Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2025 12:12

Azərbaycanın hərb tarixi: əsrlərin sədası

Azərbaycan tarixi zəngin hərbi ənənələri ilə tanınır. Coğrafi mövqeyi, Şərqlə Qərb arasında strateji keçid nöqtəsində yerləşməsi ölkəmizi əsrlər boyu müxtəlif müharibələrin və tarixi proseslərin mərkəzinə çevirib. Azərbaycan xalqının hərb tarixi müstəqillik uğrunda mübarizə, dövlətçilik prinsiplərini qorumaq və işğallara qarşı göstərilən qətiyyətli müqavimət nümunələri ilə zəngindir.
Tariximizdə hərbi ənənələrin başlanğıcı Eneolit dövrünə təsadüf edir. Qobustan qayaüstü təsvirlərində ibtidai dövr insanlarının ovçuluq və döyüş səhnələri əks olunmuşdur. Şumer, Akkad və Elam mədəniyyətləri ilə sıx əlaqələr Azərbaycan ərazisində inkişaf etmiş hərbi bacarıqların və müasir dövrün ilk ordu strukturlarının formalaşmasının başlanğıc nöqtəsidir.
Midiya imperiyası (e.ə. VII əsr) Azərbaycan ərazisinin hərbi-siyasi həyatında mühüm rol oynamışdır. Midiya ordusu dövrün ən güclü hərbi qüvvələrindən biri olub, Assuriyaya qarşı zəfərlə nəticələnən müharibələr aparan öz Azərbaycan torpaqlarında ilk dövlətçilik ənənələrini qurmuşdu.
Azərbaycan ərazisində ən qədim dövlətlərdən biri olan Qafqaz Albaniyası (e.ə. IV əsr-b.e. VIII əsr) regionda mühüm hərbi-siyasi rol oynayıb. Albaniya ordusu dövrün böyük imperiyaları olan Roma və Sasanilərə qarşı müxtəlif döyüşlər aparıb. Həmin dövrdə istifadə olunan döyüş arabaları, atlı süvari orduları və daş sikkələrdə əks olunan silah növləri hərbi qüdrətin simvolu idi.
VII əsrin ortalarında Azərbaycan ərazisi Ərəb xilafətinin tərkibinə daxil edildi. Bu dövrdə yerli xalqlar İslam dinini qəbul etməklə yanaşı, ərəb ordularında xidmət etməyə başladılar. Ərəb fəthləri dövründə Azərbaycandan olan döyüşçülər də hərbi yürüşlərdə iştirak etdilər.
Sonrakı əsrlərdə yerli Azərbaycan dövlətləri, xüsusilə Şirvanşahlar, Eldənizlər və Səfəvilər güclü hərbi qüdrətləri ilə fərqlənirdi. Şirvanşah ordusu dövrün ən yaxşı təlim keçmiş süvari dəstələrindən biri sayılırdı.
XI əsrdə Səlcuqlu İmperiyası Azərbaycan torpaqlarını nəzarət altına aldı. Bu dövrdə Azərbaycan ordusunda hərbi təşkilatlanma yüksək səviyyəyə çatmışdı. Səlcuqluların qüdrətli süvari dəstələri tarixin ən güclü orduları sırasında yer alırdı.
XVI əsrdə Səfəvi imperiyasının qurulması ilə Azərbaycan hərbi qüdrətinin yeni dövrü başlandı. Səfəvilər dövründə nizami ordu və döyüş texnologiyaları inkişaf etdirildi, hərbi strategiya əsas dövlət siyasətinə çevrildi.
XVIII əsrin sonları, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları arasında Qarabağ xanlığı xüsusi hərbi gücü ilə seçilirdi. İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı həm daxili, həm də xarici düşmənlərə qarşı uğurlu döyüşlər apardı. Lakin XIX əsrdə Azərbaycanın Çar Rusiyasına birləşdirilməsi hərb tarixində mühüm dəyişikliklərə səbəb oldu.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövlətin müasir ordu quruculuğunun əsasını qoydu. AXC-nin 1918-ci il iyunun 26-da yaratdığı ordu müasir Azərbaycan Ordusunun təməllərini təşkil etdi. AXC-nin süqutundan sonra Azərbaycan Sovet İttifaqının tərkibinə daxil edildi və milli hərbi siyasət məhdudlaşdırıldı.
1991-ci ildə müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri yenidən quruldu. Doğma Qarabağımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad edilməsi Azərbaycanın hərb tarixində mühüm bir dövr kimi yadda qaldı.
İkinci Qarabağ müharibəsi müstəqil Azərbaycanın hərb tarixində qürurverici bir səhifədir. Azərbaycan Ordusu müasir texnologiyalar, intizam və strategiya sayəsində torpaqlarımızı işğaldan azad etdi. Bu zəfər Azərbaycan Ordusunun dünya miqyasında nüfuzunu artırdı.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. Azad olunmuş torpaqlarımızda bu gün şanlı Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
Azərbaycanın hərb tarixi yalnız döyüşlər və müharibələrlə deyil, həm də xalqımızın vətənpərvərlik ruhu və müstəqillik uğrunda mübarizəsi ilə zəngindir. Bu tarix əsrlərin sədası olaraq bu gün də yeni nəsillərə ilham verir və dövlətimizin inkişafında mühüm rol oynayır.

Elvin VƏTƏNDUST

"Azərbaycan Ordusu"