Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2025 18:49

Hərbi xidmət əsgəri vətəndaş kimi formalaşdırır

Dördüncü sinifdə oxuyurdum. Bir dəfə müəllimimizdən soruşmuşdum ki, müharibə nədir. Müəllimimiz ağır addımlarla mənə yaxınlaşmışdı, əlini çiynimə qoymuşdu, eynən atam kimi mehriban baxışlarını gözlərimdən üzmədən demişdi: “Müharibə Vətən torpaqları uğrunda döyüşməkdi. Müharibədə evlər dağıdılır, döyüşçülər həlak olurlar, uşaqlar atasız qalırlar”.
İllər keçdi. İkinci Qarabağ müharibəsi başlayanda biz altıncı sinifdə oxuyurduq. Döyüşçülərimizin qazandığı qələbələrin sevincini biz də yaşayırdıq. Noyabrın 8-də Şuşa işğaldan azad ediləndə kəndimizdə heç kim evinə qapanmadı, hamı yoldaydı, hamı bir-birini təbrik edirdi. Uşaqlar da böyüklərə qarışmışdılar. Səhəri gün müəllimimiz dedi ki, o gecə hər yerdə belə olub. On illiklərdən sonra işğaldan azad edilmiş Şuşada Azərbaycan bayrağının dalğalandırılmasına böyüklər Zəfərin nə olduğunu dərk edərək sevinirdilər, uşaqlar müharibə qurtardığına görə. O gecə neçə-neçə ananın qəhərini üstələyən sevincinin hönkürtüsü də eşidilmişdi: "Daha şəhidlərimiz olmayacaq...". O gecə ordumuzun qazandığı qələbə hamının ürəyini dağa döndərmişdi. İnanın, uşaqlar elə böyüklər qədər sevinirdilər...
Ordumuz tarixi Zəfər qazandı, torpaqlarımız işğaldan azad olundu. Azərbaycan əsgəri bizim də niyyətli olduğumuz qisası aldı...
Hərbi xidmətdə Nizamnamələrin tələblərini biz də öyrənmişik, təhkim olunmuş silahların taktiki-texniki xüsusiyyətlərini mənimsəmişik. Təlimlərdə də fəal iştirak edirik. Komandirimiz deyir ki, təlimlər öyrəndiklərimizi təkmilləşdirilməsidir. Hərbi biliklərimiz təkmilləşdikcə özümüzü daha güclü əsgər hesab edirik.
Bir vaxtlar müəllimimizə verdiyim sualdan söz düşmüşdü. Əsgər yoldaşım Nurlan Əlizadə demişdi ki, müharibə başa çatıb, ancaq müharibə təhlükəsi həmişə olacaq. Ona görə biz də yüksək döyüş hazırlığına malik olmalıyıq, bizdən sonra xidmət edəcək əsgərlər də.
Hərbi xidmət bizə Vətəni daha dərin sevgilərlə sevməyin gərəkliyini öyrədir, hərbi biliklər verir, əsgər dostluqları qazandırır, hər birimizi mətinləşdirir. Komandirimiz İkinci Qarabağ müharibəsində yaralanmış döyüşçü dostunu döyüşdən çıxardanda şəhid olan döyüşçülərdən danışmışdı. Hərbi xidmətdə qazandığımız dostluğu həmişə məsuliyyətlə yaşadacağıq.
Xidmətimiz Vətən üçündür. Biz hərbi xidmətdən tərxis edildikdən sonra mülki həyatda əsl vətəndaş olacağıq, həmişə Vətən naminə əsgəri məsuliyyətlə işləyəcəyik, əsgəri məsuliyyətlə yaşayacağıq. Biz də böyük qürurla deyəcəyik ki, hərbi xidmət bizi əsl vətəndaş kimi formalaşdırdı.
 

Əsgər

Hüseyn USUBOV

"N" hərbi hissəsi