"N" hərbi hissəsinin sıra meydanında günün nizam qaydasına uyğun olaraq hərbi qulluqçularla keçirilən sıra hazırlığı məşğələsinin şahidi olduq. Məşğələ rəhbərinin izah etdiyi elementləri hərbi qulluqçular düzgün şəkildə təkrarlayırdılar. Onların sıra hərəkətlərini eyni anda icra etmələrini, əlləri və ayaqlarının nizami şəkildə hərəkətini məşğələnin sonunadək kənardan izlədik. Məşğələ sonunda hərbçilərimizə yaxınlaşaraq onlarla söhbət etmək imkanımız oldu.
Məşğələ rəhbəri gizir Xəyyam Qədirov sıra hazırlığının əhəmiyyətindən danışaraq vurğuladı ki, keçirilən məşğələlərin hərbçilərin intizamının artırılmasında rolu əvəzsizdir. "Hərbi xidmətin əsas tərkib hissələrindən biri də sıra hazırlığıdır. Təsdiq olunmuş günün nizam qaydasına uyğun olaraq müəyyən edilmiş saatlarda hərbi qulluqçularla sıra elementlərini məşq edirik. Digər dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələsində də böyük həvəslə iştirak edən hərbi qulluqçularımız yüksək əzmkarlıq nümayiş etdirirlər. Sıra, iki cərgəli sıra, səf, cərgə, kolon, cinah, distansiya kimi sıra nizamnaməsinin tələblərini hər bir hərbi qulluqçu düzgün dərk edir.
Silahla və silahsız icra olunan bütün sıra elementləri hərbi qulluqçularımız tərəfindən peşəkarlıqla yerinə yetirilir. Sıra hazırlığı onların vətənpərvərlik hisslərinin inkişafında da mühüm rol oynayır. Hər bir hərbi qulluqçu sırada dayandığı zaman Vətənin müdafiəsi və müqəddəs vəzifələr üçün burada olduğunu anlayır. Bu, onlara həm də bir məqsəd uğrunda birgə mübarizə aparmağı öyrədir. Hər bir hərbi qulluqçunun Vətənə olan sonsuz sevgisi onu xidmətə daha çox bağlayır".
Əsgər Murad Azadəliyev xidmətə başladığı gündən təcrübəli komandirlərindən hərbi biliklərin sirlərini öyrəndiyini qeyd etdi. "İlk günlər mənim də sıra hazırlığı məşğələlərində çətinliklərim olurdu. Əllərin və ayaqların ardıcıl hərəkəti məni çaşdırırdı. Ancaq komandirlərimizin diqqət və qayğısı, öyrətmə bacarıqları sayəsində qısa müddətdə sıra hazırlığının bütün elementlərini mənimsədim. Əsgər yoldaşlarım ilə birgə addımlamağımız, ayaqlarımızı eyni anda yerə vurmaqla yaranan səs dalğası hər birimizdə qürur hissi yaradır".
Əsgər Elnar Mahmudov xalqımıza qələbə sevincini yaşadan rəşadətli ordumuzun sıralarında xidmət etməsindən qürur duyduğunu bildirdi: "Hərbi xidmətə başlamazdan əvvəl çox həyəcanlı idim. Televiziya kanallarında hərbi verilişləri həvəslə izləyirdim. Xatırlayıram, həmin verilişlərin birində gənc əsgərlərin andiçmə mərasimi nümayiş etdirilirdi. O zaman hərbçilərin sıra meydanında təntənəli keçidini qürur hissi ilə izləmişdim. Hər zaman arzulayırdım ki, mən də əsgər olub həmin hərbi qulluqçular kimi nizamlı addımlamağı bacarım. Məhz bu səbəbdən xidmətə başladığım zaman andiçmə mərasimimizi səbirsizliklə gözləyirdim. Komandirlərimiz sıra hazırlığının incəliklərini bizə öyrətdilər. Qısa zaman ərzində əsgər yoldaşlarımla bərabər lazımi elementləri icra edə bildik. Bu gün də öz üzərimizdə çalışır, hərbin bütün sirlərinə dərindən yiyələnməyə səy göstəririk. Mən və əsgər yoldaşlarım yalnız sıra hazırlığımızı deyil, döyüş, atış və fiziki hazırlıqlarımızı da inkişaf etdirmişik. Xalqımıza layiqli əsgər, vətəndaş olmaq üçün daim öz üzərimizdə çalışırıq".
Digər əsgərlər də söhbət zamanı sıra hazırlığının əhəmiyyətini dərk etdiklərini, verilən tapşırıqları cəld və səhvsiz yerinə yetirmək üçün çox çalışdıqlarını ifadə etdilər. Hər bir əsgərin öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyinin, Vətənə sədaqətlə xidmət etdiyinin canlı şahidi olduq.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"