Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd olunub. Hər yerdə olduğu kimi, hərbi təhsil ocaqlarında da təbiət sevərlər bu sahədə öz biliklərini sınamaqla töhfə veriblər.
Milli Müdafiə Universitetinin nəzdində olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantlar arasında "Təbiətçilər" mövzusunda viktorina keçirilib. Liseyin Təbiət fənn bölməsinin fizika və kimya müəllimlərinin birgə hazırladıqları viktorinaya 1-ci və 2-ci kursun kursantlarından ibarət dörd komanda; "Şüa", "Qızıl", "Uran" və "Dalğa" cəlb olunub.
Bilik yarışmasının keçirilməsində əsas məqsəd şəxsi heyətin intellektual səviyyəsinin inkişaf etdirilməsi, dünyagörüşünün artırılması, həmçinin asudə vaxtın səmərəli təşkilidir.
Kursantlar "Təbiətçilər" adı altında "Yaşıl dünya naminə həmrəylik ili”nə qoşularaq təbiət elmləri üzrə öz biliklərini sınayıblar. Komandalar yarışda qalib gəlmək üçün verilən sualları daha tez və dolğun şəkildə cavablandırmağa çalışıblar.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışmada az xal fərqi ilə "Dalğa" komandası birinci yerə layiq görülüb.
Viktorina başa çatdıqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev yarışı təşkil edən müəllimlərə təşəkkürünü bildirib. Qeyd edib ki, bu il ölkəmiz beynəlxalq əhəmiyyətli "COP29" tədbirinə ev sahibliyi edib. Ekologiyanı və təbiəti qorumaq naminə aparılan mübarizədə xalqımızın hər zaman öndə olduğunu vurğulayıb.
Polkovnik Anar Mirzəyev viktorinada iştirak edən bütün komandalara təşəkkürünü bildirib, qalib "Dalğa" komandasını təbrik edib.
"Azərbaycan Ordusu"