Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2025 09:52

“Həzi Aslanov kimi qəhrəmanların hünəri xalqın qəhrəmanlıq salnaməsinə əbədi yazılıb”

Tarixin ən qanlı və dramatik müharibələrindən biri olan İkinci Dünya müharibəsi, şübhəsiz ki, insanlığın yaddaşında silinməz izlər buraxdı. Bu müharibə həm də bir çox böyük qəhrəmanın adını ucaltdı. Onlardan biri də Həzi Aslanovdur. Həzi Aslanovun adı yalnız sovet ordusunun deyil, bütün dünyanın hərb tarixinə əbədi həkk olunmuşdur. Onun döyüşçüləri ilə birgə göstərdiyi şücaət və bacarıq bir çoxlarının gözündə yenilməzliyi simvolizə edirdi.
Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev əfsanəvi generalın xidmətlərini yüksək qiymətləndirərək demişdi: "Həzi Aslanov adına hərbi məktəbin kursantlarına üzümü tutub onlara bu qeyri-adi insana bənzəmələrini arzu edirəm. İstəyirəm ki, siz də hər şeydə: həyatda yüksəlməkdə də, xalqı və Vətəni sevməkdə də, yeri gələrsə, haqq işi uğrunda canından keçməyi bacarmaqda da Həzi Aslanova oxşayasınız. Həzi Aslanov kimi qəhrəmanların hünəri xalqın qəhrəmanlıq salnaməsinə əbədi yazılıb".
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində dünyaya göz açıb. Atası Əhəd kişi Lənkəran kərpic zavodunda fəhlə işləyib. Ailə çox çətinliklə dolanıb. Həzi 13 yaşında ikən atasını itirir. Onun yerinə zavodda işləməyə başlayır və ailənin ağır yükünü çiyinlərində daşımalı olur.
Həzi Aslanov uşaq yaşlarından hərbçi olmaq arzusu ilə yaşayıb. O, 1924-cü ildə komsomol zəmanəti ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir. Nümunəvi kursant olmaqla yanaşı, həm də məktəbdə bölüyün divar qəzetinin redaktoru olur.
Suvorov məktəbləri tipində olan bu məktəb ordu üçün gənc komandirlər hazırlayırdı. H.Aslanov 1929-cu ildə məktəbi bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olur. İki ildən sonra təhsilini uğurla başa vurub Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci alayına bölük komandiri təyin edilir. Ordu həyatına süvari kimi başlayan H.Aslanov sonralar at belindən düşüb tank sükanı arxasına keçir. Rəhbərlik etdiyi tank bölüyü bütün təlim və məşqlərdə fərqlənirdi. Gənc komandir 1939-cu ilin fevralında “kapitan”, bir il sonra “mayor” rütbəsinə layiq görülür.
Müharibədən əvvəlki 8 il ərzində Həzi Aslanov bölük komandiri, tank bölüyünün komandiri, əlahiddə tank taboru məktəbinin rəisi, tabor komandirinin tədris atıcılıq hissə üzrə köməkçisi və digər məsul vəzifələrdə çalışıb. Gənc zabit harada xidmət etməsindən asılı olmayaraq göstərilən etimadı layiqincə doğruldur, yüksək peşəkarlıq nümayiş etdirirdi. İctimai fəallığı nəzərə alınaraq, 1937-ci ildə Ukraynanın Obruç şəhər sovetinin deputatı seçilib.
Müharibə başlayanda Həzi Aslanov Ukraynanın Lvov vilayətinin Zloçev şəhərində xidmət edirdi. O, müharibənin ilk günlərini xatırlayaraq yazırdı: "1941-ci il iyunun 23-nə keçən gecə alman diviziyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik". Həmişə qələbəyə alışmış hitlerçilər H.Aslanovun və onun tankçılarının qəhrəmancasına göstərdikləri müqavimətə rast gəlirlər. Düşmən geri çəkilməyə məcbur olur.
Müharibə zamanı zabitlərin ailələrini vaqonlara mindirib, arxa cəbhəyə göndərirdilər. Həzinin həyat yoldaşı Xavər xanım, oğulları Tofiq və Arif də Lvovda onunla birlikdə idilər. Hamı kimi onlar da ümumi vaqonla Bakıya yola salınıblar.
Həzi Aslanov 1942-ci ilin əvvəlində “polkovnik-leytenant” rütbəsi alaraq Moskvaya qızıl ordunun zirehli tank və mexanikləşdirilmiş qoşunlar komandanlığının sərəncamına göndərilir. Moskvanın müdafiəsi uğrunda döyüşlərdə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur.
1942-ci ilin iyulunda Stalinqrad cəbhəsində 55-ci əlahiddə tank birliyinin komandiri kimi döyüşlərdə igidlik, şücaət göstərdi. Almanların 300 minlik ordusunu mühasirəyə aldılar. Mühasirədən çıxmaq üçün Hitler Manşteynin tank ordusunu köməyə göndərdi. Həzi Aslanovun rəhbərliyi ilə düşünülmüş çevik əməliyyat nəticəsində düşmənə ağır zərbələr endirildi. Aslanovun tankçıları döyüşə-döyüşə 40 kilometrdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutdular. Düşməni əsas magistral yoldan məhrum etməklə xeyli canlı qüvvəsini və texnikasını, Kotelnikovo yaxınlığında isə 30 əks-hücum əməliyyatını dəf edib, bir tabor piyada qoşununu, 30 tankını, 50 avtomobilini məhv etdilər. Komandanlığın döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə, xüsusi rəşadət və qəhrəmanlıq göstərdiyinə, tabeliyində olan hissələrə bacarıq və mərdliklə rəhbərlik etdiyinə görə polkovnik-leytenant Həzi Əhəd oğlu Aslanov 1942-ci il dekabrın 22-də “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldü. Rəhbərlik etdiyi alaya isə qvardiya adı verildi.
1944-cü ilin yayında general-mayor Həzi Aslanov cəbhədə xüsusi igidlik, şücaət göstərdiyinə görə ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülsə də, SSRİ-nin hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədir. Ölümündən 47 il sonra haqq-ədalət qalib gəlir və Həzi Aslanova ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adı verilir.
Ulu Öndər Heydər Əliyevin irsinə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarına, onların ailələrinə xüsusi diqqət və qayğı göstərir. Bu diqqət yalnız fərdi yardımlarla məhdudlaşmır, eyni zamanda, xalqımızın milli mənəviyyatına olan sevginin göstəricisi kimi çıxış edir. Hər il 9 May - Qələbə Günü münasibətilə keçirilən anım mərasimləri, Həzi Aslanovun xatirəsinə ucaldılmış abidə önündə müharibə iştirakçıları və veteranlarla görüşlər bu diqqətin bariz nümunəsidir. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şərəfli döyüş yolu tariximizin parlaq səhifəsidir. İkinci Dünya müharibəsinin ən çətin dövrlərində göstərdiyi qəhrəmanlıq və liderlik sayəsində onun adı beynəlxalq miqyasda tanınıb. Döyüş meydanında qətiyyətli qərarları və taktiki bacarığı ilə Həzi Aslanov yalnız düşməni məğlub etməklə kifayətlənməyib, həm də Qələbə yolunda silinməz izlər qoyub. Bu gün də onun döyüş strategiyaları hərbi elm sahəsində araşdırılır və tədris olunur.
Həzi Aslanovun adı Azərbaycan xalqı üçün sadəcə bir qəhrəman deyil, həm də Vətənə bağlılığın, fədakarlığın və milli iradənin təcəssümüdür. Onun xatirəsi bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır.   

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"