Hər bir dövlətin varlığını təmin edən, habelə ərazi bütövlüyünü, müstəqilliyini qoruyub saxlayan onun ordusudur. Sadalanan amillərin dövrümüzdəki əsas icraçısı olaraq, layiqli nümunələrindən biri və XXI əsrin ən humanist və peşəkar savaşını Zəfərlə taclandıran Azərbaycan Ordusudur. Azərbaycan Ordusunun şəxsi heyətinin bu gün də əsas vəzifəsi Şanlı Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq, xalqın firavanlığını təmin etməkdir. Əbəs yerə deyil ki, xalqımız bu gün öz ordusuna güvənir, ordumuz isə Vətən sevgisindən qidalanaraq müqəddəs amala xidmət edir, ona olan etimadı layiqincə doğruldur.
Azərbaycan Ordusunun peşəkarlaşmasında müstəsna rolu olan Dahi Şəxsiyyət, Əbədiyaşar Komandan, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gördüyü misilsiz işləri sadalamaqla bitməz. Əsası ötən əsrin sonlarında qoyulan ordu quruculuğu bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər dönəmindən sonra da dövrünün inkişaf tarixini yaşamaqda, müasir dünyanın tələblərinə uyğun formalaşmaqdadır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsü, dünyanın aparıcı orduları sıralarındadır. 2025-ci ilin ilk rübündə də prioritet olaraq qalan məsələlərdən biri ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, şəxsi heyətin özünümüdafiə və döyüşaparma qabiliyyətinin artırılmasıdır ki, "N" hərbi hissəsində bu fikrin təsdiqinin bir daha şahidi olduq.
"N" hərbi hissəsinin yüksəklikdə yerləşən bölmələrindən birində gənc müdafiəçilərimizlə tanış olmaq, döyüş növbətçiliyinin təşkili ilə bağlı təəssüratlarını qələmə almaq məqsədilə reportajımıza başlayırıq. Əvvəlcə bölmənin hərbi qulluqçusu baş gizir Elmar Bayramov əsgərlərin Vətən sevgisinin xidmətin məsuliyyətinin tərkib hissəsi olmasından söhbət açır. "Postumuzda xidmət edən şəxsi heyətin döyüş ruhu, Vətən sevgisi yüksək səviyyədədir. Əsgərlər qarşıya qoyulan tapşırıqları məsuliyyətlə, ləyaqətlə icra edirlər. Hazırlıq planına uyğun olaraq keçirilən təlim və məşqlərdə peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçulardan ibarət bölməmizdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur. Şəxsi heyətin həm xidməti, həm də asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Bölməmizin komandir heyəti əsgərlərin hərb sahəsindəki bilik və bacarıqlarını artırması üçün səylə çalışır. Şəxsi heyət hər gün təlimatlandırılır, təhlükəsizlik qaydaları onlara izah olunur, xidməti ayıq-sayıq təşkil etməyin vacibliyi xüsusi vurğulanır. Şəxsi heyət də içdiyi Hərbi Anda sadiq olaraq vəzifə borclarını dərindən bilir, döyüş növbətçiliyini düzgün təşkil edir, baş verə biləcək hallarda məruzə qaydaları və qabaqlayıcı tədbirlər barədə agahdır. Bir sözlə, Vətən hüdudları göz bəbəyi kimi qorunur, cəsur oğullarımız öz nümunəvi xidmətləri ilə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşırlar. Öz igidlikləri ilə seçilən əsgərlərimiz relyefin çətin, iqlimin sərt olmasına baxmayaraq üzərlərinə düşən övladlıq borcunu layiqincə və ləyaqətlə yerinə yetirirlər”, - deyən baş gizir Elmar Bayramovla şəxsi heyətin təlimatlandırılması və döyüş növbətçiliyinin təhvil-təslim prosesinin iştirakçısı oluruq. Müsahibimlə söhbət əsnasında öyrənirəm ki, o, 2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Tovuz döyüşlərinin iştirakçısı olub.
Təlimat başa çatdıqdan sonra şəxsi heyətlə birlikdə döyüş növbətçilərinin dəyişdirilməsinə yollanırıq. Posta, mövqelərə yaxınlaşdıqca növbətçilərin müşahidə sahəsini nəzarətsiz qoymaması Vətənimizin məsuliyyətlə qorunduğunun sübutudur. Əsgər Kamal Baxışovla növbəni təhvil verdikdən sonra həmsöhbət oluruq. "Dağlıq ərazi olduğu üçün qış aylarında hava şəraiti burada daha sərt olur. Soyuq günlərdə döyüş növbətçiliyini təşkil edərkən qəlbimizi isidən amil Vətən sevgisidir. Heç bir qüvvə bu sevginin qarşılığında Azərbaycan əsgərinin vəzifə borclarının öhdəsindən gəlməsinə mane ola bilməz. Burada xidmət edən hər kəs öz vəzifəsinin əhəmiyyətini və məsuliyyətini dərk edir. Ona görə də ən ümdə amala şərəflə xidmət edirik. Komandirlərimizin qayğısı və nəzarəti ilə əhatələnmişik, bunun üçün də xidmətimizi yüksək səviyyədə ayıq-sayıq təşkil edirik. Xalqımız əmin olsun ki, Vətənimiz göz bəbəyi kimi qorunur, Azərbaycan əsgəri ona göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz, şaxta-sazaq demədən doğma yurduna olan övladlıq borcunu ödəyir. Əsgər olaraq xidmətimin başa çatmasına artıq bir neçə ay qalıb. Xidmətimi başa vurduqdan sonra, şübhəsiz, bu günlər, buradakı dostlarım və peşəkar komandirlərim üçün darıxacağam", - əsgər Kamal Baxışov deyir.
Döyüş növbətçiliyini təhvil alan əsgər Nurlan Əlizadə güclü dövlətin, yenilməz ordunun, qalib xalqın təmsilçisi olmağın verdiyi misilsiz qürurdan danışır və döyüş növbətçiliyinin nümunəvi təşkil olunmasında sadalananların əsas mənbəyinin də məhz bu qürurun olduğunu qeyd edir: "Dövlətimiz öz gücünü, ordumuz yenilməzliyini, xalqımız qalib olduğunu hər zaman sübut edib. Tarixdə Babək, Cavanşir, Mübariz, Polad, Şükür kimi minlərlə qəhrəmanın yetişdiyi məmləkətimizin müdafiəçiləri bu gün bizik. Bu qürur və cəsarət nümunələrimizin - sələflərimizin ruhu ilə qidalanaraq xidmətimizi məsuliyyətlə və ruh yüksəkliyi ilə təşkil edirik. Sələflərimizin yolunu uğurla davam etdirir, bu amala xidmət etməkdən qürur duyuruq. Təcrübəli komandirlərimiz hər birimizə doğma münasibət göstərir, qayğılarımızla yaxından maraqlanır, onların həlli istiqamətində öz dəstəklərini əsirgəmirlər. Sadalanan amillər bizi xidmətimizi düzgün təşkil etməyə və hər zaman intizamlı olmağa ruhlandırır. Əsgər yoldaşlarım kimi mən də qürur duyuram ki, regionun ən güclüsü olan Azərbaycan Ordusunun əsgəriyəm".
"Əsgərlik günlərim mənim vətəndaşlıq, övladlıq borcumu ödədiyim ən yaddaqalan günlər olaraq xatirəmə həkk olunub", - deyə əsgər Faiq Sadıqov söhbətə davam edir. "Hərbi xidmət mənə vətənpərvərlik, cəsurluq, möhkəmlik keyfiyyətlərini aşılayıb. Burada yaddaqalan günlərim çox olub. Hərbi formanı ilk dəfə geyindiyim, Hərbi Andı qəbul etdiyim, təlim meydançasında silahdan ilk dəfə atəş açdığım, ilk dəfə postda döyüş növbətçiliyinə çıxdığım gün yaddaşıma əbədi həkk olunmuş günlərdir. Burada möhkəm dostluq qazanmış, təcrübəli komandirlər tanımışam. Möhkəm dostluq gələcək üçün möhkəm təməl və dəyərli yatırımdır. Çünki əsgər dostluğu sarsılmazdır, ömürlükdür. Xidmət yoldaşlarımla hər birimiz ayrı-ayrı ailələrdən, yerlərdən gəlsək də, burada bir ailə olaraq, hamılıqla müqəddəs amala - Vətəni qorumağa xidmət edirik”.
Həmsöhbət olduğum digər əsgərlər - Hüseyn Usubov, İlkin Məmmədov, Vüsal Əliyev də ana Vətənin keşiyində dayanmağın sevincini və verdiyi qüruru bizimlə bölüşürlər. Onlar Vətən sevgisindən ilhamlanaraq artıq əsl döyüşçü və hərbçi kimi yetişərək xalqımızın firavanlığını təmin etmək üçün ayıq-sayıq xidmət edir və bunu özlərinə övladlıq borcu bilirlər. Əsgərlərimiz vəzifələrinin ümdəliyini və məsuliyyətini başa düşür, öz hərbi intizamları, döyüşçü keyfiyyətləri ilə komandirlərinə və doğmalarına başucalığı gətirmək üçün ləyaqətlə xidmət edirlər.
Əsgərlərimizlə tanışlıq Vətənə bağlılığın, xalq-ordu birliyinin bir daha göstəricisi oldu. Qəlbi Vətən sevgisi ilə döyünən, xalqının firavanlığı üçün döyüş növbətçiliyini təşkil edən əsgərlərimiz olduğu müddətdə qələbələrimiz, uğurlarımız davamlı olacaq. Və əminik ki, onların hər biri bundan sonra da xalqımızın müsəlləh əsgəri olaraq torpaqlarımızın keşiyində inamla dayanacaq, ərazi bütövlüyümüz qoruyacaqdır.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"