Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2025 11:50

Ordu quruculuğunda gənclərin rolu əvəzsizdir

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:

Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik

Gəncliyin savadlı, geniş dünyagörüşlü, vətənpərvər ruhda formalaşması hər bir dövlət üçün vacibdir. Cəmiyyətin aparıcı təbəqəsi əsasən gənclərdir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Azərbaycanın inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinin hər mərhələsində gənclərimiz özünəməxsus rol oynayıblar. Ordu quruculuğunda da gənclərin rolu əvəzsizdir. Onlar Vətən qarşısında borclarını layiqincə yerinə yetirmək üçün orduda həvəslə xidmət edir, hərbi sirlərə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.
Gənclik böyük, tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparan böyük qüvvədir. Gənclərin yüksək bilikli, savadlı, sağlam ruhlu olması üçün lazımi tədbirləri görən dahi şəxsiyyət Heydər Əliyev bu istiqamətdə mühüm qərarlar qəbul edib. Xalqımız dünəni və sabahı üçün Ulu Öndər Heydər Əliyevə borcludur. Ümummilli Lider Heydər Əliyev həmişə xalqına arxalanırdı, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dahi şəxsiyyətin gənclər haqqında nitqləri Azərbaycanda gənclər siyasətinin nəzəri əsaslarını müəyyənləşdirib.
"Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir". Bu ifadələrdən xalqının gənclərinə inanan, onları daima fəal görmək istəyən Ulu Öndərin gənclərə olan diqqət və qayğısı aydın görünür.
Ümummilli Lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük dahi şəxsiyyət bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ulu Öndər Heydər Əliyev nitqlərinin birində demişdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil,Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik". Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verən dahi rəhbərin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verilməsini təmin etməsi idi. O, hər zaman Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırırdı.
Ulu Öndərin prezidentliyi dövründə  gənclər onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. Məhz həmin dövrə təsadüf edir ki, 1997-ci ildən Ulu Öndərin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Dövlətin gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elm-təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müasir dövrün tələblərinə cavab verən gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı və zamanın çağırışları ilə ayaqlaşan Dövlət proqramları qəbul edildi, 2007-ci il "Gənclər İli" elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Bu gün gənclərimizin böyük bir qismi ordu sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Onlar təlim və məşğələlərdə döyüş hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənir, bir sözlə, torpaqlarımızın müdafiəsi naminə səylərini əsirgəmirlər.
Gənclərimizin dövlətimizin başçısının Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Vətən müharibəsində, ondan əvvəl və sonra olan döyüş əməliyyatlarında Azərbaycan əsgərinin mübarizliyi, cəsarəti, igidliyi onların döyüş meydanında son damla qanına kimi döyüşməsi bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik hissləri yüksəkdir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-dən başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Ordu sıralarında Vətən torpaqlarının azadlığı uğrunda döyüşən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalq otuz ilə yaxın həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu olsun. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı azad olunmuş torpaqlarımızda dalğalandırdılar.
Torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti müstəqillik dövründə böyüyüb boya-başa çatmış gənclərdir. Onlar vətənpərvərlik ruhunda böyüdülər, fədakarlıq, qəhrəmanlıq göstərdilər və tarixi ədalət bərpa olundu. Gənclər mənfur düşmənin saxta mifini puç etdilər. Belə vətənpərvər, igid gəncləri olan Azərbaycan heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır. Birliyimiz 44 günlük Vətən müharibəsində dəmir yumruq kimi dünyaya səs saldı.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gəncləri daha güclü aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha təsdiq edir ki, vətənpərvər, ölkəsini, xalqını sevən hər bir azərbaycanlı dövlətimizin daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birliyimiz, həmrəyliyimiz məqsədimizə yüksək səviyyədə nail olmağa stimul verir.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkədə gənclər Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar. Beləliklə, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz  gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı fəaliyyətini birmənalı dəstəkləyir.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışırlar.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaqdır.

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"