir, susmuş bulaqlar yenidən dillənir, Xocalı küçələrində uşaqların hay-harayı eşidilir, bu şəhər bir daha heç vaxt yalnız qalmayacaq.
Bu gün Xocalı tək deyil. Artıq Xocalının yaralı qəlbi Qarabağ Zəfəri ilə təskinlik tapıb. Xocalının adı yalnız faciə ilə deyil, qayıdış və dirçəlişlə də çəkilir.
Xocalı yenidən nəfəs alır. Küçələrində insanların addım səsləri eşidilir, binalar bərpa olunur, təbiət canlanır. Lakin ən təsirli olan odur ki, bu torpaqda 33 ildən sonra 2025-ci ilin fevralında ilk dəfə bir körpə dünyaya gəldi. Bu körpənin valideynləri Xocalını görmədən, havasını udmadan, suyunu içmədən "xocalılıyam" deyərək Xocalı həsrəti ilə böyümüşdülər. 1996-cı il təvəllüdlü Sevanə Məmmədova Ballıca kəndində oğlan uşağı dünyaya gətirdi. Körpəyə babasının şərəfinə Mehdi adı verildi. Körpənin atası İlqar Məmmədov döyüşlərdə yaralanan Vətən müharibəsi iştirakçısıdır.
 Bu, təkcə bir doğum deyil. Bu, Xocalının yenidən doğulmasıdır! Xocalının dirçəlişinin simvoludur. Xocalıda həyat yenidən canlanır. O torpaqda 1992-ci ilin fevralında qırılan bir ümidin işığı, yarımçıq qalan hər ömrün davamçısı dünyaya gəldi. O körpənin ilk nəfəsi, ilk səsi Xocalının yenidən həyata qayıtdığının müjdəsidir.
Ayağın düşərli olsun, körpə Mehdi! Bu torpağa yeni nəfəs, yeni ümid kimi gəldin. Sənin ilk baxışın Xocalının göylərinə yönəldi, ilk qığılcımın Xocalının torpağına düşdü. Sən, işğaldan azad edilən bu müqəddəs yurdda doğulan ilk nəfəssən. Sən, şəhidlərin qanı ilə suvarılmış torpağın qürur nişanısan.
Bəlkə də nigaran ruhlar bu xəbəri eşidib rahatlıq tapdı. Bəlkə də şəhid xocalılıların ruhu göylərdə pıçıldadı: "Bu torpaqda həyat davam edəcək". Xocalı artıq təkcə bir faciə simvolu deyil, həm də dirçəlişin, iradənin və yenidən doğuluşun rəmzidir.
İllər boyu gözlənilən o an gəldi. Xocalı torpağı yenidən insan səsi, uşaq gülüşü, ümid dolu baxışlarla canlanır. Bəlkə də bu torpaq uzun illər göz yaşları ilə suvarılıb, amma indi sevinc dolu günlərə şahidlik edir, edəcək. Xocalı qayıtdı, Xocalı yenidən doğuldu… və onunla birlikdə o şəhərə ümid də qayıtdı.
Bu doğum Xocalının yenidən canlandığının və şəhərin gələcəyinə olan ümidlərin artdığının nişanəsidir. Mehdinin ilk ağlayışı illərdir susqunluğa bürünmüş ana torpağa həyatın qayıdışını müjdələdi. Bu hadisə Xocalının qaranlıq keçmişindən işıqlı gələcəyinə doğru açılan cığırdı - cığır yol olacaq. Bu doğum Xocalının gələcəyinin uvertürasıdı...
Körpə Mehdi, unutma ki, bu torpaqda bir zamanlar körpə səsləri qırılıb. Sənin kimi yaşamalı, sənin kimi gülümsəməli olan, amma düşmənin amansızlığına qurban gedən günahsız fidanlar olublar. Bu torpağın ruhunu yaşadan, gələcəyini quran sən, səndən sonra dünyaya gələcək körpələr olacaqlar.
Tarixini bil, Mehdi. Bil ki, Xocalı şəhidlərinin ruhu səni izləyir, sizi izləyəcək, bil ki, sənin ayaq basdığın bu torpağın hər qarışı müqəddəsdir.
Sən, azad Xocalının ilk körpəsisən. Sənin səsin Xocalının yenidən dirçəlişinin səsidir. Adın da, yolun da uğurlu olsun. Sənin gəlişin Xocalının, Qarabağın, bütövlükdə Azərbaycanın yeni gələcəyinin xoş başlanğıcı olsun.
Xocalıda ilk körpə dünyaya gəldi… Bu, sadəcə bir övladın doğulması deyil, bir xalqın yaralarının sağalmasıdır. Bu, 33 il əvvəl qan gölündə boğulan bir şəhərin yenidən nəfəs almasıdır. Amma o nəfəsin içində tarix var, qisas var, yaddaş var…
Sən azad Xocalının ilk övladı, nəvəsisən. Sənin ilk gülüşün bu torpağın qanlı xatirələrinə işıq saçacaq. Sən, düşmənin viran qoyduğu şəhərin bağrından boy verən ümiddən yoğrulmusan.
Sən böyüyəcəksən, Xocalının küçələrində addımlayacaqsan, onun havasını ciyərlərinə çəkəcəksən. Unutmamalısan ki, bu torpaq səni güclü olasan, onu qoruya biləsən deyə böyüdür.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"