Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2025 12:52

Şəhadəti ilə əfsanəyə çevrilən qəhrəman

Fevralın 7-si Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, Vətən yolunda canını fəda edərək qəhrəmanlıq salnaməsi yazdı, özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu.
1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb, 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Daxili Qoşunların "N" hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə “çavuş” rütbəsində başa vurub.
2009-cu ilin avqustunda yenidən ordu sıralarına qayıtmağa qərar verib və öz arzusu ilə “gizir” hərbi rütbəsində cəbhə bölgəsində hərbi xidmətə başlayıb.
Torpaqlarımızın işğal olunması, ermənilərin xalqımızın başına olmazın işgəncələr açması, şəhid olan və yaralanan əsgər qardaşlarının taleyi, Qarabağ müharibəsində yurdundan didərgin düşmüş minlərlə soydaşımızın Vətən nisgili Mübarizə rahatlıq vermir, onun düşməndən qisas almaq duyğularını alovlandırırdı.
Elə bu səbəbdən 2010-cu il iyunun 19-da Mübariz İbrahimov son məktubunu yazaraq Tərtər istiqamətində, gecə saat 23 radələrində təkbaşına qoşunların təmas xəttindəki minalanmış sahəni keçir. Məktubda deyilir: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Mübariz Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur. Qorxmaz döyüşçü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin tənzimlənməsinə dair 2010-cu il oktyabrın 27-də birgə bəyanatına uyğun olaraq, eyni zamanda, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Mübariz İbrahimovun nəşi həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Noyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də qatılıb. Şəhidimiz İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Dövlətimizin başçısının digər Sərəncamı ilə qəhrəmanımızın xatirəsi əbədiləşdirilib.
Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq və igidlik nümunəsinin gənc nəslə aşılanması məqsədilə doğulduğu kənddə ev muzeyi yaradılıb. Burada onun şəxsi əşyaları, həyatını əks etdirən eksponatlar yer alır.
Xalqımız yazdığı tarix və şəhadəti ilə əfsanəyə çevrilən Mübarizin qəhrəmanlığını bu gün də unutmur, ehtiramla yad edir. Onun qəhrəmanlığı hərbi xidmətə yollanan gənc əsgərlərimizə nümunə göstərilir.

Elçin İMANOV

"Azərbaycan Ordusu"