Orduda bütün ixtisaslar kimi, sürücülük də gərəklidir. Sürücü olmaq istəyən hər kəsin, ilk növbədə, avtomobil haqqında müfəssəl bilikləri olmalıdır. Belə olduğu halda, sürücü avtomobili rahat və təhlükəsiz idarə etməklə yanaşı, texnikanın daim işlək vəziyyətdə olmasını və ona mütəmadi texniki qulluq göstərilməsini təmin edə bilər.
Hərbi hissənin avtomobil parkında mayor Ülvi Zərbəliyevlə görüşdük. Bacarıqlı, öz işinin öhdəsindən layiqincə gələn sürücülərdən söz düşəndə zabit Ü.Zərbəliyev qeyd etdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ramil Əliyev həm intizamına, həm də bilik və bacarıqlarına görə həmişə fərqlənib.
Əsgərlər üstüörtülü saxlanclarda olan texnikalara qulluq göstərirdilər. Onlar təhkim edilən avtomobillərin səfər öncəsi əyləc və elektrik sisteminin sazlığını nəzərdən keçirirdilər. Hər bir texnika idarə olunmazdan əvvəl park növbətçisi və texniki nəzarət məntəqə rəisi tərəfindən yoxlanılır. Avtomobilin tam yararlı olmasına əmin olunduqdan sonra çıxışa icazə verirlər. Sürücü Ramil Əliyevin idarə etdiyi avtomobil hər an çıxışa hazır vəziyyətdə olur. Çünki o, texnikanın sazlığını həmişə diqqətlə nəzərdən keçirir. Avtomobildə yaranan hər hansı bir nasazlığı dərhal aradan qaldırır. Özünün təmirə gücü çatmadığı halda parkdakı təmir briqadasına müraciət edir və onların köməyilə maşın çıxışa hazır vəziyyətə gətirilir.
Çavuş Ramil Əliyevlə xidmət yerində görüşdük. Məlum oldu ki, o, hələ yeniyetmə yaşlarında avtomobilə böyük maraq göstərməkdən çox onun təmirinə can atıb. Hərbi hissədə sürücüyə ehtiyac yarandığını eşidəndə isə tərəddüd etmədən özünü bura yetirib.
- Hərbi hissədə sürücü kimi xidmət etmək mənim üçün ikiqat sevincdir. Burada sürücü olmağımla gənc sürücü yoldaşlarıma da bu peşənin incəliklərini öyrədirəm. Elektrik, mühərrik və digər təmir işlərini yüksək səviyyədə bilməsəm də, yetərincə anlayışım var və ortaya çıxan bəzi nasazlıqları özüm aradan qaldırmağa çalışıram, - R.Əliyev dedi.
Çavuş Ramil Əliyev İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatında idarə etdiyi avtomobillə qarşıya qoyulan tapşırıqları yerinə yetirib.
Sürücü Ramil Əliyev yenə çıxışa hazırlaşır. Onun avtomobili həmişə olduğu kimi təmiz və çıxışa hazırdır. Bu səbəbdən də onun avtomobilinə baxış çox çəkmir və sürücü göstərilən məntəqəyə çatmaq üçün parkı tərk edir...
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"