Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Yanvar 2025 19:11

Ömrünü doğma Xocalısına həsr edən qəhrəman - Əlif Hacıyev

Qəhrəmanlar xalqın tarixində mühüm rola malik insanlardır. Öz əməlləri və fədakarlıqları ilə tarixdə silinməz iz qoyan qəhrəmanlarımız bu gün də xalqın ən yüksək ehtiramına layiq şəxslər olaraq gələcək nəsil üçün vətənpərvərlik nümunəsidirlər. Azərbaycan tarixində belə qəhrəmanlar minlərlədir. Bu məqaləmiz Azərbaycanın Milli Qəhrəmanı Əlif Lətif oğlu Hacıyev haqqındadır.
Əlif Hacıyev 1953-cü il iyunun 24-də Azərbaycanın gözəl və başıbəlalı guşəsi olan Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə orta məktəbi bitirdikdən sonra növbəti il Xankəndi şəhərindəki avtomobil məktəbində təhsil alıb. Əlif Hacıyev 1971-1973-cü illərdə Belarus (Belorusiya) SSR-in Minsk şəhərində hərbi xidmətdə olub. 1976-1979-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Frunze adına Xüsusi Milli Məktəbində, daha sonra SSRİ DİN-in Akademiyasında təhsilini davam etdirib. Əlif Hacıyev xidməti müddətində Belarus SSR-in və Azərbaycan SSR daxili işlər orqanında müxtəlif vəzifələrdə çalışıb.
Əlif Hacıyev ötən əsrin 80-ci illərində erməni millətçilərinin təxribatlarına məruz qalaraq saxta ittihamlarla günahlandırılıb, qanunsuz hökm nəticəsində 10 il azadlıqdan məhrum edilib. Bəraət alıb azadlığa buraxıldıqdan sonra 1990-cı ildə doğma Xocalıya qayıdıb. Həmin ilin sonlarında daxili işlər orqanına yenidən qayıdıb, Xocalı Təyyarə limanı Xətt Daxili İşlər bölməsinin rəisi, həmçinin Xocalı Aeroportunun komendantı vəzifəsinə təyin olunub. Məlumat üçün qeyd edək ki, bu aeroport ermənilər üçün xüsusi əhəmiyyət daşıyırdı. Əhəmiyyəti ondan ibarət idi ki, bu hava limanından ermənilər öz məkrli niyyətlərinə çatmaq üçün geniş istifadə edirdi. Ermənilərə, onların havadarlarına silah və döyüş vasitələri göndərilirdi. Əlif Hacıyev bu vəzifəyə təyin olunduqdan sonra erməni vandallarının "əli-qolu kəsildi", düşmənin çirkin niyyətlərinin qarşısı qismən də olsa alındı.
Əlif Hacıyev aeroportda çalışdığı müddətdə qarşısına çıxan böyük təzyiqlərə və basqılara baxmayaraq, hər zaman öz xalqının rifahını hər şeydən üstün tuturdu. Xidməti vəzifələrini icra edərkən fərqləndiyinə görə də 1991-ci ilin dekabrında Əlif Hacıyev "mayor" rütbəsinə yüksəlib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilən Xocalı faciəsi nəticəsində şəhərin tez bir zamanda boşaldılmasını istəyən mənfur qüvvələrin xəbərdarlığına məhəl qoymayan yerli əhaliyə dəstək verilməsi, onların qorunması vacib məsələyə çevrilmişdi. Əlif Hacıyev öz dəstəsi ilə birlikdə erməni və onların havadarları olan qüvvələrə qarşı qeyri-bərabər döyüşə girdi. Şəhərin mühafizəsi, əhalinin təhlükəsizliyinin təmini məqsədilə düşmənə qarşı vuruşan Əlif Hacıyev və onun dəstəsi misilsiz şücaət göstərərək blokadaya salınmış dinc əhalini Ağdamın Şelli kəndinə təxliyə etməyi bacardı. Kənd əhalisinin təxliyəsini uğurla təşkil etdikdən sonra Əlif Hacıyev yenidən döyüşə qatılır. Canlı qüvvənin, əldə olan silah-sursatın az olmasına baxmayaraq, son nəfəsinə qədər düşmənə qarşı döyüşən Əlif Hacıyev elə doğma Xocalısında düşmən gülləsinə tuş gələrək şəhid oldu. Qanı elə canı ilə bağlı olan Xocalıda axıdıldı.
Mayor Əlif Lətif oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Bakıda Şəhidlər xiyabanında dəfn edilən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adı Bakının küçələrindən birinə verilərək əbədiləşdirildi. Xalq bu gün öz qəhrəmanının adını yaşadır, onun ruhuna ehtiramını nümayiş etdirir. Gənc nəsil onun keçdiyi həyat və döyüş yolunu özünə örnək bilir. Bir sözlə, Əlif Hacıyev ürəklərdə və xalqın tarixində əsl qəhrəman olaraq yaşayır. Bu gün onun uğrunda can verdiyi Xocalıda üçrəngli şanlı bayrağımız əzəmətlə dalğalanır. Dalğalanan bayrağımız bütün şəhidlərimiz kimi, Əlif Hacıyevin də alınmış qisasının simvoludur. Bu bayraq Əlif və onun timsalında minlərlə qəhrəman oğullarımızın müqəddəs ruhundan ilham alaraq heç vaxt enməyəcək.

Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"