Yolumuz işğaldan azad edilmiş ərazilərimizədi. Bu yerlər 30 ilə yaxın düşmən işğalında qalmışdı. Səngərlərdən, döyüş mövqelərindən həsrətlə baxdığımız doğma yerlərə indi tam təhlükəsiz gedirik. Artıq bu yerlərdə nə işğalçı düşmən var, nə də partlayan mərmilər. İllər uzunu bu düzlərdə lalələrdən çox güllələr açılırdı. Güllərin ətri qeyb olub barıt qoxusu saçırdı. Gəlişimiz də şaxtalı günlərə təsadüf etdiyindən güllər də solmuşdu, avtomatlardan da daha güllələr açılmırdı. Barıt qoxusundan təmizlənib xoş ovqat yaradan torpaq qoxusu adamı valeh edirdi. Yoldan bir qədər aralıda dağların ətəyində təlim keçən əsgərlər diqqətimizi çəkdi. Kapitan Kamran Məmmədov tabeliyində olan bölməni təlimə cəlb etmişdi. Əsgərlər təlimin ardıcıllığını təmin edir, öncədən təyin olunmuş sahədə hədəfə doğru irəliləyirdilər. Təlimi idarə edən zabit döyüş hazırlığı planına uyğun olaraq növbəti döyüş atışlı təlimin keçirildiyini bildirdi. Təlimə cəlb olunan şəxsi heyət həm də tədris dövründə yiyələndikləri bilik və bacarıqlarını praktiki nümayiş etdirirdi.
Əsgərlər komandirin verdiyi komanda əsasında hündür olmayan dərə-təpəli, kol-koslu dağ yamacı ilə şərti düşmənin yerləşdiyi hədəfə doğru irəliləyirdilər. Onlar mümkün qədər görünməz hərəkət edirdilər. Hamı bir nəfər kimi komandirlərin əvvəlcədən aşıladığı bacarıqları, maneələri keçməyi mümkün qədər gizlin həyata keçirməyə çalışırdı. Çalışmalar yüksək səviyyədə icra olunurdu. Diqqətimizi çəkənlərdən biri də pulemyotçu oldu.
Təlim yerində səngərdə mövqelənib diqqətlə irəli baxan pulemyotçu növbəti komandanı gözləyirdi. Səngərdə səmaya tuşlamış silahın qundağını çiynindən aralayıb elə uzandığı yerdəcə dirsəklənən pulemyotçu ilə söhbətə başladım.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ramiq Həsənov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Füzuli rayonunun Qarabağ kəndindəndir. Füzuli rayonu ermənilər tərəfindən işğal olunanda onların da dədə-baba evi yağmalanıb, yerlə-yeksan olan evlərin quru divarları qalıb. Ən böyük arzusu da doğma kəndə qayıdıb orada yeni həyata başlamaqdı.
Ramiqin hərbçi olması heç də təsadüf olmayıb. Düşmən işğalında olan torpaqlarımızı azad görmək, ehtiyac yarandığı halda döyüşərək Vətənə övladlıq borcunu yerinə yetirmək Ramiqin hərbçi peşəsini seçməkdə əsas məqsədi idi. Cəbhə bölgəsində yaşayıb görmədiyi, ancaq böyüklərin dilindən sevə-sevə eşitdiyi doğma Qarabağ kəndinə qayıtmaq onun ən böyük arzusu olub.
Ramiq İkinci Qarabağ müharibəsi zamanı bu yerlərdə döyüşüb, addım-addım silahdaşları ilə düşməni məhv edərək irəliləyib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "İgidliyə görə" medalları onun necə döyüşçü olduğunu bir daha təsdiq edir.
Döyüş atışlı təlimdə Ramiq ona verilən şərti hədəfləri sərrast atəşlə məhv etdi. Bu silah haqqında silahdaşlarına da müfəssəl biliklər aşılayır. Çünki bunu özünə həm də mənəvi borc hesab edir. Döyüş meydanında zərurət yarandıqda döyüşçü silahdan istifadə edərkən hər hansı bir çətinliklə qarşılaşmamalıdı. Onun məqsədi, məramı əsgərlərin döyüş və mənəvi hazırlığının daim yüksəkdə olmasıdır. Daşıdığı silaha qulluq göstərmək, yəni, onu həmişə təmiz və döyüşə yararlı saxlamağın vacibliyini də önə çəkir:
- Döyüşçü savaş meydanında silahdan istifadə edərkən hər hansı bir nasazlıqla qarşılaşmamalıdı. Əgər silaha müntəzəm texniki qulluq göstərilməzsə, döyüş meydanında bu silahdan istədiyin nəticəni əldə edə bilmərsən, - Ramiq dedi. O, çöl təlimi zamanı vaxt olan kimi silahın üzərinə çökmüş tozu silir. Orta məktəb illərində əzbərlədiyi bu məşhur misraları - “Silahını təmiz saxla...” - həmişə xatırlayır və buna ciddi cəhdlə əməl edir. Onun silahı döyüşə həmişə hazırdır.
Təlim zamanı pulemyotçu ilə qısa söhbətimiz bizə xoş ovqat bəxş etdi. Ramiqə və onun silahdaşlarına uğurlar diləyib ayrıldıq. Pulemyotçu isə dirsəkləndiyi yerdə yenidən silahı tuşladığı səmti müşahidə edir, növbəti komandanı gözləyir.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"
foto
Namiq PƏNAHOVUNDUR