Hər bir insanın həyat yolu onun xarakterini, inancını və seçimlərini əks etdirir. Kimi elmin, kimi sənətin, kimi də hərbi xidmət yolunu seçir. Kapitan Toğrul Fətullayev də hərb yolunu seçənlərdəndir. Ömrü nizam-intizamın, dəqiqliyin və Vətənə xidmətin qaydalarına uyğun formalaşıb. Onun keçdiyi yol təkcə peşənin deyil, həm də iradənin göstəricisidir.
Toğrul Fətullayev 14 fevral 1995-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Uşaqlıq illəri Naxçıvanın özünəməxsus mühitində keçib. 7 nömrəli məktəbdə aldığı təhsil ona bilik qazandırmaqla yanaşı, gələcək planlarını müəyyənləşdirmək imkanı da verib. Erkən yaşlarından hərb sahəsinə maraq göstərməyi 2010-cu ildə onu Heydər Əliyev adına Hərbi Liseyə gətirib.
Hərbi lisey illəri onun xarakterini daha da möhkəmləndirib. Rejim, intizam və fiziki hazırlıqla yanaşı, gələcəyin zabiti olmağın məsuliyyətini də dərk etməyə başlayıb. Hərbi liseyi 2013-cü ildə uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Ali hərbi məktəbdə aldığı nəzəri biliklər keçdiyi planlı təlimlər və onun hərbi bilik bazasını formalaşdırıb. 2017-ci ildə məktəbi bitirdikdən sonra xidmətə başlayıb.
Kapitan Toğrul Fətullayev hərbi əməliyyatlarda iştirak edərək real döyüş təcrübəsi qazanıb. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi onun həyatında ən önəmli mərhələlərdən biri olub. Döyüş tapşırıqlarını yerinə yetirərək həm şəxsi bacarıqlarını, həm də hərbi təcrübəsini artırıb. O, həmçinin 2023-cü ildə keçirilən antiterror əməliyyatında da iştirak edib.
Zabit hərbi xidmətini yalnız fərdi bacarıq kimi deyil, həm də bir ənənənin davamı kimi görür. Onun qardaşı mayor Tural Fətullayev Dövlət Sərhəd Xidmətində xidmət edir və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
Toğrul Fətullayev ailəsində şəhidlik anlayışının nə demək olduğunu erkən yaşlarından dərk edib. Dayısı Teymur Alməmmədovun igidliyi, azadlıq uğrunda mübarizəsi Toğrulun dünyagörüşünə, Vətənə bağlılığına təsirsiz ötüşməyib. 20 Yanvar şəhidi olan Teymur Alməmmədovun fədakarlığını bilmək, onun xatirəsini yaşatmaq Toğrul üçün bir borca çevrilib. Bəlkə də elə bu səbəbdəndir ki, o, hərbi xidmət yolunu seçərək, öz həyatını Vətənə həsr edib. O da bildirdi ki, Vətən anlayışı adi bir söz deyil, onu qorumaq, xidmət etmək, fədakarlıq göstərmək deməkdir. Toğrul dayısının şəhid olduğu Vətəni qorumağı özünə mənəvi borc bilib.
Kapitan Toğrul Fətullayevin hərbi xidməti Azərbaycan Ordusunun yüksək ixtisaslı kadr potensialının inkişafına töhfə verən nümunələrdən biridir. O, hərbi sahədə qazandığı bilik və təcrübəni gündəlik xidmətdə tətbiq edərək, daim inkişafına önəm verən zabitlərdəndir. Onun keçdiyi yol hərbçiliyin sadəcə bir peşə olmadığını, eyni zamanda, bir həyat tərzi olduğunu göstərir. Azərbaycanın təhlükəsizliyinin və suverenliyinin qorunmasında xidməti olan hər bir zabit kimi, Toğrul Fətullayev də bu missiyanı məsuliyyətlə yerinə yetirir.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"