Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Fevral 2025 17:52

Bacarıqlı sürücü

Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mühüm amillərdən biri də hərbi qulluqçuların onlara təhkim olunmuş silah və texnikanın daim saz vəziyyətdə saxlanılması, vaxtlı-vaxtında zəruri texniki qulluğun göstərilməsi, qarşıda duran tapşırıqların icrasında fəaliyyətin fasiləsiz təmin edilməsidir. "N" hərbi hissəsində texnikaya böyük həvəslə texniki qulluq göstərərək diqqətimizi çəkən hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Namus İsmayılov ilə tanış olduq.
Əslən Neftçala rayonundan olan Namus İsmayılov 11 ildir ki, Azərbaycan Ordusunun sıralarında xidmət edir. O, Vətənə sədaqəti, nizam-intizamı və peşəkarlığı ilə fərqlənən hərbi qulluqçulardandır. Ona yaxınlaşaraq avtomobilin texniki vəziyyətində bir problemin olub-olmadığını soruşduqda əminliklə bildirdi ki, idarə etdiyi texnika tam saz vəziyyətdədir və istənilən zaman çıxışa hazırdır.
Hərbçi olmağının səbəbini soruşanda isə Namus İsmayılov dedi ki, Vətəni sevmək, millətinə, xalqına az da olsa faydalı olmaq hər bir vətəndaşın vətəndaşlıq borcudur. "Hər kəs bu sevgini öz əməlləri ilə nümayiş etdirir. Seçdiyimiz peşəyə uyğun hər birimiz ana Vətənimizə xidmət edirik. Doğma Azərbaycanımıza xidmət etmək, Vətənin hər qarışına sinəmi sipər edib onu qorumaq mənim də amalım idi. Bu amal mənim peşə seçimimə öz təsirini göstərdi. Hər zaman çalışıram ki, xidmətimlə digərlərinə nümunə olum".
Namus İsmayılov öz ixtisası üzrə danışaraq bildirdi ki, sürücü ona təhkim olunan hərbi nəqliyyat vasitəsini istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə etməli və ona vaxtlı-vaxtında texniki qulluq göstərməlidir. "Hərbi sürücü olmaq ikiqat məsuliyyətlidir. Çünki hərəkətdə olduğun zaman gözlənilmədən hadisə baş verə bilər. Qəfil yaranan nasazlıqları dərhal aradan qaldırmağı, qarşına çıxan çətin vəziyyətdən, döyüş meydanından, atəş altından çıxmağı bacarmalısan. Daim üzərimizdə çalışmalı, həm nəzəri, həm də praktiki biliklərimizi artırmalıyıq. Sürücü həm də öz məsuliyyəti, peşəkarlığı, təmkini ilə digərlərindən seçilməli, həmçinin yol hərəkəti qaydalarını bilməli və onlara riayət etməlidir".
Söhbət əsnasında hərbi qulluqçumuzun Vətən müharibəsi və antiterror əməliyyatında iştirak etdiyini də öyrəndik. Qarşılaşdığı çətinliklərə baxmayaraq, döyüşlərdə təminatların daşınması tapşırıqlarını vaxtında yerinə yetirməyi bacarıb. Torpaqlarımızın işğaldan azad olunmasında az da olsa payı olduğu üçün özünü qürurlu hiss edir.
Namus İsmayılov ilə söhbətimiz xoş əhval-ruhiyyə yaratdı. Bir daha əmin olduq ki, Azərbaycan Ordusunda ixtisasından asılı olmayaraq xidmət edən hərbi qulluqçularımız öz peşəsinin sirlərinə dərindən yiyələnir, qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.


Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"