Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2025 12:54

Azərbaycan Ordusunun yaranması və formalaşması

Bugünkü müasir Azərbaycan Ordusu 1918-ci ildə yaranmış və 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu ordunun varisidir. Yetmiş il sovet imperiyasının tərkibində yaşamağa məhkum edilmiş bir xalq gərgin mübarizələrdən sonra 1991-ci ildə yenidən tarixi müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 9-da Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan Ordusu yaradıldı. Həmin il noyabrın 4-də ilk hərbi hissənin yaradılması barədə qərar qəbul olundu. 14 noyabrda hərbi hissənin ilk əsgərləri yığıldı. Hərbi Dəniz Qüvvələrinin təlim bazasında "Şıxov"da formalaşan ilk tabor dekabrın 14-də Hərbi And içərək Qarabağa yollandı.
İstər Cümhuriyyət dövrü, istərsə də müstəqilliyimizin ilk illərində Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünə qarşı yaranmış erməni-daşnak təhlükəsi ilə üz-üzə qaldı. 1988-ci ildən başlayan erməni təcavüzü daha ciddi xarakter alaraq müharibə həddinə gəlib çatdı. Sovet imperiyasından miras qalan Qarabağ münaqişəsi  müstəqilliyimizin ilk illərində daha da genişlənməkdə idi. Ermənilər Azərbaycanın əzəli torpağı olan Qarabağı işğal edib öz ərazisinə qatmaq kimi xam xəyallarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdi. Xarici havadarlarından güc alan erməni millətçiləri bütün varlığı ilə Qarabağı Ermənistana birləşdirmək, bu da mümkün olmadıqda ayrıca dövlət qurmaq istəyirdi. Əvvəlcə Ermənistanda yaşayan azərbaycanlıları doğma dədə-baba yurdundan didərgin saldılar. Daha sonra isə Qarabağda erməni silahlı dəstələri fəallıq göstərərək, Şuşa şəhəri də daxil olmaqla, neçə-neçə yaşayış məntəqəsinə hücum edərək dinc insanları gülləbaran etdilər. Əliyalın əhalinin sağ qalan qismi yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı.
Azərbaycan xalqına və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terroru qarşısıalınmaz həddə çatmışdı. Yeni yaranmaqda olan ordumuzun birləşmələri və ərazi özünümüdafiə taborları erməni silahlı birləşmələrinin qarşısını almaq üçün döyüşlərə cəlb olunurdu. Həm ordu, həm də  siyasi baxımdan düşmən daha güclü idi. Erməni lobbisi dünyanın bir çox ölkələrindən onlara dəstək verir, Azərbaycanın haqq səsini boğurdu. Düşmənin bu xislətini dayandırmağın tək yolu xalqın səfərbər olaraq onun bütün hücumlarının qarşısını almaq və ölkəmizin mövcud ərazisini qorumaq idi. Bunun üçün xalqımızın vətənpərvər oğul və qızları könüllü olaraq cəbhəyə yollandılar. Onların qəhrəmanlıqları və şücaətləri qısa zamanda ölkədə əks-səda doğurdu. 1992-ci ilin mayından başlayan Goranboy-Ağcakənd əməliyyatı qısa zamanda uğurla başa çatdı.
Goranboy-Ağcakənd ərazisi erməni silahlı dəstələrindən təmizləndikdən sonra ordumuz Tərtər-Ağdərə əməliyyatına başladı. Tərtər şəhəri üçün daha çox təhlükə yaradan Şəhriyar qəsəbəsi erməni silahlılarının cəmləşdiyi ən təhlükəli məntəqə idi. Tərtər şəhərindən 3 kilometr məsafədə yerləşən terror ocağından tez-tez silahlı basqınlar olurdu. Əhali doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalsa da, vətənpərvər oğullarımız hər an şəhərin müdafiəsində mətinliklə dayanırdılar. Düşmən Tərtəri işğal etməyə çalışırdı. Ordumuzun bölmələri Tərtər çayının sağ və sol sahili boyunca döyüşə başladılar. 3 nömrəli Sovxoz adlanan ərazidə düşmən güclü müdafiə olunsa da, sonradan “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Vəzir Orucov, Kərim Kərimov, Yusif Mirzəyev və yüzlərlə qəhrəman oğullarımızın şücaəti sayəsində torpaqlarımız hissə-hissə azad edildi. Ordumuzun keçirdiyi bu uğurlu əməliyyatın sorağı qısa müddətdə hər yana yayıldı. O zaman xalqda orduya, özünün parlaq gələcəyinə böyük ümid var idi. 4 iyul 1992-ci ildə Ağdərə şəhəri erməni silahlı birləşmələrindən tam azad edildi. Döyüşçülər bu tarixi qələbədən bayram ovqatına köklənərək Ağdərə şəhərinin düşməndən azad edilməsini əsl bayram etdilər.
Ermənistan tərəfi cəbhədə Azərbaycan Ordusunun ciddi irəliləyişini görüncə dərhal atəşkəsin əldə edilməsi üçün əl-ayağa düşdü. Bir ay müddətinə əldə edilmiş atəşkəs zamanı düşmən itirilmiş mövqeləri qaytarmaq üçün həmin əraziyə döyüş texnikaları və canlı qüvvə toplamağa başladı. Düşmənin məkrli niyyətinə baxmayaraq ordumuzun bölmələri Kasapet, Heyvalı, Çıldıran və başqa yaşayış məntəqələrini, Sərsəng su anbarı da daxil olmaqla, əhəmiyyətli yüksəklik və əraziləri işğaldan azad etdilər. Döyüşlər zamanı düşmənin xeyli sayda zirehli texnikası və canlı qüvvəsi məhv edildi. Bir neçə tank, PDM və xeyli sayda silah-sursat qənimət olaraq götürüldü.
Ermənistandan fərqli olaraq Azərbaycan o zaman  heç bir xarici dövlətdən yardım almırdı. Dövlətin ərazisini, müqəddəratını təyin etmək yalnız xalqın ümidinə qalmışdı. Xalqın vətənpərvər övladları silaha sarılaraq Vətənə sipər oldular.
Azərbaycan Ordusunda yeni yaranmaqda olan hərbi hissələrin sayı da artmaqda idi. Cəbhədə könüllülərdən və çağırışçı gənclərdən ibarət hərbi hissələr döyüşürdü. Müddətli həqiqi hərbi xidmətə gələn gənclər bir neçə ay təlim keçəndən sonra döyüşlərə cəlb olunurdular. Könüllülərdən fərqli olaraq müddətli döyüşçülər həm intizam baxımından, həm də komandirlərin əmrlərinə tabe olmaqla daha effektiv idarə olunurdular.
Həmin dövrdə ölkədə yaranmış acınacaqlı vəziyyət dövlət müstəqilliyinə yönəlmiş ən böyük təhlükə olmuşdu. Həm erməni təcavüzündən, həm də ölkə daxilində yaranmış özbaşınalıq xalqın dövlət qurumlarına olan inamını tamam itirmişdi. Cəbhədə ordunun döyüş qabiliyyətinin aşağı düşməsi, hakimiyyətin yarıtmaz idarəçiliyi torpaqlarımızın erməni silahlı birləşmələri tərəfindən asanlıqla işğalına yol açmışdı. Xalqın və dövlətin düşdüyü ağır vəziyyətdən qurtulmağının yeganə yolu Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri olan Heydər Əliyevin yenidən respublika rəhbərliyinə gətirilməsi idi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və səs çoxluğu ilə Milli Məclisin sədri seçildi. O, 1993-cü il iyulun 15-də Gəncədə baş qaldırmış hərbi qiyamın qarşısını almaq məqsədilə gərəkli tədbirlər həyata keçirdi. Ermənistanla müharibədə orduda yaranmış ruh düşkünlüyü, ümidsizlik aradan qaldırıldı. Gənclər Vətənin müdafiəsinə yenidən könüllü olaraq yazılmağa başladılar. Onlar  "Vətən uğrunda!", "Heydər baba yolunda!" şüarları ilə tanklar üzərində döyüşlərə yollandılar. Füzuli-Horadiz istiqamətində qısa zamanda düşməni ağır itkilərə düçar edərək 40 kilometrə qədər irəlilədilər. Bu, Azərbaycan Ordusunun cəbhədə zaman baxımından əldə etdiyi ən uğurlu döyüş əməliyyatlarından biri idi.
1994-cü il mayın 12-də cəbhədə imzalanmış atəşkəs Azərbaycan Ordusunun yenidən formalaşmasına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin ordu rəhbərliyi qarşısında qoyduğu mühüm vəzifələrdən biri vahid komandanlıq altında birləşmiş ordunun yaradılması idi. Zamanın tələbinə uyğun olaraq könüllülərdən ibarət taborlar buraxıldı və onlar Müdafiə Nazirliyinin hərbi hissələrinə verildilər. Ordumuzun yeni silahlarla, döyüş texnikaları və peşəkar zabit kadrları ilə təmin edilməsi istiqamətində də mühüm addımlar atıldı. Qısa zamanda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması yönündə davamlı iş aparıldı. 2016-cı ilin Aprel döyüşləri ordumuzun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha sübut etdi. Otuz ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan üçün Aprel döyüşləri ciddi xəbərdarlıq idi. Lakin düşmən işğalçılıq siyasətindən əl çəkmədi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-hücuma keçdi və 44 gün ərzində qələbə qazandı. Ordusu darmadağın edilmiş Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Ordusu bununla da tarixin ən böyük qələbələrindən birini qazanmaqla işğalı sonlandırdı.
Hərb tariximizin uğurlarıdır ki, bu gün müstəqil suveren dünyəvi dəyərləri özündə ehtiva edən demokratik ölkəmizdə yaşayırıq. Ordumuzun gücü və qüdrəti dövlətimizi, dövlətçiliyimizi daha da möhkəmlətməklə uğurlu inkişafı davam etdirəcək.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"