Azərbaycan xalqının Ümummilli Lideri Heydər ƏLİYEV:
Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik "böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur.
Mövzu: Erməni terrorizmi və separatizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.
Suallar:
1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin yaranma tarixi.
Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi
Yerli şəraitə "uyğunlaşmağı", güclülərə "xidmət göstərməyi" yaxşı bacaran ermənilər daim xəyanətkarlıq, satqınlıq "nümunəsini" ortaya qoymuşlar. Onların bu xislətlərindən yararlanmağa çalışan güclü dövlətlər zaman-zaman ermənilərin "xidmət"lərindən bəhrələnmişlər. Hətta Azərbaycanın torpaqları hesabına dövlət qurmalarına belə köməklik göstərərək şərait yaratmışlar. Sonralar ermənilər "böyük Ermənistan" xülyasına düşərək ərazilərini genişləndirməyə başlamış, "erməni soyqırımı" mifini uydurmuş, qonşu dövlətlərə ərazi iddiaları irəli sürmüşlər. Arxalarında güc hiss edəndə isə azğınlaşmış və qəddarlaşmış, azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər.
XIX əsrin əvvəllərində çar Rusiyası ilə Qacarlar dövləti arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri Azərbaycan tarixində ən ədalətsiz və zorakı müqavilələr olmuşdur. İki dövlət arasında Azərbaycan torpaqlarının bölüşdürülməsinə dair müqavilələrin imzalanmasından sonra ermənilər çox sürətli və kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülmüş və bunun ardınca süni ərazi bölgüsü aparılmışdır. 1828-1911-ci illərdə bir milyondan çox erməni İran və Osmanlı Türkiyəsindən Azərbaycan əraziləri də daxil olmaqla, Cənubi Qafqaz regionuna köçürülmüşdür. Bu ərazilərin köklü sakinləri olmayan ermənilər həmin torpaqlarda məskunlaşdıqdan sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər.
Ermənilər tarixi Azərbaycan torpaqlarında "böyük Ermənistan" yaratmaq xülyası ilə öz havadarlarının maddi və mənəvi köməyindən istifadə edərək XX əsrin əvvəllərində, yəni, 1905-1907-ci illərdə azərbaycanlılara qarşı bir sıra genişmiqyaslı qanlı qırğınlar törətmişlər. Kütləvi qırğınlar Bakıda başlamış və sonradan bugünkü Ermənistan ərazisindəki, Azərbaycan kəndləri də daxil olmaqla, bütün Azərbaycan ərazisini əhatə etmişdir.
1905-1907-ci illərdə olduğu kimi, Birinci Dünya müharibəsindən və Rusiyada 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri öz planlarını bolşevizm bayrağı altında həyata keçirməyə başlayırlar. Belə ki, 1918-ci ilin martında Bakı kommunası "əksinqilabi elementlərlə mübarizə" şüarı altında azərbaycanlıları bütün Bakı quberniyasında məhv etmək məqsədi daşıyan planı reallaşdırmağa başlayırlar. Bakıdan başqa, məhz etnik mənsubiyyətlərinə görə Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində minlərlə azərbaycanlı qəddarcasına öldürülür. Bu ərazilərdə mülki əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılmış və yer üzündən silinmişdi.
XIX əsrin sonları-XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci, 1915-1920-ci illərdə Bakıda, bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı, eyni zamanda, Azərbaycana qarşı ərazi iddiaları siyasətinin ilkin mərhələləri idi.
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi elan edilir. Həmin il Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. 4 iyun 1918-ci il tarixində Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistan ilə imzaladığı Batum müqaviləsi əsasında 28 may 1918-ci ildə Cənubi Qafqazda yaranmış ilk erməni dövlətinin 29 may 1918-ci ildə Azərbaycan tərəfindən güzəşt edilən paytaxtla birlikdə ərazisi indiki Ermənistanın qərb hissəsini əhatə etməklə ən azı 8000-10.000 kv. km təşkil edirdi. 30 noyabr 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğal olunmasından sonra Ermənistanın sovetləşdirilməsi məqsədilə Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın tərkibinə daxil edildi. Nəticədə, Naxçıvan bölgəsi Azərbaycanın əsas hissəsindən ayrı salındı.
1923-cü il iyulun 7-də isə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi "İnzibati mərkəzi Xankəndi olmaqla, Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında" qərar qəbul etdi. Ermənistanda yaşayan 300 mindən çox azərbaycanlı istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən imtina edilmişdir.
12 mart 1922-ci ildən 5 dekabr 1936-cı ilədək Azərbaycan, Gürcüstan və Ermənistan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasını (ZSFSR) təşkil edirdi. Azərbaycanın ZSFSR-ə qəbul olunmasına qədər Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi və Şərur-Dərələyəz qəzasının üçdə ikisi artıq Ermənistan ərazisi tərkibinə daxil edilmişdi. Azərbaycanın ZSFSR-ə qəbulundan sonra isə Qazax qəzasının bir xeyli hissəsi, Cəbrayıl qəzasından və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasından bir sıra kəndlər Ermənistanın ərazisinə daxil edildi. Beləliklə, "sovetləşdirmə" nəticəsində Ermənistan ərazisi əsasən Azərbaycan torpaqları hesabına 8.000-10.000 kv.km-dən 29.800 kv.km-ə qədər artdı.
Xaricdən gələn ermənilərin məskunlaşdılrılması bəhanəsi ilə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixlərində Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsinə dair xüsusi qərarlar qəbul etdi. Bu qərarlara əsasən, 1948-1953-cü illərdə 150.000-dən çox azərbaycanlı öz tarixi yurdlarından, Ermənistanın dağlıq bölgələrindən, o zaman da susuz Muğan çöllərinə və Mil yaylasına zorla köçürüldü.
1987-ci ilin sonunda Ermənistan açıq şəkildə Azərbaycanın Qarabağ bölgəsinə iddia qaldırdı. Bu iddialardan öncə Ermənistanın təhriki ilə Azərbaycanın Qarabağ bölgəsində, eləcə də Ermənistanda yaşayan azərbaycanlılara qarşı mülki şəxslərin ölümü, azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnmiş hücumlar baş vermişdir. Ərazi iddialarının irəli sürülməsindən qısa bir müddət sonra 250.000-dən çox azərbaycanlı Ermənistan adlandırılan ərazidən qovuldu.
XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin yaranma tarixi
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin (DQMV) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçiblər. Bununla da 1917-ci ilin fevralında çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra yenidən təkrar olundu.
1988-ci il fevralın 13-də keçmiş DQMV-nin mərkəzi Xankəndi şəhərində Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirildi. Fevralın 20-də keçmiş DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verdilər. Fevralın 22-də Əsgəran qəsəbəsi yaxınlığında ermənilərin keçmiş DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açması nəticəsində iki azərbaycanlı gənc öldürüldü.
1988-ci il iyunun 14-də Ermənistan SSR Ali Soveti keçmiş DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də keçmiş DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq etdi.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında" qərar qəbul etdi. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın hakimiyyət strukturları tərəfindən irəli sürülürdü. Həmin dövrdə Azərbaycan siyasi elitasının fəaliyyətsizliyi, respublikada siyasi liderin olmaması vəziyyəti daha da çətinləşdirirdi. Proseslərin gedişini hərtərəfli təhlil etməyi bacaran, məsələlərin həlli üçün xalqın iradəsini, prinsipial mövqeyini görən, əhalini vahid məqsəd uğrunda səfərbər edə bilən uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun siyasətdən uzaqlaşdırılması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərdi.
1991-ci ilin sonlarına qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistanın Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlaması ilə münaqişə yeni "qaynar mərhələ"yə keçdi. Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli, Şuşanın Malıbəyli və Quşçular, Xocavəndin Qaradağlı və Edilli kəndlərində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, keçmiş "Dağlıq Qarabağ"ın azərbaycanlı əhalisinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.
1993-cü ildə Ermənistanın şiddətlənən hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevdə gördü və ölkənin gələcək taleyini ona etibar etdi. Ulu Öndərin ciddi hərbi-təşkilati tədbirləri həyata keçirməsi, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi hərbi uğurları sayəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 20 min nəfərdən çox azərbaycanlı isə hərbi əməliyyatlar dövründə öldürülmüşdü.
Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəlmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
Əsası 1970-1980-ci illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verən Naxçıvanı, Cənubi Qafqazı Avropa və Asiya ilə, həmçinin bütün türk dünyasını coğrafi cəhətdən birləşdirən ən əlverişli körpü rolunu oynayan Zəngəzur dəhlizinin yaradılmasına Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsindən dərhal sonra başlamışdır. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətənimizin bir parçası olan Naxçıvanla nəqliyyat və digər kommunikasiya əlaqələrinin bərpa edilməsi fəaliyyətinə başlamaqla, 1920-ci ilin noyabrında tarixi və əzəli torpağımız - Zəngəzuru Ermənistana verməklə, türk dünyasını parçalamaq istəyən mənfur düşmənlərin arzusunu gözlərində qoydu, ümidlərini puç etdi.
Tarixi və əzəli torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahalıdır. Bunu hər bir hərbi qulluqçu bilməli və öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla, Azərbaycan Ordusu qüdrətini daha da artıraraq, Azərbaycan xalqının əzəli torpaqlarında sülh, əmin-amanlıq şəraitində yaşamasını təmin edəcəkdir.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi