Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2025 18:50

“Azərbaycan Ordusu” - 33 il...

Fevralın 11-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbu orqanı olan "Azərbaycan Ordusu" qəzetinin yaranmasının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər "Azərbaycan Ordusu" qəzetinin yaranma tarixi və fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi haqqında ətraflı məlumat verib, mətbu orqanın ildönümü günü münasibətilə bütün əməkdaşları təbrik ediblər.
Vurğulanıb ki, 33 illiyi qeyd olunan "Azərbaycan Ordusu" qəzeti ölkəmizin mətbuat məkanında hər zaman özünə layiqli yer tutub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adı ilə 1992-ci il fevralın 11-də çap olunmağa başlayıb. Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə həqiqətlərinin operativ qaydada ictimaiyyətə çatdırılmasında qəzetin rolu barədə ətraflı məlumat verilib.
"Azərbaycan Ordusu" qəzeti yarandığı gündən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi "Azərbaycan Ordusu" qəzetinin də tarixində mühüm mərhələ olub. Qəzetin əməkdaşları döyüşlərin getdiyi bütün istiqamətlərdə  "Sən qalib gələcəksən", "Qalibiyyət döyüşü" və "Qələbə uğrunda" adları altında gündəlik səyyar qəzetlərin hazırlanmasına və çap olunmasına cəlb ediliblər.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra "Azərbaycan Ordusu" qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin müvafiq Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalına və müdafiə nazirinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına layiq görülüb.
Tədbiri sonunda redaksiyanın xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən əməkdaşları təltif olunublar.

"Azərbaycan Ordusu"