Hərbi hissədə taqım komandiri əsgərlərdən birini nümunəvi əsgər kimi təqdim etdi. Nümunəvi əsgər ifadəsinə aydınlıq gətirilməsini xahiş etdim: "Məsuliyyətlidir, tapşırıqları vaxtında yerinə yetirir, qarşılıqlı münasibətlərdə son dərəcə diqqətlidir, əsgər yoldaşları ilə xoş münasibəti var, günün nizam qaydasına ciddi əməl edir, bir də öyrədilənləri həvəslə öyrənir, təlimlərdə fərqlənir...". Nümunəvi xidməti şərtləndirən xarakteri başqa zabitlər də qeyd etmişdilər...
Taqım komandirinin nümunəvi əsgər kimi təqdim etdiyi Bəhmən Cəbrayılovla söhbətləşdik. Öyrəndim ki, orta məktəbdə riyaziyyat və ədəbiyyat fənlərinə böyük marağı olub. "Riyaziyyatı dəqiqliyinə görə, bütün elmlərə açar olduğuna görə sevirdim, ədəbiyyatı ana dilimizi yaşatdığına görə, düşüncələrimizə əvəzsiz əsərlər bəxş etdiyinə görə", - əsgər Bəhmən Cəbrayılov belə dedi.
Orta təhsilini başa vuran Bəhmən hərbi xidmətə yollanıb. Hərbi hazırlıq müəllimlərinin dediyi bir kəlam bütün sinif yoldaşları kimi, Bəhmən Cəbrayılovun da düşüncələrinə hopubmuş: "Yaxşı mütəxəssis olmaq qabiliyyətdir, yaxşı vətəndaş olmaq isə borcdur...". O da Vətənə borcunu sədaqətlə yerinə yetirməyə gəlib...
Hərbi xidmət - yeni mühit, yeni nizam, yeni tələblər onun da xarakterində incə dəyişikliklər yaradıb. Sırada hərəkətləri o da öyrənib, nizamnamələrin tələblərini mənimsəyib, o da hərbi bilikləri öyrənə-öyrənə əsgərləşib. "Əsgər yoldaşlarımız bizim də hərbi bilikləri və vərdişləri mükəmməl mənimsəməyimizə köməklərini əsirgəmirdilər. İlk vaxtlar bir qədər çətinliklərimiz olurdu. Öyrəndikcə, hərəkətlərin çevikliyini mənimsədikcə, bu çətinliklər sovuşurdu. İndi heç bir çətinliyimiz yoxdur...", - əsgər Bəhmən Cəbrayılovun səsində əminlik vardı.
Komandiri onun Hərbi Nizamnamələrin tələblərinə uyğun xidmət etdiyini, verilən tapşırıqları vaxtında yerinə yetirdiyini bildirdi.
Bəhmən Cəbrayılov ünsiyyətcil əsgərdir. Asudə vaxtlarda əsgər yoldaşları ilə İkinci Qarabağ müharibəsinin döyüşlərindən, qəhrəmanlıqlardan, tarixi Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsindən, Bakıda açılmış Zəfər Parkından, ... danışırlar. Əsgər qüruru əsgər dostluğunun yolgöstərəni olur. Nəfəs-nəfəsə keçən xidmət günləri onları mətinləşdirir. Nümunəvi xidmət edən əsgər Bəhmən Cəbrayılov da belə əsgərdir...
Hərbi xidmət əsgərin yaxşı vətəndaş kimi formalaşmasında mühüm bir mərhələ olur. "Hərbi xidmətdən sonra mülki həyatda da əsgəri məsuliyyətlə işləyəcəyəm. Nümunəvi əsgər hərbi xidmətdən tərxis edildikdən sonra nümunəvi vətəndaş olmağa borcludur", - Bəhmən belə dedi. Əsgər yoldaşlarının baxışlarında bir əsgəri sevgi gördüm...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"