Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2025 09:52

“Ordunun əsas sütunu sağlam və iradəli əsgərlərdən ibarətdir”

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev idmanın cəmiyyətin inkişafında, gənclərin tərbiyəsində və sağlam həyat tərzinin təşviqində mühüm rolunu daim vurğulamışdır. Onun sözləri ilə desək: "İdman sağlamlıqdır, idman gözəllikdir, idman mədəniyyətdir. İdman, hər bir insanın həyatında mühüm yer tutmalıdır".
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq idmançılarımız beynəlxalq arenalarda keçirilən idman yarışlarında uğurla iştirak edir, fəxri kürsünün ən yüksək pilləsinə layiq görülürlər.
Bu fikirlər Azərbaycan Ordusunda şəxsi heyətin gündəlik fəaliyyətində öz əksini tapır. Çünki hərbçilər üçün fiziki və mənəvi hazırlıq qələbənin əsas amillərindən biridir. Müasir döyüş texnologiyaları, çətin coğrafi və iqlim şəraitində xidmət etmə tələbləri hərbçilərin fiziki və psixoloji dayanıqlığını zəruri edir. İdman yalnız fərdi hazırlığı deyil, eyni zamanda, kollektiv ruhu, dözümlülüyü və iradəni möhkəmləndirir.
"N" hərbi hissəsində hərbi qulluqçularla fiziki hazırlıq zamanı onların idmana münasibəti, fiziki hazırlığın hərbi xidmətlərinə təsiri barədə söhbət etdik.
Baş gizir Zamiq Əliyev günün nizam qaydasına əsasən hərbi qulluqçuların fiziki hazırlıq məşqlərinə cəlb olunmasından danışdı. Onun sözlərinə görə fiziki hazırlıq sağlamlıq üçün vacib olduğu qədər döyüş meydanında həyatda qalmaq üçün də mühüm rol oynayır. "Hər bir hərbçi qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirə bilmək üçün fiziki cəhətdən güclü olmalıdır. Çətin reylefli dağlıq ərazilərdə hərəkət etmək yüksək fiziki güc tələb edir.
Döyüş zamanı özünü fiziki cəhətdən hazır hiss etməsən, tapşırıqların icrası zamanı çətinlik çəkəcəksən. Sənin çətinlik çəkməyin isə bölmənin döyüş hazırlığına mənfi təsir göstərəcək. Hərbi hissəmizdə günün nizam qaydasına uyğun olaraq təyin olunmuş saatlarda fiziki hazırlıq məşqləri keçirilir. Bu səbəbdən hər bir əsgər fiziki güclü, çevik və dözümlüdür".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İmanəli Əliyev fiziki hazırlıq məşqlərinin hərbi qulluqçular arasında birliyi artırdığını və onların ruh yüksəkliyini gücləndirdiyini də bildirdi. Çavuş İ.Əliyev qeyd etdi ki, idman təkcə fərdi deyil, kollektiv məsuliyyət hissini də gücləndirir. "Fiziki hazırlıq yalnız əzələ gücü deyil, həm də əzmkarlıq və dözümlülük deməkdir".
Əslən Siyəzən rayonundan olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirelmar Həşimov idmanın onun xidmətində mühüm yer tutduğunu bildirdi. "Fiziki hazırlıq məşğələləri mənə əvvəlcə çətin gəlsə də, bir müddət sonra idman həyat tərzimə çevrildi. İndi isə hər gün məşqləri səbirsizliklə gözləyirəm. İdman mənim həm fiziki gücümü artırır, həm də psixoloji olaraq özümə inamımı yüksəldir. Döyüş şəraitində yalnız güclü və iradəli hərbi qulluqçuya malik ordu qalib gələ bilər. Bu səbəbdən idmana çox önəm verirəm".
Əsgər Ramal Quluzadə Bakı şəhərindən hərbi xidmətə çağrılıb və Vətənə olan övladlıq borcunu inamla yerinə yetirir. "Hərbi xidmətdə dostluq və birgə fəaliyyət çox önəmlidir. Biz idman saatlarında bəzən bir-birimizlə rəqabət aparırıq, bəzən isə komanda olaraq birlikdə çalışırıq. Hər iki halda, bu proses bizim birliyimizi gücləndirir. İdmanda uğur əldə etdikcə daha çox məşq etmək istəyirsən. Bu, bir növ döyüş ruhudur. Mənim fikrimcə, hər bir əsgər daim idmanla öz dözümlülüyünü artırmalıdır".
Azərbaycan Ordusunda keçirilən fiziki hazırlıq məşğələləri güclü və dayanıqlı şəxsi heyətin formalaşmasında mühüm rol oynayır.
"N" hərbi hissəsində şəxsi heyətin idman tədbirlərində fəal iştirakı onların fiziki və psixoloji dayanıqlığının artmasına, döyüş hazırlığının güclənməsinə şərait yaradır. Bu yanaşma ilə Azərbaycan Ordusu yalnız müdafiə qüdrətini artırmaqla kifayətlənmir, həm də sağlam və güclü gəncliyin formalaşmasına töhfə verir.

"Azərbaycan Ordusu"