Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunub. Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qazanılan şanlı Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanan bu Sərəncam dövlətçiliyimizin inkişafında, suverenlik dəyərlərimizin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edən bir hadisədir.
Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyası Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul olunub. 1995-ci il iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından noyabr ayında keçirilən referendumadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etmişdi. Ulu Öndər bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək, qəbul olunmasına çalışırdı və buna da nail olmuşdu. Konstitusiyanın qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmış, müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, onun hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapmışdır. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.
İstər Ulu Öndərin hakimiyyəti dövründə, istərsə də onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə olundu. Dövlətimizin başçısının rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirildi. Azərbaycanın sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar, 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24-cü maddəsində, 2009-cu il martın 18-də isə 25-ci maddəyə əlavə və dəyişikliklər olundu. Bu dəyişikliklər ölkəmizin sosial-iqtisadi bazasının gücləndirilməsi, eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendumda Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edildi. Konstitusiyanın 29-cu maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmişdir. Beləliklə, əsas qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırıldı.
Müstəqilliyini əldə etdikdən sonra ölkəmiz daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalırdı. Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdi və hərbi gücdən istifadə edərək, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etdi. Bundan başqa, mənfur qonşularımız Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparır, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törədirdi. Nəticədə şəhər və kəndlərimiz viran edildi, həmvətənlərimiz öz ata-baba yurdundan didərgin düşdülər.
Təməli Dahi Lider Heydər Əliyev tərəfindən qoyulan milli ordu quruculuğu prosesi dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildi, Azərbaycan gündən-günə güclənərək dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsində Azərbaycan Ordusunun maddi-texniki bazası daha da möhkəmləndirildi, ordumuzun arsenalına ən müasir silah-sursat və hərbi texnika daxil edildi, keçirilən intensiv təlimlər sayəsində hərbi qulluqçularımızın döyüş qabiliyyəti durmadan təkmilləşdirildi.
"Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik", - deyən Ümummilli Lider Heydər Əliyevin arzuları reallaşdı.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar oldu. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə hərbi qulluqçularımız igidlik və şücaət nümayiş etdirərək tarixi yurd yerlərimizi işğaldan azad etdilər.
Vətən müharibəsindəki uğursuzluğundan nəticə çıxara bilməyən Ermənistan yenidən təxribatlara əl atırdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin qalıqları ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutur, mövqelərimizin dərinliyinə sızaraq, minalardan təmizlənmiş əraziləri və mülki təyinatlı yolları terror-təxribat məqsədilə yenidən minalayırdı. Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bəyan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı birləşmələrinin qalıqlarının mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başlanıldı. 24 saatdan az davam edən əməliyyat nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. İstər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatında qazanılan qələbələr yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsidir. Qalib Azərbaycan Ordusu bu əməliyyat zamanı qarşıya qoyulmuş bütün vəzifə və tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, müdrik siyasəti və şəhidlərimizin canı, qanı bahasına Dövlət Bayrağımız bu gün suverenliyimizin bərqərar olunduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanmaqdadır.
Bu gün xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin və ölkəmizin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının təntənəsini qürurla yaşayır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlığının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olan bu qərar ötən dövrdə olduğu kimi, cari il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlarda Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacaqdır. Şübhəsiz ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsinə, o cümlədən Böyük Qayıdışa layiqli töhfə verən qalib Azərbaycan Ordusu bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq, yeni uğurlar əldə etmək üçün döyüş və mənəvi-psixoloji hazırlığını daim gücləndirəcək.
Elçin İMANOV
"Azərbaycan Ordusu"