Tarix boyu Vətən torpağı uğrunda canını fəda edən igid oğullar xalqın yaddaşında silinməz izlər buraxmışdır. Onlar düşmənə qarşı sinəsini sipər edən, ölümün gözünə dik baxan, torpaq uğrunda şəhidliyə ucalan qəhrəmanlardır. Qanları ilə yazdıqları şanlı salnamə nəsillərdən-nəsillərə ötürülən bir müqəddəs mirasdır. Bu igidlərin arasında elə bir şəxsiyyətlər də var ki, onların adları təkcə qəhrəmanlıq rəmzi deyil, eyni zamanda Vətən sevgisinin, fədakarlığın və qorxmazlığın canlı təcəssümüdür.
Nazim Quliyev - öz ömrünü xalqının azadlığına həsr etmiş bir igid. Onun qısa, lakin şərəfli həyatı, göstərdiyi rəşadət və misilsiz qəhrəmanlıq dastanı kimi tariximizə həkk olunub. O, ölümün bir addımlığında belə geri çəkilmədi, qorxmadı, çünki Vətənin azadlığı, torpaqların bütövlüyü onun üçün hər şeydən üstün idi. Bu gün onun haqqında danışmaq, onu yad etmək təkcə bir öhdəlik deyil, həm də xalqımızın qəhrəman övladına olan minnətdarlığının bir ifadəsidir.
Nazim Quliyev Vətən sevgisini, xalqına sədaqətini canı ilə, qanı ilə sübut edən qəhrəmanlardandır. O, hər bir azərbaycanlı üçün igidliyin, fədakarlığın və cəsarətin parlaq nümunəsidir.
Nazim Quliyev 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olub. Əslən Füzuli rayonunun Yağlıvənd kəndindən olan bu igid hələ gənc yaşlarından vətənpərvər ruhda böyüyüb. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, ordu sıralarında xidmətini başa vurduqdan sonra doğma yurduna qayıdıb.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı işğalçı siyasətə etinasız qala bilməyən Nazim könüllü müdafiə dəstələrinə qoşularaq düşmənə qarşı mübarizəyə qalxıb. 1991-ci ildə isə Füzuli rayon Polis Şöbəsində xidmətə başlayaraq burada düşmənə qarşı mübarizəsini davam etdirib.
Nazim Quliyev Füzuli rayonunun müxtəlif kəndlərində - Cuvarlı, Tuğ, Məlikcanlı və Arış kəndlərində qəhrəmanlıqla döyüşüb. Onun cəsarəti sayəsində onlarla dinc sakin və yaralı təhlükəsiz əraziyə çıxarılıb. 9 yanvar 1992-ci ildə Füzuli rayonunun Govşad kəndi uğrunda gedən döyüşlərdə də xüsusi şücaət göstərib.
Düşmənin mühasirəsinə düşən yeddi əsgəri xilas etmək üçün Nazim Quliyev idarə etdiyi PDM-lə düşmənin üzərinə hücuma keçib. İlk həmlədə düşmənin iki mühüm atəş nöqtəsini məhv edərək, əsgərlərimizin mühasirədən çıxmasına şərait yaradıb. Lakin bu döyüşdə 24 yaşlı Nazim özü qəhrəmanlıqla şəhid olub. Vətən torpaqlarını qorumaq yolunda canından keçən Nazim Quliyev Füzuli rayonunun Yağlıvənd kəndində dəfn olunub.
Quliyev Nazim Qabil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Onun qəhrəmanlığı unudulmayıb, xatirəsi əbədiləşdirilib. Yağlıvənd və Örənqala kənd məktəbləri onun adını daşıyır. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra qəhrəmanın məzarı aşkara çıxarılıb və yenidən ehtiramla yad edilib.
Heç şübhəsiz, Nazim Quliyev təkcə ailəsinin, doğmalarının deyil, bütün xalqın qəlbində yaşayır. O, Azərbaycan tarixinə öz imzasını atan, Vətən yolunda canından keçən igidlərdən biridir. Onun xatirəsi hər zaman anılacaq, gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi göstəriləcəkdir.
Bu gün Nazim Quliyevin timsalında Azərbaycanın azadlığı uğrunda mübarizə aparan bütün şəhidlərimizi dərin hörmət və minnətdarlıqla yad edirik. Onların qanı ilə suvarılan torpaqlarımız bizim üçün əzizdir və əbədi olaraq qorunacaqdır!
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"