Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2025 12:01

Vətənpərvər oğul, peşəkar zabit

Birinci Qarabağ müharibəsində Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun əli silah tutan bütün oğulları yerli özünümüdafiə dəstələrində birləşərək, erməni yaraqlılarına qarşı mərdliklə döyüşüblər. İllərlə Tovuz rayonunun sərhəd ərazisində yerləşən kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə məruz qalıb, kənd camaatının həyatı daima təhlükədə olub, təsərrüfatlarına külli miqdarda ziyan vurulub. Tovuz düşmən tərəfindən atəşkəsin daha çox pozulduğu rayonlarımızdan biri idi.
Seyfəddin də döyüş bölgəsində ordu bölmələrinin, hərbi formalı insanların, hərbi texnikaların, hərbi maşınların olduğu müharibə şəraitində böyüyüb boya-başa çatıb. Atası Fəxrəddin Həsənov da Birinci Qarabağ müharibəsinin ağır illərində baş leytenant hərbi rütbəsində döyüşlərdə iştirak edib. Bu mühitin təsiri də onu hərbin yollarına gətirib çıxarmışdı... Tovuz rayonunun Seyfəddin kimi onlarla oğlu Azərbaycan Ordusunun zabiti olaraq, respublikamızın müdafiəsinin təmin edilməsində və ərazi bütövlüyünün bərpa olunmasında iştirak edib.  
Böyüyüb boya-başa çatdığın və yaşadığın mühit səni formalaşdırır, gələcək həyat yolunu müəyyənləşdirir. Seyfəddinin də həyat yolunu yaşadığı müharibə şəraiti çizmişdi... Həsənzadə Seyfəddin Fəxrəddin oğlu 9 yanvar 1990-cı ildə Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub. Doğma rayonunun düşmənlə sərhəddə yerləşməsi, hər gün müxtəlif silahlardan açılan atəş səsləri, müharibə şəraiti onun da həyatında və gələcək peşə seçimində mühüm rol oynayıb. Hələ ibtidai sinifdə oxuyarkən hərbçi olacağını valideynlərinə, doğmalarına, müəllimlərinə və dostlarına bildirib. Hamı ona seçdiyi peşənin müqəddəs və şərəfli olduğunu deyib, uğurlar arzulayıb.
Orta məktəbdə oxuduğu zaman "Sağlam bədəndə sağlam ruh olar" devizi ilə idmanın sərbəst güləş növü ilə məşğul olub. Respublika yarışlarında kiçik yaşlı uşaqlar arasında bir dəfə, gənclər arasında isə üç dəfə birinci yeri qazanıb.
Zamanı çatanda Seyfəddin sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edib. Yüksək nəticələr göstərərək liseyə qəbul olub. O, 2006-2009-cu illərdə burada təhsil alıb. Hərbi təhsilini 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) davam etdirib.
Seyfəddin Həsənzadə 2013-2014-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) "Zabit təkmilləşdirmə kursu"nu bitirdikdən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində xidmətə başlayır. Müxtəlif vəzifələrdə xidmət edən zabit daha sonra xidmətini yeni yaradılan komando hərbi hissəsində davam etdirir.
Zabit S.Həsənzadə hərbi hissəsinin poliqonunda keçirilən növbəti təlimdə bölmənin şəxsi heyətinin döyüş atışlı taktiki təliminə nəzarət edirdi. O, söhbətində bildirdi ki, şəxsi heyətin təlimlərdə döyüş hazırlığının, peşəkarlığının daha da güclənməsi və artırılması nəzəri biliklərin təcrübədə hansı səviyyədə tətbiqindən asılıdır. "Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı daima artırılır. Bunun üçün də keçirilən təlimlərə, dərslərə müasir yanaşmalar var, tələblər ciddidir. Bütün bunların yüksək səviyyədə tətbiqi müasir ordu quruculuğunda əsas şərtdir".
Mayor S.Həsənzadə ordumuzun vətənpərvər və peşəkarlığını daima artırmağa can atan zabitlərdən biridir. O, müxtəlif beynəlxalq hərbi təlimlərdə iştirak edib, kurslar keçib, həmin kursları yüksək nəticələrlə başa vurub.
Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 17-də  Seyfəddin də döyüş əməliyyatlarına cəlb olunub. Bölmələrin tərkibində Füzuli, Xocavənd, Şuşa istiqamətlərində gedən ağır döyüş əməliyyatlarında şücaət və fədakarlıqla döyüşüb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə mayor Seyfəddin Fəxrəddin oğlu Həsənzadə "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Zabit şəhid komandiri, dostları, haqqında danışaraq, onların adlarını xatırlatmağı da özünə mənəvi borc bildi. "Onlar torpaqlarımızın azadlığı, xalqımızın haqq işi uğrunda şəhid oldular. Onların xatirələri həmişə yad ediləcək. Məkanları cənnət olsun. Vətənpərvər, peşəkar zabit, komandirim olmuş Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyev, yaxın dostlarım "Azərbaycan Bayrağı" ordenli baş leytenant Məmmədhəsən Sadıqlı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli kapitan Elvin Əliyev, leytenant Ruslan Bayramov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayıl Yüzbaşıyev, eyni hərbi hissədə xidmət etdiyim, yaxın qohumum leytenant Mais Yaqubov əsl qəhrəmanlıq nümunəsidirlər. Onlar şəhidlikləri ilə milli-mənəvi dəyərlərimizi uca tutdular, torpaq, Vətən heysiyyatımıza əbədilik qazandırdılar".
Zabitlər əsgərlərə xidmətin Vətənə sədaqət borcu olduğunu da xatırladır, vətəndaşlıq borcu olduğunu da. Hərbi xidmətini böyük vətəndaşlıq borcu bilənlərin sırasında mayor Seyfəddin Həsənzadə də var...

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR