Rusiya İmperiyası donanmasının azərbaycanlı vitse-admiralı, Sakit okeandakı Rus Hərbi Dəniz Qüvvələrinin komandanı, Krım müharibəsinin iştirakçısı, İmperator coğrafiya birliyinin həqiqi üzvü olmuş İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakıda ziyalı elitası arasında böyük nüfuz sahibi olan Allahverdi bəyin ailəsində anadan olub.
Onun tərcümeyi-halı həm admiral, həm də hərbi dəniz tarixçisi kimi çox zəngindir. Əgər onun həyatını digər hərbçilərin ömür yolu ilə müqayisə etməli olsaq, ancaq general Əlağa Şıxlinskinin artilleriya tarixindəki xidmətləri ona bərabər ola bilər. Çünki həmin dövrdə azərbaycanlı generallardan hərb elmi ilə məşğul olan ancaq Əlağa Şıxlinski idi. Fərq təkcə ondan ibarətdir ki, Əlağa Şıxlinskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı olmuşdur. Onun adı çoxlarına tanış olmasa da, bir çox xarici ölkələrdə, əsasən də Rusiyada hərbi dənizçilər yaxşı tanıyırdılar. Orada onu "Rus hərbi donanmasının şöhrət çələngi" adlandırırdılar. Admiral İ.Aslanbəyovun elmi tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, təəssüf ki, bu günə qədər bizə gəlib çatmayıb.
İbrahim bəy Aslanbəyov 1834-cü ildə Peterburqda dənizçilik məktəbinə qəbul olur. 3 il təhsil alan İbrahim bəy 1837-ci ildə buranı adı fəxri "Qırmızı lövhə"yə yazılmaqla bitirir. İlk öncə "Aleksandr Nevski", daha sonra "Prozergin" freqatlarında miçman kimi xidmətə başlayır. Burada xidməti müddətində yüksək zəkası, fərasəti və bacarığı ilə komandanlığın hörmətini qazanır. Komandanlıq onun Rusiyanın ən böyük hərbi gəmilərindən olan sürətli "İmperator I Pyotr" gəmisinə keçirilməsini və hərbi dəniz təlimlərində iştirak etməsini məsləhət bilir.
1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər sinfini bitirən İbrahim bəy Qara Dəniz Hərbi Donanmasında üzən "Selafail", "Varşava", "Felistokl" və digər sahil mühafizə gəmilərində xidməti zamanı özünü cəsur və bacarıqlı zabit kimi göstərir. İ.Aslanbəyovun hünər və rəşadətini yüksək qiymətləndirən ordu komandanlığı Krım müharibəsinin ilk illərində onu "Elbrus" hərbi gəmisinə komandir təyin edir. Qara dənizin Şərq sahillərində baş verən toqquşmalarda iştirak edir.
"Elbrus" hərbi gəmisinə komandirlik edən leytenant Aslanbəyov 1854-cü ildə düşmənin gəmilərini darmadağın etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust) dənizə çıxır. Avqust ayında isə desant gəmisinin döyüşən batareyasına komandirlik edir. Bu xidmətlərinə görə ona kapitan-leytenant rütbəsi verilir.
Həmin ilin sentyabrın 13-dən müharibənin axırına kimi Sevastopol hərbi qarnizonunun tərkibində düşmənə qarşı döyüşlərdə əsl fədakarlıq nümunələri göstərən Aslanbəyov son döyüşlərdən birində ağır kontuziya alır. Buna baxmayaraq o, mübarizəni qətiyyətlə davam etdirir. Şərq müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma ekipajına komandirlik edir.
İ.Aslanbəyov 1860-1861-ci illərdə "Sokol" pərli korvet gəmisinə, 1865-ci ildə isə "Retvizan" gəmisinə komandir təyin edilir. Bir müddət məşhur vitse-admiral Butakovun zirehli eskadrasında qərargah rəisi olur.
İbrahim bəy 1869-72-ci illərdə dəfələrlə müxtəlif ümumi dövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü seçilir.
1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyi Rusiyada böyük bayram şənliyi kimi qeyd olunur. Bu münasibətlə ümumrusiya texniki sərgisində iştirak etmək və imperatorun kiçik avarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik işi həmyerlimiz Aslanbəyova etibar olunur.
1878-ci il yanvarın 1-də Hərbi Dəniz Donanmasındakı misilsiz xidmətlərinə görə vitse-admiral rütbəsinə layiq görüləndə həmyerlimiz səkkizinci donanma ekipajının rəisi idi. Bu ali rütbədən sonra İ.Aslanbəyov Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunur.
1879-1882-ci illərdə İbrahim bəy gəmi heyəti ilə dövr-aləm səyahətinə çıxır. O, Sakit okeanda dəmir zirehli hərb və buxar yelkənli iti gedən gəmilərdən ibarət hərbi heyətə - "Minin", "Knyaz Pojarski", "Hersoq Edinburq", "Asiya" və "Afrikaya" rəhbərlik edir. İ.Aslanbəyova tapşırılmış eskadra onun rəhbərliyi altında Sakit okeana və oradan uzaq Polineziya adalarına qədər çətin yol keçir.
İ.Aslanbəyov okeanda sürətlə hərəkət edən kreyserlərin və "uçan eskadrilya"nın orduda tətbiq edilməsinin təşəbbüskarıdır.
Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən, öz ağıllı təklifləri, müdrik layihələri ilə Rusiyanın Hərbi Donanmasının qüdrətinin daha da artmasında misilsiz hünər göstərmiş bu məşhur azərbaycanlı vitse-admiralın fədakarlığı Rusiyanın və bir sıra xarici ölkələrin yüksək ordenləri ilə qiymətləndirilib. O, Serbiyanın "Takova" (1879), Rusiyanın "Müqəddəs Vladimir" (1854), birinci dərəcəli "Müqəddəs Stanislav" (1881), birinci dərəcəli "Müqəddəs Anna" (1883), "Ağ qartal" (1888), Yaponiyanın "Günəşin doğuşu" (1882), Havay dövlətinin ikinci dərəcəli "Kalakua" (1882) ordenlərinə layiq görülüb.
1881-ci ildə İmperator III Aleksandrın tacqoyma mərasimində iştirak edən admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilir və birillik məvacibi həcmində pul mükafatı ayrılır.
Hələ sağlığında - 1882-ci ildə Saxalində bir yarımada, Oxot dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılır.
M.P.Lazarev adına Ukrayna Hərbi Dəniz Donanması Veteranları İttifaqının təşəbbüsü ilə Kiyevdə Dənizçilər parkındakı Fəxri xiyabanda bir sıra yüksək rütbəli dəniz zabitlərinin büstü ilə yanaşı, İbrahim bəy Aslanbəyovun da büstü qoyulub.
Onun şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə 1917-ci ildən əvvəlki dənizçiliyə aid ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz heyəti və ümumiyyətlə, tabeliyində olanların arasında böyük hörmət qazanıb. İllərin soldurduğu sənəddə ad-soyadı oxunmayan bir kontr-admiral yazır ki, Aslanbəyov xarici ölkələrdə də yaxşı tanınırdı. O, gəmi heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta kiçik rütbəlilərin də şəxsi təşəbbüsünü qiymətləndirirdi. Açıq ürəkliliyi və qətiyyəti ilə çoxlarından fərqlənirdi. Aslanbəyovun gəmi səfərləri haqqında, eləcə də özünün danışdığı çoxlu əhvalatlar hələ də məşhurdur. Bu onun məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.
İbrahim bəy Kazan və Peterburq universitetlərinin professoru, məşhur azərbaycanlı, böyük şərqşünas alim Mirzə Kazım bəylə dost olub.
Dahi rus yazıçısı Lev Tolstoy admiral Naximovun həlakolma səhnəsini ondan öyrənmişdir. Lev Tolstoy məşhur "Sevastopol hekayələri"ni yazarkən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir.
İ.Aslanbəyov 1900-cü il dekabrın 7-də Peterburqda vəfat edib.
"Azərbaycan Ordusu"