Vətənimizin hər yerində olduğu kimi, qədim Naxçıvanda da azadlığımız, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi həmişə böyük ehtiramla yad olunur. Babək rayonunun Nehrəm kəndində şəhid Səməd İsmayılov adına 1 saylı tam orta məktəbdə keçirilən tədbir "Azərbaycan Bayrağı" ordenli, şəhid zabit Ruslan Mehman oğlu Qəhrəmanovun xatirəsinə həsr edildi.
Tədbirdə İcra hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri iştirak etdilər. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Bildirildi ki, ömürlərini Vətənə, xalqa həsr edənlərin həyatı hamımız üçün örnəkdir. 30 ilə yaxın davam etmiş işğala igid oğullarımızın tükənməz Vətən sevgisi ilə döyüşlərdə göstərdikləri rəşadətləri, şücaətləri ilə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bildirib ki, biz qəhrəman əsgər və zabitlərimizin sayəsində qələbəyə nail olmuşuq.
Tədbirdə kapitan Ruslan Qəhrəmanovun həyatı, döyüş yolu haqqında ətraflı məlumat verildi. O, bacarıqlı, cəsarətli, fədakar zabit kimi tanınıb. Həmişə döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib. 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşlərində də cəsarəti, mərdliyi ilə fərqlənib.
Kapitan Ruslan Qəhrəmanov 1988-ci ildə Almaniyada dünyaya göz açıb. Sovet qoşunlarının tərkibində Almaniyada “gizir” rütbəsində xidmət edən atası Mehman daha sonra xidmətini Gəncə şəhərində davam etdirir. Torpaqlarımızı müdafiə edənlərin sırasında olur. Murovdağ, Tərtər, Ağdərə döyüşlərində iştirak edir. Döyüş əməliyyatlarında yaralanır. Birinci Qarabağ müharibəsi əlilidir. Ruslanda hərbçi peşəsinə marağı atasının keçdiyi həyat yolu yaradıb.
1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseyi bitirdikdən sonra təhsilini indiki Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirib. Zabit peşəsinin sirlərini mənimsəyib. Buranı bitirdikdən sonra xüsusi təyinatlı hərbi hissələrin birində xidmətə başlayıb. İkinci Qarabağ müharibəsi başlayanda xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olunur. Murovdağ, Füzuli və Cəbrayılın işğaldan azad edilməsi üçün döyüşlərdə iştirak edir. 2020-ci il oktyabrın 5-də Cəbrayılda şəhid olur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Babək rayon Təhsil şöbəsinin müdiri Sahil Əlizadə çıxışında bildirdi ki, Azərbaycan xalqı, rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin tarixinə şanlı Zəfər yazdı. “Xalqımız dünyada qalib xalq kimi tanındı. Vətənimizin ərazi bütövlüyü tam bərpa olundu. Tarixi qələbəmiz bu gün xatirəsini yüksək ehtiramla yad etdiyimiz kapitan Ruslan Qəhrəmanov kimi zabit və əsgərlərin sayəsində mümkün oldu. Biz onların xatirəsini həmişə yad edəcəyik. Onların həyatı hər birimiz üçün örnəkdir”.
Məktəbin direktoru Qabil Mirzəyev, müəllim Kifayət Səfərova və başqaları da Vətən müharibəsində qəhrəman oğulların göstərdikləri rəşadətlərdən, şəxsi igidliklərdən danışdılar. Şəhid qardaşı Tağı Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Məktəb rəhbərliyinin təşəbbüsü ilə siniflərdən birinə kapitan Ruslan Qəhrəmanovun adı verildi. Şəhidin atası Mehman Qəhrəmanov şəhid ailələri adından tədbirin təşkilatçısına və iştirakçılara minnətdarlığını bildirdi.
Mübariz MUSAYEV
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü