Qəhrəmanlıq Vətənə sevgidən yaranır.
Qəhrəmanlıq Vətən naminə adi olmayan səviyyədə göstərilən igidlikdi.
Qəhrəmanlıq müharibə şəraitində də olur, müharibədə də, müharibəsiz vaxtlarda da. Bütün məqamlarda qəhrəmanlığı yaradan Vətəndi, ürəkdi, dövlətə, dövlətçiliyə sədaqətdi...
2017-ci ilin yazında Tovuz rayonunda Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin müəllifliyi ilə bənzərsiz bir tədbir keçirilirdi. Şəhidlər xiyabanından başlayan tədbir düşmənlə təmas xəttində yerləşən mövqedə davam etmişdi. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin, rayonun icra hakimiyyətinin rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə əsgərlərin də, zabitlərin də, iştirakçıların da baxışları deyirdi ki, təki Vətən yaşasın...
Mövqedə döyüş növbətçiliyinə gedən əsgərlər Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun barelyefinin - xatirə lövhəsinin önündə bir anlığa ayaq saxlamışdılar. Öyrənmişdik ki, hər gün döyüş növbətçiliyinə gedənlər də, döyüş növbətçiliyindən qayıdanlar da adı bu hərbi hissənin adlı siyahısına əbədi yazılmış qəhrəmanla belə ünsiyyətdə olurlar; baxışlar danışır. Əsgər baxışları Çingizə xitabən deyirdi ki, "Sənin döyüş yolunu bu gün biz davam etdiririk, sabah bizdən sonra xidmət edəcək əsgərlər davam etdirəcəklər. Sən əbədiyyən Vətənin əsgəri oldun, əsgər qardaşımız..."...
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov bu hərbi hissədə xidmət edib. 2016-cı ilin iyulundan bu mövqedə Vətənə sevgilərlə, Vətənə sədaqətlə döyüş növbətçiliyi aparıb....
Döyüş növbətçiliyində təlimatın icraçısı kimi qarşı tərəfin bütün fəaliyyətlərini diqqətlə izləyirdi, müşahidə sektorundan gördüklərinə vətəndaş kimi ürəyinin gözüylə baxırdı. Hərdən yumruqları düyünlənirdi. Xidmət yoldaşları xatırlamışdılar ki, Çingiz həmişə "Kaş universiteti bir il tez bitirəydim..." təəssüfü ilə yaşayırdı. Niyəsini soruşanlara deyərmiş ki, universiteti bir il tez qurtarsaydım, hərbi xidmətə bir il tez gələrdim, Aprel döyüşlərində iştirak edərdim...
Beş ay bu təəssüf Çingizin gündüzlər düşüncələrində olub, gecələr yuxularında...
Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olmuşdu, burada orta təhsil almışdı, 2012-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdu. Yaxşı oxuyurdu. Müəllimləri təhsilə həvəsini də, məsuliyyətliliyini də bəyənirdilər. Universiteti bitirəndə ona təhsilini davam etdirməyi, magistraturada oxumağı məsləhət görüblər. İstəməyib, "Hərbi xidmətdən sonra oxuyaram..." - deyib. Sonralar Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi ilə çəkilmiş "Hər şey yaxşı olacaq" sənədli filmində tələbələr bunu da xatırladırlar.
2016-cı il dekabrın 29-da əsgər Çingiz Qurbanov beş ay yaşadığı təəssüfü üstələdi, o təəssüfün zaman sərhədini keçdi, düşmənin üstünə tək getdi. Azərbaycan əsgəri kimi getdi - cəsarətlə, Vətən sevgisinin işığında qüdrətlə getdi.
Dekabrın 29-u idi. Hər gün müşahidə elədiyi nazik sulu çayı keçdi, seyrək ağaclığı keçdi, ağaclar sıxlaşanda bir anlığa ayaq saxlayıb qarşı tərəfi diqqətlə nəzərdən keçirdi. Gələn düşmənləri gördü. Atışdı. Şəhid olacağını bilirdi Çingiz. Şəhidliyinə qədər atışacaqdı. Son nəfəsinə kimi düşmənin nəfəsini tükəndirəcəkdi...
Çingiz şəhid oldu...
Azərbaycan əsgərinin bu cəsarəti, bu qəhrəmanlığı düşməni heyrətləndirmişdi. Neçə il əvvəl Etibar Hüseynov, sonralar Mübariz İbrahimov, indi də bu əsgər, hələ adını-soyadını bilmədikləri qəhrəman...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əsgər Çingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə xidmət etdiyi post Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adınadı. Müdafiə nazirinin digər əmri ilə Azərbaycanın Milli Qəhrəmanı əsgər Çingiz Qurbanovun adı hərbi hissənin siyahısında daimi olacaq...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvlərini qəbul edəndə dedi: "...Çingiz bilirdi ki, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı..." - bu kəlmələr qəhrəmanlığa dövlətin ehtiramıdı...
Beynəlxalq konvensiyalara məhəl qoymayan, müharibəaparma şərtlərinə əməl etməyən düşmən Çingiz Qurbanovun nəşini 39 gün vermədi. Azərbaycan əsgərinin cəsarəti onun hərbi qulluqçularını vahimələndirmişdi. Bu vahimənin ödənci kimi saxlayırdı Çingizin nəşini. Ancaq dövlətçilik qüdrəti düşmənin niyyətini çilik-çilik elədi. Azərbaycan dövlətinin qətiyyəti Ermənistanın inadını sındırdı...
Əsgər Çingiz Qurbanov böyük ehtiramlarla dəfn edildi...
"Çingiz Qurbanov adına post"a həmin gün Çingizin atası Salman kişi ilə birlikdə getmişdik. Xatırlayıram ki, atanın baxışları oğlunun daş baxışlarından üzülmürdü. Qəhər vardı o baxışlarda - oğlu oğullar sırasında deyil, qürur vardı o baxışlarda - oğlu Vətən naminə şəhid olub, həm də qəhrəmanlıqla, həm də belə qəhrəmanlıqla...
İllər sonra həmin postda həmin anları xatırlayanda zabitlərdən biri qəhəri üstələyən qürurla dedi ki, döyüş növbətçiliyinə gedənləri həmişə Çingizin baxışları uğurlayır...
Çingiz könül söhbətlərində dostlarına deyirmiş ki, magistraturada torpaqlarımız işğaldan azad ediləndən sonra oxuyacam; Çingizlər şəhidliyiylə bütün imtahanların fövqündə dayandılar...
Onu da xatırlayıram ki, əsgərlər Salman kişiyə Çingizin xidmət etdiyi postun yaxınlığından - nazik sulu həmin çayın bu sahilindən dərilən çiçəklər, bir də bir dəsmal arası torpaq vermişdilər. "Bu torpağı qardaşımızın məzarının üstünə səpin, gülləri məzarının üstünə qoyun. Qoy ruhu qoruduğu torpaqdan, qoruduğu torpağın çiçəklərindən aralı düşməsin...", - demişdilər...
Salman kişi göz dolusu əsgərləri süzmüşdü, üçünü də bağrına basmışdı, "Hərəniz mənə bir Çingizsiniz...", - demişdi...
...Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun da qəhrəmanlığı Vətənə, dövlətə, dövlətçiliyə sədaqətin ifadəsi idi..
Qəhrəmanlıq sədaqətin tarixidi...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"