Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir
Respublikamızda gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm nəticələrə nail olunub.
1970-1980-ci illərdə respublikamıza rəhbərlik edərkən Ümummilli Lider Heydər Əliyev ölkəmizdə sağlam düşüncəli yeni nəslin formalaşması sahəsində uzaqgörənliklə elə işlər görmüşdür ki, onların bəhrələrindən müstəqil respublikamız indi də faydalanmaqdadır. 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasi və iqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüşün yaranmasına, dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində bir çox əhəmiyyətli işlərin görülməsinə səbəb oldu.
Ulu Öndər müstəqillik şəraitində gənclərin roluna, fəal vətəndaşlıq mövqeyinin formalaşmasına müstəsna əhəmiyyət verirdi. O, müasir Azərbaycan gəncliyinin müxtəlif qruplarının, dəstələrinin fəaliyyətinin təşkilati baxımdan sıx əlaqələndirilməsinə ciddi əhəmiyyət verərək, 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı, onun faydalı fəaliyyət göstərməsi üçün əlverişli mühitin qərarlaşması istiqamətində bir çox işlər gördü. Əslində, Azərbaycanda gənclər siyasəti məhz həmin ildən icra edilməyə başlanıldı. Məlum dövrün mövcud çətinliklərinə baxmayaraq, gənclərin səmərəli fəaliyyətinin təmin olunması və inkişafı üçün yeni imkanlar açıldı, münbit şərait yaradıldı.
Gənclər də Vətənimizin ən çətin anlarında Ulu Öndərin çağırışı ilə meydanlara axışdı, başı bəlalar çəkmiş ölkəmizi xilas etdi. "Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır" deyən Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin böyük rolu vardır. Onlar müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin inkişafına böyük töhfələr verirlər. Ulu Öndər Heydər Əliyevin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır: "Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir".
Heydər Əliyev qeyd edirdi ki, “...gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir".
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz fəaliyyətində gənclərlə iş məsələsinə çox həssaslıqla yanaşır, ölkəmizin bu günü və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün lazım olan hər şeyi edir. Məlum olduğu kimi, dövlət başçısının 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşması məqsədilə respublikamızda Gənclər Fondu yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günün gəncliyinə ünvanlanmış "Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm" sözləri, əslində, Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlətimizin başçısı gənclər siyasətini uğurla davam etdirərək, 2007-ci ili ölkəmizdə "Gənclər İli" elan etdi. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı ildən-ilə artırılır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlaşmasına da zəmin yaradır.
Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın böyük əhəmiyyəti olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, bundan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Ötən dövr ərzində adı çəkilən strategiya və proqram gənclər siyasətinin səmərəli həyata keçirilməsində, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasında əhəmiyyətli rol oynayıb. Bu, eyni zamanda, təhsil sisteminin gücləndirilməsinə, ölkədə elmi potensialın artırılmasına əsaslı şərait yaradıb.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi nitqində hazırda gənclərin potensialına xüsusi önəm verildiyini, onların bilik və bacarıqlarından səmərəli istifadə edildiyini vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və dayanıqlı islahatlar həyata keçirilir. Bu islahatlar, eyni zamanda, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycanın gələcəyi naminə onların layiqli işlə təmin olunmaları, həmçinin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal rol almalarına mühüm təsir göstərir.
Biz əldə etdiyimiz bu uğurlarımıza görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borcluyuq. Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfər qazanmışdır.
Prezident cənab İlham Əliyev söyləmişdi: "Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq".
Ölkəmizdə Gənclər Günü 28 ildir ki, qeyd olunur. Biz tarixi hadisələrlə zəngin bir dövr yaşayırıq. Bu gün Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətdir. Hər bir Azərbaycan gənci Ali Baş Komandanın əsgəridir.
Bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki gənclər mənsub olduğu xalqı təmsil edirlər. Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri, Prezident İlham Əliyev gənclərimizə daha güclü, daha zəngin bir ölkə bəxş edib.
Bu gün Azərbaycanın gələcəyi olaraq gənclərin üzərinə çox böyük vəzifələr düşür. Biz gənclər də öz növbəmizdə göstərilən etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Prezident İlham Əliyevin gərgin əməyi sayəsində 30 il ərzində məhv edilmiş Qarabağın Ermənistan silahlı birləşmələrinin işğalından azad edildikdən sonra yenidən dirçəldilməsi kimi şanlı missiya davam edir. Ali Baş Komandan İlham Əliyevin ölkəmizin rifahı, xoşbəxt gələcəyi naminə gördüyü işlər milli inkişafa xidmət edir. Dövlətimizin başçısının Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlətimizin hüquqi əsaslarının və müstəqilliyinin daha da gücləndirilməsinə yönəlmiş strateji bir addımdır. Milli dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyətə malik olan bu sənəd ölkə gəncləri tərəfindən böyük rəğbətlə qarşılandı. Bu sərəncam dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirməklə, hüquq və qanunun aliliyi prinsipinə əsaslanan islahatların davamlı olmasına yol açmaqla bərabər, gələcək nəsillər üçün də möhkəm siyasi irs yaratmış olacaq. Ali Baş Komandan İlham Əliyevin sayəsində "Konstitusiya və Suverenlik İli" kimi tarixə düşən 2025-ci il də qürur dolu şərəfli səhifələrdən biri olacaq.
Günel MƏLİKLİ
Milli Müdafiə Universitetinin professoru