Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2025 09:52

Ömrü örnək olan oğullar

Şövqiyar Abdullayev xalqımızın ömrü dastanlara dönən qəhrəman övladlarındandır. Vətən, torpaq uğrunda canını qurban verən, erməni yaraqlılarına qarşı igidliklə döyüşən Şövqiyarın keçdiyi şərəfli həyat yolu ilə tanış olarkən insan qürur duyur.
O, 5 aprel 1969-cu ildə Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində dünyaya göz açmışdı. 1986-cı ildə doğma kəndi Nərimanlıda orta məktəbi əla qiymətlərlə bitirib elə həmin il də Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdu Şövqiyar. Birinci kursu başa vurduqdan sonra ordu sıralarına çağırılmışdı.
Şövqiyar Abdullayev 1989-cu ildə Monqolustanda hərbi xidmətini tank qoşunları tərkibində başa vuraraq Bakıya qayıdır. Bu, o vaxt idi ki, artıq Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə başlamışdı... Ailəsi, doğmaları, bütün kənd, rayon camaatı ata-babalarının, əcdadlarının minilliklərlə yaşadıqları tarixi torpaqlarından mənfur, qədirbilməz ermənilər tərəfindən didərgin salınmışdılar. O günlər xalqımız üçün ağır, faciəli günlər idi...
Qarabağdan, eləcə də Qərbi Azərbaycandan yüzminlərlə soydaşımızın ata-baba yurdlarından qovulması Şövqiyarı təhsilini yarımçıq qoyub, od-alovun içərisinə atılmağa məcbur edir. O, 1992-ci ilin əvvəllərində könüllü olaraq yenicə formalaşmaqda olan ordu sıralarına yazılır. Şövqiyarı Ağdamda təşkil edilmiş tank hərbi hissəsinə göndərirlər. Burada ona tank komandiri kimi məsuliyyətli bir vəzifə tapşırılır. Göyçənin igid oğlu hər an döyüşə girməyə can atır, düşməndən qisas almağa tələsir. Çox keçmir ki, sorağı cəbhənin odlu-alovlu nöqtələrindən gəlməyə başlayır.
1992-ci ilin baharı idi. Ağdamın Papravənd, Pircamal, Aranzəmin və digər kəndləri uğrunda qanlı döyüşlər başlamışdı. Məhz Şövqiyarın komandiri olduğu tankı da bu qaynar nöqtəyə göndərirlər.
Düşmənin texnika və canlı qüvvəsinin xeyli üstün olmasına baxmayaraq, o, bir an da olsun ruhdan düşmür, döyüş yoldaşlarını qələbəyə səsləyirdi. Çox keçmir ki, kəndlər bir-birinin ardınca düşməndən azad olunur.
Avqustun 23-ü... Şövqiyar Abdullayevin tankı Abdal-Gülablı kimi strateji cəhətdən çox əlverişli bir yeri qoruyurdu. Sonra o, döyüşlərini Ağdərə rayonunun müdafiəsində davam etdirir. Sərsəng su anbarı yaxınlığındakı Drambon (indiki Heyvalı) kəndi uğrunda gedən döyüşlərdə Şövqiyarın tankı bir neçə dəfə vurulur.
Hər iki ayağından yaralanan tank komandirini Ağdam hərbi hospitalına çatdırırlar. Döyüş yoldaşlarının yanına tələsən Şövqiyar "özümü yaxşı hiss edirəm" deyərək yenidən cəbhəyə qayıdır.
1992-ci il avqustun 27-də o, ağır bir döyüşə girir. Düşmən yenə də amansız idi. Güllələr dolu kimi yağırdı. Döyüşçülərimiz 4 tərəfdən mühasirədə qalmışdı. Şövqiyar yoldaşlarının əsir düşməməsi üçün özünü irəli verir, avtomatı sinəsinə sıxıb, düşmənin diqqətini özünə yönəldir. Qəfil açılan güllələrdən biri onu ağır yaralayır. Cəsur tankçı, qəhrəman döyüşçü Şövqiyar Abdullayev dostlarının qolları arasında əbədiyyətə qovuşur. Subay idi. Birinci Şəhidlər xiyabanında dəfn olunub. Hər il avqustun 28-də döyüş yoldaşları, komandirləri ailə üzvləri ilə birlikdə qəhrəman tankçının məzarını dərin ehtiramla yad edir, əziz xatirəsini anır, ruhuna dualar oxuyurlar.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Rahat uyu, xalqımızın qeyrətli, qəhrəman oğlu! Bu gün illərlə düşmən əsirliyində qalmış ana Vətənimizin torpaqları azadlığına qovuşub. Müzəffər ordumuz tarixi ədaləti təmin edib.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"