İbrahim ağa Paşa ağa oğlu Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. İbrahim ağa Vəkilov 1866-cı ilin sentyabrında Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olur. Burada doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, "praporşik" hərbi rütbəsi alır. Xidmət üçün Tiflisə göndərilən gənc hərbçi bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində xidmət edir.
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. Belə bir ciddi işi vaxtından əvvəl - iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək ordeni olan "Şire-Xurşid" ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. "Mayor" rütbəsində yenidən Qafqaz hərbi dairəsində xidmətini davam etdirir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912-1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən, polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik 1917-ci il inqilabından sonra Tiflisə qayıdır.
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir.
1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində fəal çalışanlardan olub. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər şuralarının seçkilərinə rəhbərlik etməyə göndərir. Vəkilovun nüfuzu yeni yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin bölgədə dərinləşməsinə güclü təkan verir.
1918-ci il iyunun 23-də Respublika Daxili işlər nazirinin əmri ilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığınacaq tapan daşnak tör-töküntülərinə qarşı mübarizə aparan qubernator onları tərk-silah edir.
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilir. İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.
6 may 1919-cu ildə general-mayor İbrahim ağa Vəkilov hökumətin əmri ilə Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi təyin olunur. O, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna qədər bu vəzifədə xidmət edir.
1919-cu ilin dekabrında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında Baş Qərargah İdarəsi qərar verir. Bayrağın yaradıcısı hərbi topoqrafiya şöbəsinin rəisi general-mayor İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir üzündə əski əlifba ilə "Azərbaycan", o biri üzündə isə müqəddəs “Qurani-Kərim” kitabından "Allahdan kömək və qələbə yaxındadır" ayəsi yazılır. Baş Qərargah İdarəsinin verdiyi qərarda göstərilir ki, süvari və piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.
1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı general-mayor İbrahim ağa Vəkilov olmuşdur.
Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsi ilə (1886), "Müqəddəs Stanislav" ordeninin ikinci dərəcəsi ilə (1894), "Müqəddəs Anna" ordeninin ikinci dərəcəsi ilə (1897), "Müqəddəs Vladimir" ordeninin dördüncü dərəcəsi ilə (1903) qiymətləndirilib.
İbrahim ağa Vəkilov Sovet hakimiyyəti qurulduqdan sonra müəllimlik fəaliyyəti ilə məşğul olur. Daha sonralar isə Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiya-Geodeziya İdarəsinin rəisi vəzifəsində, Azərbaycanın Qədim Dövr İncəsənət Abidələrini və Təbiəti Mühafizə Komitəsində çalışır.
İbrahim ağa Vəkilov 1934-cü il iyunun 2-də vəfat edib.
"Azərbaycan Ordusu"