Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Fevral 2025 12:51

Regionda sülhə və sabitliyə xidmət edən sülhməramlı missiya

Əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də dövlətimiz beynəlxalq hərbi əməkdaşlıq sahəsində səmərəli fəaliyyət göstərdi. Sülhə və təhlükəsizliyə töhfə verən beynəlxalq tədbirlərdə, ölkəmizdə və başqa dövlətlərdə keçirilən Beynəlxalq müdafiə sərgilərində, eləcə də çoxmillətli təlimlərdə Azərbaycanın fəal iştirakı təqdirəlayiqdir və dövlətimizə olan etimadın artdığını göstərən amildir.
Təbii ki, beynəlxalq hərbi əməkdaşlıq sahəsində əlaqələrimizin ən böyük hissəsi dost, qardaş və müttəfiq Türkiyə Respublikasının payına düşür. Ulu Öndərlər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fəlsəfəsi ilə möhkəm təmələ malik olan Azərbaycan-Türkiyə qardaşlığı bu gün də inkişaf etdirilməkdədir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi, hərbi və digər sahələrdə uğurla davam etdirilir. Böyük dahi şəxsiyyət Heydər Əliyevin xarici siyasət kursunda mühüm yer tutan qardaş ölkə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir, mövcud olan strateji tərəfdaşlığımızın dərinləşməsinə nail olunur. Elə bir beynəlxalq tədbir, elə bir ikitərəfli, üçtərəfli və çoxmillətli tədbir yoxdur ki, orada Azərbaycan və Türkiyə hərbçiləri çiyin-çiyinə iştirak etməsin, uğur qazanmasın. Bir faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan Ordusu rəhbərliyinin ən çox görüşlər, müzakirələr keçirilməsində və mütəxəssislərin qarşılıqlı işgüzar səfərlər etməsində də aparıcı yer məhz Türkiyə Silahlı Qüvvələrinə məxsusdur.
Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən qardaş Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstək verməsi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın haqq savaşında tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın və Azərbaycan xalqının yanında olduğunu bildirməsi Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu yüksəltməklə əldə etdiyimiz möhtəşəm tarixi Zəfərdə mühüm rol oynadı. 30 ilə yaxın işğala son qoyulmasında, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında qardaş Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və qədirbilən xalqımız heç vaxt unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 İyun - Milli Qurtuluş Günündə imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə bu birliyin, dostluğun və qardaşlığın yeni dövrü başladı. Bu mühüm tarixi sənəd iki dövlətin ümumi maraqlarının qorunmasında, eləcə də regional və strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsində mühüm rola malik olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını da bir daha təsdiqlədi.
Azərbaycan və Türkiyə respublikalarının Müdafiə nazirliklərinin rəhbər nümayəndələrinin mütəmadi keçirilən görüşləri də iki ölkə arasında mövcud olan müsbət, strateji səviyyəli dialoqun bariz nümunəsi, hərbi, hərbi təhsil, hərbi-texniki və digər sahələrdə əlaqələrinin yüksək olduğunun göstəricisidir. Keçirilən görüşlərdə daima iki dost və qardaş xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılır. Müzakirələr zamanı birgə əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanır və hər iki ölkənin bu proseslərə verə biləcəyi töhfələrdən danışılır.
Rəsmi səfərlər zamanı terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğu, eləcə də regiondankənar qüvvələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbuledilməz olduğu da xüsusilə qeyd edilir.
Hər iki ölkənin müdafiə nazirləri görüşlər zamanı vurğulayırlar ki, istər regiona qonşu ölkələrdə, istərsə də digər bölgələrdə baş verən münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə nizamlanması zamanın ən vacib amilidir.
İstər rəhbər heyətin, istərsə də mütəxəssislərin görüşləri zamanı əldə edilmiş razılaşmalara əsasən ikitərəfli, üçtərəfli, eləcə də çoxmillətli formatda keçirilən təlimlərin intensivləşdirilməsinin və real döyüş şəraitinə uyğun keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanır. O da danılmaz faktdır ki, Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə birgə təlimlərin keçirilməsi hərbi birləşmələr arasında əməliyyat uzlaşmasının əldə olunmasına, ikitərəfli fəaliyyətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır və nəticədə görülən bütün bu tədbirlər regional təhlükəsizliyin təmin olunmasına xidmət edir.
İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra regionda yaranmış yeni reallıqlar nəzərə alındıqda aydın görünür ki, Türkiyə ilə Azərbaycan, eləcə də region dövlətləri arasında digər sahələrdə olduğu kimi, çoxtərəfli hərbi əməkdaşlığın rolu daha böyük əhəmiyyət kəsb edir. Çünki istənilən ölkənin inkişafı bütün sahələrdə olduğu kimi, hərbi sahədə də qarşılıqlı maraqları təmin edən səmərəli əməkdaşlığın qurulmasından asılıdır.
Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də uğurla inkişaf etməkdədir və hesab edirik ki, perspektivləri daima pozitiv olacaqdır. Çoxtərəfli əməkdaşlıqla yanaşı, Türkiyə ilə ölkələrimiz arasında mövcud əməkdaşlıq formatı dövlətimiz üçün böyük əhəmiyyətə malikdir və daima diqqət mərkəzindədir.
Onu da qeyd etmək yerinə düşər ki, bu gün dünyada baş verən hadisələr, yeni çağırışlar və təhdidlər qarşılıqlı məsləhətləşmələrin aparılmasını, mövqelərin uzlaşdırılmasını zəruri edir. Bu şəraitdə ölkələrimizin müdafiə potensialı və hərbi qüdrəti bizim təhlükəsizliyimizə əsas zəmanətdir. Bu baxımdan regionun təhlükəsizliyinə təhdid törədən terrorizmlə, separatizmlə və digər bu kimi neqativ təzahürlərlə mübarizədə səylərin birləşdirilməsi olduqca vacibdir.
Hər iki dövlətin ordusunun üzərinə düşən vəzifələrdən biri də bölgədə sabitliyin qorunub saxlanılmasını təmin etməkdir. Keçirilən birgə təlimlər məhz sözügedən vəzifənin müvəffəqiyyətlə yerinə yetirilməsinə xidmət edir, zamanın zəruri tələbidir.
Təqdirəlayiq haldır ki, təlimlərin keçirilməsi hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi istiqamətində müsbət nəticələr verir və bu hal müasir mərhələdə böyük əhəmiyyət kəsb edir. Müdafiə sahəsində əməkdaşlıqda geniş imkanlar mövcuddur və keçirilən təlimlərdə bütün ixtisaslar üzrə hərbi qulluqçuların peşə bacarıqları ilə bağlı təcrübə mübadiləsinə şərait yaradılır və bölmələrinin döyüş hazırlığının səviyyəsinin artmasında mühüm rol oynayır.
Sevindirici haldır ki, bütün sahələrdə yüksələn templə əməkdaşlığın davam etdirilməsi və inkişafı üçün yeni layihə və təşəbbüslər üzərində işlər mütəmadi olaraq davam edir.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından bəhs edərkən bir məqamı da qeyd etmək istərdik. 2024-cü ildə Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı məlumatları açıq mənbələrdən monitorinq edərkən görünür ki, ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak ediblər. Bu təlimlərdən 3-ü ölkəmizdə təşkil edilib. Təlimlər zamanı təşkil edilən məşq və dərslərin intensivliyi, eləcə də müxtəlif növ praktiki tapşırıqların icrası sayəsində uzlaşma şəraitində fəaliyyət, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Heç şübhəsiz ki, bu təlimlərin böyük əksəriyyətində ordumuzun hərbi qulluqçuları türkiyəli hərbçilərlə birlikdə fəal iştirak etmişdir. Bütün bunlar hərbi sahədə əməkdaşlığımızın daha səmərəli olmasını təmin edir.
Strateji xarakter daşıyan, dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan və Türkiyə əlaqələri gündən-günə inkişaf edir. Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində hər iki qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Qış təlimi-2025" birgə təlimi bunun bariz nümunəsidir.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının ölkəmizi layiqincə təmsil etdiyi təlimdə plana uyğun olaraq yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirilib. Bundan başqa, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilib. Təlimin ssenarisinə əsasən, artilleriya qurğularından, zirehli texnikalardan, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqlarının, texnikasının və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər. Əsas diqqətin idarəetmənin təkmilləşdirilməsinə, təcrübə mübadiləsinə və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi "Qış təlimi-2025" birgə təlimində hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Eyni zamanda, birgə təlim çərçivəsində açılan sərgidə Türkiyənin milli müdafiə texnologiyaları nümayiş olunub.
Türkiyənin 16 müdafiə sənayesi şirkəti və 2 qurumunun texnologiyalarının nümayiş etdirildiyi sərgidə ilk dəfə təqdim edilən sistemlər, habelə təlimin döyüş atışı hissəsində istifadə olunacaq bəzi məhsul və sistemlər yer alıb.
Sərgi iştirakçı ölkələrə pilotsuz uçuş aparatlarından helikopterlərə, döyüş gəmilərindən sursatlara, radioelektron mübarizə və radar sistemlərinə qədər bir çox sistemi inkişaf etdirən, istehsal edən və təhlükəsizlik qüvvələrinin xidmətinə təqdim edən Türkiyə müdafiə sənayesinin imkanlarını sahədə görmək imkanı verib.
Həmçinin Türkiyə Silahlı Qüvvələrinin və müasir orduların ehtiyaclarını qarşılamaq üçün "Makine ve Kimya Endüstrisi" (MKE) tərəfindən hazırlanmış yeni nəsil MKE-408 snayper tüfəngi və E-ARAZİ elektrik hibrid hərəkət sistemli ərazi vasitəsi də təqdim edilib.
Yenicə qədəm qoyduğumuz 2025-ci ildə Türkiyədə keçirilən ilk çoxmillətli hərbi təlimdə Azərbaycan Ordusunun şəxsi heyətinin fəal iştirakı və yüksək müşahidəçi günündə ordumuzun yüksək rütbəli hərbçilərinin təlimlərin yekun mərhələsini izləməsi də ölkəmizin qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığa nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
Əminik və inanırıq ki, müdafiə sahəsində əməkdaşlığımızın genişlənməsi sadəcə ölkələrimiz üçün deyil, eləcə də bütün regionda sülhün, sabitliyin möhkəmlənməsinə və təhlükəsizliyin təmin olunmasına əvəzsiz töhfələr verəcəkdir. Bu da öz növbəsində region dövlətlərinin gələcəkdə sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunmasında həlledici rol oynayacaq və gələcəkdə baş verə biləcək hadisələrə, ölkələrin suverenliyinə yönəlmiş təhdidlərə qarşı daha hazırlıqlı olmağımızı təmin edəcəkdir.

Elçin İMANOV

"Azərbaycan Ordusu",

İsa İSMAYILOV

hərbi jurnalist