Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2024 12:31

Həmrəylik milli birlikdir, birlik - məğlubedilməzlik

Həmrəylik eyni fikirli olmaqdır. Vətən naminə, dövlət naminə, dövlətçilik naminə düşüncələrin də eyniliyidi, fəaliyyətin də mütəşəkkilliyidi.
Dövlətlər yaranandan, torpağa sərhədlər düşəndən, torpaq sərhədlər boyunca müdafiə olunandan belədi.
Ötən əsrin sonlarında Ermənistan Azərbaycandan ərazi iddiasına düşəndə xalqın etirazı həmrəylik yaratdı. Xalqın həmrəyliyi milli-azadlıq hərəkatını kükrətdi, həmrəylik milyonların Vətən sevgisinin uvertürası oldu. Moskva 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və daha bir neçə şəhərdə faciə törətsə də, yüzlərlə vətənsevər qətlə yetirilsə də, xalqın mübarizə əzmi sarsılmadı, həmrəylik 1991-ci ilin 18 oktyabr qətiyyətini tarixləşdirdi - Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu da həmrəyliyin təzahürü idi...
İkinci Qarabağ müharibəsi başladı. Bu müharibə xalqın müharibəsi oldu. Xalq-ordu münasibətləri də qələbəni təmin edən amillərdən biri oldu - xalq sərkərdəsinin ətrafında sıx birləşdi. Bu da tarixi bir həmrəylik oldu. Azərbaycan Ordusu tarixi Zəfər qazandı. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatında ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu, Azərbaycanımızın dövlət sərhədlərinin bu üzündə həmrəylik Dövlət Bayrağına sevginin işığı ilə qoşalaşıb tarix yaratdı...
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günü hərbi qulluqçular da böyük könül xoşluğuyla, dövlətə, dövlətçiliyə sədaqətlə qarşılayırlar. Bu gün Hərbi Anda - Vətənə sədaqətlə xidmət edənlər deyirlər ki:

Tibb xidməti mayoru Cavid İbrahimov:

- Mən həm həkim kimi, həm də hərbçi kimi xidmət edirəm. Bu xidmətlər bir-birini tamamlayır. Eyni məqsədin, eyni vəzifə borclarının icraçısıyam. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində bütün qoşun növləri iştirak edirdi. Hərbi həkimlərimiz də döyüş meydanında döyüşlərdə yaralananlarımızın həyatı uğrunda döyüşürdü. Yaralananların müalicəsini təşkil edirdi, ağır yaralıların təxliyəsinin iştirakçısı olurdu.  
Bu müharibədə səhra hospitallarının əvəzsiz xidmətləri olub. Onlarla tibb xidməti zabiti, digər dərəcələrdən olan tibb personalı böyük peşəkarlıq göstərib. Hərbi tibb işçilərindən yaralananlar da olmuşdu. Onlarla tibb xidməti zabiti, tibb personalı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Həmkarlarımdan birinin obrazlı şəkildə dediyi bir fikri unutmamışam: "Hərbi həkimlər müharibədə döyüşən ordunun sağlamlıq iksiri oldu". Gözəl deyib. Azərbaycanda həkimlik, həkimlər iksir olaraq qalsın. Ancaq müharibəsiz şəraitdə...
İkinci Qarabağ müharibəsi təsdiqlədi ki, həqiqətən də, "Sel bir olsa, daş oynadar yerindən, el bir olsa, zərbi kərən sındırar". Bu atalar məsəlində bir olma, həmrəylik anlamındadır.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün həmkarlarımı, həmkarlarımın timsalında Azərbaycan Ordusunun şəxsi heyətini Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər birinə cansağlığı arzulayıram.

Baş leytenant Nihad Əlizadə:
- 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın birliyini və həmrəyliyini qeyd edirik. Azərbaycan Ordusunun zabiti olaraq, xalqımızın güc mənbəyi olan ordumuzun qüdrətindən qürur duyuram. Şübhəsizdir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuz hazırda dünyanın ən güclü ordularından birinə çevrilib.
Xüsusilə, komando hərbi hissələrinin yaradılması ilə ordumuzun döyüş qabiliyyəti və operativliyi daha da möhkəmlənib. Mənim də xidmət etdiyim bu bölmələr yüksək peşəkarlığı və döyüş hazırlığı ilə xalqımızın inam və güvən yeridir.
Əziz xalqımız, unutmayın ki, biz hərbçilər sizin təhlükəsizliyinizin, firavanlığınızın keşiyində dayanan dayaq və güvənc nöqtəsiyik. Xalqın və ordunun birliyi, qarşılıqlı dəstəyi bizim ən böyük üstünlüyümüzdür. Yeni ildə də biz hərbi qulluqçular Vətənə olan sevgimizi xidmətimizlə sübut etməyə davam edəcəyik. Mən də bu qüdrətli ordunun bir nümayəndəsi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti Vətənimizin müdafiəsi və suverenliyinin qorunması uğrunda istənilən döyüş əməliyyatını yerinə yetirməyə hər zaman hazır və qadirdi.
Yeni ildə xalqımıza möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıram. Qoy, 2025-ci il ölkəmiz üçün sülh, əmin-amanlıq və tərəqqi ili olsun. Bayramınız mübarək!"

Baş leytenant Hafiz Ələkbərov:

- Azərbaycan Ordusu xalqımızın milli qürur mənbəyidir. Ordu quruculuğu sahəsində əldə etdiyimiz böyük nailiyyətlər müstəqilliyimizin və suverenliyimizin ən güclü təminatıdır. Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasəti bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək, dünyanın ən güclü və modern ordularından birinə çevrilmişdir.
Azərbaycan Ordusunun bütün qoşun növləri, o cümlədən Hərbi Hava Qüvvələrimiz bu inkişafın bariz nümunəsidir. Xüsusi peşəkarlıq, müasir texnologiya və yüksək döyüş hazırlığı ilə seçilən Hərbi Hava Qüvvələrimiz Vətənimizin səmalarını etibarlı şəkildə qoruyur. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədə Hərbi Hava Qüvvələrinin müasir texnikası və şəxsi heyətin rəşadəti mühüm rol oynamışdır. Biz bu gün qürurla deyə bilərik ki, Hərbi Hava Qüvvələrimiz düşmənə həm döyüş meydanında, həm də psixoloji müstəvidə sarsıdıcı zərbələr endirərək xalqımızın şərəfini uca tutmuşdur.
Ordumuzun bu səviyyəyə çatmasında göstərdiyi diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımıza xüsusi təşəkkür edir, onun rəhbərliyi ilə dövlətimizin daha da güclənəcəyinə böyük inam bəsləyirik. Azərbaycan hərbçisi üçün bu diqqət təkcə maddi deyil, həm də mənəvi güc mənbəyidir. Biz - Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları olaraq, hər an Vətənin müdafiəsində dayanmağa və onun etibarını qorumağa hazırıq.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə, başda şəhid ailələri olmaqla, xalqımızı səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar günlər bizim üçün təkcə yeni ümidlərin başlanğıcı deyil, eyni zamanda, xalqımızın həmrəyliyinin, birliyimizin və milli dəyərlərimizin daha da möhkəmləndiyi bir dövrün rəmzidir.
Vətənimizin azadlığı və müstəqilliyi uğrunda çiyin-çiyinə mübarizə aparan, səngərlərdə əzmlə xidmət edən hər bir hərbi qulluqçu üçün xalqımızın dəstəyi, sevgisi və duaları ən böyük güc mənbəyidir. Biz - Azərbaycan Ordusunun nümayəndələri olaraq, Vətənimizin müdafiəsini təmin etmək, sərhədlərimizin təhlükəsizliyini qorumaq və gələcək nəsillərə qüdrətli bir Azərbaycan miras qoymaq üçün var gücümüzlə çalışırıq.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixində xüsusi bir yer tutur. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli birliyimizin, dilimizin, mədəniyyətimizin və tariximizin daşıyıcısı kimi eyni amallar uğrunda birləşir. Bu birlik bizim ən böyük sərvətimizin, qüdrətimizin təməlidir.
Bizim birliyimiz, gücümüz və iradəmiz bu gün bütün dünyaya nümunədir. Ordumuzun əldə etdiyi uğurlar, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz və milli həmrəyliyimiz hamımız üçün fəxr mənbəyidir. Biz qələbələrimizlə bir daha sübut etdik ki, Azərbaycan xalqı həm döyüş meydanında, həm də diplomatik arenada əzm və iradə nümayiş etdirərək tarix yazmağa qadirdir.
Yeni ildə hər birimizə cansağlığı, ailə səadəti, işlərimizdə uğurlar və ən əsası Vətənimiz Azərbaycan naminə müvəffəqiyyətlər arzulayıram. 2025-ci il ölkəmizə daha böyük nailiyyətlər, hər bir ailəyə sevinc və xoşbəxtlik gətirsin. Ordumuzun sıralarında xidmət edən hər bir hərbçi adına söz verirəm ki, biz öz müqəddəs borcumuzu hər zaman şərəflə yerinə yetirəcəyik.

Leytenant Nurəddin Hüseynov:

- Orta məktəbdə oxuyanda müəllimimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün necə yarandığı haqqında da danışmışdı. Ulu Öndər Heydər Əliyevin təklifi ilə belə bir günün təsis olunması, əlbəttə ki, xalqın birliyini təmin edəcəkdi. Naxçıvandan başlayan həmrəylik bu gün bütün dünyanı əhatə edir. 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Müəllimimiz bu haqda da danışmışdı. Onda hamımız əmin olmuşduq ki, həmrəylik üçün sərhəd olmur. Bu Qurultay sərhədləri aşaraq xalqın düşüncələrinin, fəaliyyətinin həmrəyliyini formalaşdırdı.
İkinci Qarabağ müharibəsindən əvvəl xalq da, ordu da Ali Baş Komandanın döyüş əmri verməsini istəyirdi. Xalq da, ordu da işğalı sonlandırmaq üçün ədalətli müharibənin başlanmasını arzulayırdı. İşğalın sonlandırılması, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və suverenliyimizin bərqərar edilməsi xalqla ordunu həmrəyləşdirmişdi. Bu həmrəylik İkinci Qarabağ müharibəsində qələbə qazanılmasında əsas amillərdən biri oldu.  
Mən də qalib ordumuzun zabiti olaraq Azərbaycanın dəniz sərhədlərini müdafiə edənlərin sırasındayam. Hərbi Anda sədaqətlə xidmət edirəm, üzərimə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirəm. İkinci Qarabağ müharibəsində Hərbi Dəniz Qüvvələri də iştirak edib, şücaətlə döyüşüb, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Bu qürur həm də Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin qürurudur.
Hərbi Dəniz Qüvvələrinin komandanlığını, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin timsalında ordumuzun bütün hərbi qulluqçularını, mülki işçilərini Həmrəylik Günü münasibətilə təbrik edirəm, hər birinə cansağlığı, uğurlar arzulayıram. Əminliklə bildirirəm ki, Azərbaycanın dəniz sərhədləri bundan sonra da ciddi müdafiə olunacaqdır.

Əsgər Amin Şükürlü:

- Azərbaycan Ordusunun əsgəri olmaq, döyüş növbətçiliyi aparmaq, Vətənimizin müdafiəsində qətiyyətlə dayanmaq mənim üçün ikiqat sevincdir və qürurdur. Həmişə arzulamışam ki, əsgər olum, torpaqlarımızın keşiyində dayanım.
Qalib Azərbaycan Ordusunun əsgəri olmaq hamı üçün şərəfli hissdir. İllər uzunu torpaqlarımızın 20 faizi Ermənistan ordusunun işğalı altında olub. Həmin illərdə mən uşaq olsam da, yaşamaq ağır idi. Vətənimizin bir hissənin işğal altında olmasından tək mən yox, xalqımız bütövlükdə əziyyət çəkib. Bir milyondan artıq soydaşımız doğma dədə-baba yurdundan didərgin salınmışdı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəsur oğulları torpaqlarımızı azad etdilər, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu gün bizim də üzərimizə çox böyük məsuliyyət düşür.
Biz düşməni yenidən fəallaşmağa qoymarıq. Bunun üçün daim döyüş və mənəvi hazırlığımızı artırmalıyıq. Döyüş növbətçiliyimizdə hər an ayıq-sayıq olmalıyıq.
Dünya Azərbaycanlıların Həmrəyliyi Gününü və Yeni il bayramını burada qarşılamaq qismətimdədi. Ata-anamı, qardaş-bacılarımı və xalqımızı hər iki bayram münasibətilə təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Ulu Öndər Heydər Əliyev tarixləşdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirərək xalqımızı və dövlətçiliyimizi daha da inkişafa aparır. Qarşıdan gələn Yeni ilin xalqımıza düşərli, uğurlu il olmasını arzulayıram.  

Əsgər Ümid Hümbətov:

- Əziz ailəm, qohumlarım, dostlarım və silah yoldaşlarım! Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Bu əlamətdar günlərdə uzaqda olsam belə, mənəvi olaraq sizin yanımda olduğunuzu hiss etmək mənim üçün ən böyük hədiyyədir. Əziz ailəm! Siz mənim həyatımın ən dəyərli hissəsisiniz. Bu günlərdə sizin yanınızda ola bilməsəm də, ürəyim hər zaman sizinlədir. Mən Vətən torpaqlarını qorumaq üçün buradayam və bu müqəddəs vəzifəmi yerinə yetirərkən sizin sevginiz və dəstəyiniz mənə böyük güc verir. Hər zaman mənimlə fəxr etdiyinizi bilmək mənim üçün ən böyük motivasiyadır. Yeni ildə hər birinizə sağlamlıq, rifah və arzuladığınız xoşbəxt anları yaşamağı diləyirəm. Bu günlərdə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə birlik və həmrəylik ruhunu daha çox hiss edirəm. Yeni ilin xalqımız üçün xoşbəxtlik, sevgi və uğur dolu keçməsini arzu edirəm. Dəyərli silahdaşlarım, biz bir-birimizin qardaşıyıq. Bu müqəddəs torpaqlarda, əzəmətli dağlarda bir-birimizə dəstək olaraq Vətənimizin keşiyində dayanmaq hər birimiz üçün böyük qürurdur. Sizinlə çiyin-çiyinə xidmət etmək mənim üçün fəxrdir. Hər birimizin birliyi, iradəsi və fədakarlığı xalqımızın firavanlığını təmin edir. Yeni il bizə daha böyük nailiyyətlər gətirsin və hər birimiz üçün uğurlu olsun!
Əziz soydaşlarımız, harada yaşamağımızdan asılı olmayaraq azərbaycanlı olmaq hər birimiz üçün qürur mənbəyidir. Yeni ildə Vətənimizə və xalqımıza daha böyük nailiyyətlər arzulayıram. Hər birinizə bir daha xoş arzularımı çatdırıram. Yeni il sevinc, firavanlıq və gözəl xatirələrlə dolu olsun! Mən Vətənimə xidmət etməyi böyük şərəf hesab edirəm və sizin dualarınızla özümü daha güclü hiss edirəm.

Əsgər Ayaz Məmmədov:
- Əziz və hörmətli şəhid ailələri, ailə üzvlərim, qohumlarım, dostlarım və xidmət yoldaşlarım!
Sizi ürəkdən salamlayır, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Bu əziz günlərdə hər birinizə sağlamlıq, xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıram.
Arzu edirəm ki, həyatınızda həmişə sevinc və uğur dolu anlar çox olsun. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizim üçün sadəcə bir bayram deyil, eyni zamanda, birliyimizin və bütövlüyümüzün rəmzidir. Bu gün dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli birliyimizi, dəyərlərimizi və mədəniyyətimizi qorumağa və gələcək nəsillərə ötürməyə töhfə verir. Bu birlik ruhu bizə güc verir və düşmənlərimizin öhdəsindən gəlməyə kömək edir.
Vətənimizin müdafiəsində olmaq, bu bayramları burada qeyd etmək mənim üçün böyük bir şərəfdir. Bilirik ki, xalqımız hər zaman bizə güvənir. Sizin dəstəyinizi daim qəlbimizdə hiss edirik.
Dəyərli xidmət yoldaşlarım, sizinlə bir cəbhədə, eyni amal uğrunda mübarizə aparmaq mənim üçün qürur mənbəyidir. Sizinlə keçirdiyim hər gün mənə Vətən sevgisini, həmrəyliyi və əsil dostluğu daha dərindən hiss etdirir. Arzulayıram ki, xidmətimiz hər zaman uğurlu və təhlükəsiz keçsin. Yeni il hər birimiz üçün sağlamlıq, güc və qələbə dolu günlərlə yadda qalsın. Yeni il hər birimiz üçün yeni başlanğıcların, ümidlərin və uğurların ili olsun. Gələcək illərdə də həmrəylik və dostluq bağlarımız daha da möhkəmlənsin, Vətənimizə xidmət etməkdən qürur duymağa davam edək. Sizi bir daha ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Bayramınız mübarək olsun!

Əsgər Rafiq Bəşirov:
- Hələ uşaqkən ən çox eşitdiyim sözlərdən biri də; - əsgərlik kişilik məktəbidir, - olub. Hərbi xidmətə getmək üçün tələssəm də, vaxt gec gəlirdi. İstəyirdim ki, kişilik məktəbini mən də keçim. Bu gün həmin məktəbin şagirdiyəm və çox qürurluyam. Hər bir insan üçün doğulub boya-başa çatdığı Vətəni müqəddəsdir. Xidmət etdiyim ərazilər uzun illər düşmən işğalı altında olub. Artıq rəşadətli ordumuz tərəfindən doğma yerlərimiz erməni işğalından azad edilib və biz bu ərazilərdə döyüş növbətçiliyi aparırıq. Olduğumuz mövqeləri silahdaşlarımla ayıq-sayıq qoruyuruq. Bizim başlıca məqsədimiz də budur.
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir. Komandirlər bizi əvvəlcədən xəbərdar ediblər ki, bütün bayramlarda biz sayıqlığımızı əldən verməməliyik. Düşmən həmişə belə günlərdə öz çirkin niyyətlərini həyata keçirməyə çalışır. Biz isə düşmənə heç vaxt imkan vermərik ki, postumuza yaxın düşsün. Gecə-gündüz demədən növbə çəkirik.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızı birləşdirən ən ümdə bayramlardan biridir. Bu bayramı bizə Ümummilli Lider Heydər Əliyev bəxş edib. Müasir Azərbaycanın güclü, qüdrətli və daim inkişaf yulunu tutmaqda Ulu Öndərin müstəsna xidmətləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirməklə ölkəmizi daha da inkişaf etdirdi, pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordular sırasında yer aldı. Bizə Zəfər Gününü bəxş edən ordumuzun güclənməsi üçün daim çalışmalıyıq.
Döyüş postundan xalqımızı, hərbçi qardaşlarımı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm.

Əsgər Sərxan Əliyev:
- İşğaldan azad olunmuş ərazilərimizdəki bölmələrdən birində xidmət edirəm. Çətin relyefli dağ şəraitində əsgər yoldaşlarımla birlikdə Vətənimizin keşiyini çəkməkdən qürur hissi keçiririk. Vaxtilə mən də arzulamışdım ki, torpaqlarımızın azadlığı uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edim. 44 günlük Vətən müharibəsi başlayanda orta məktəbdə təhsil alırdım. Hər gün ordumuzun keçirdiyi uğurlu döyüş əməliyyatları haqqında yeni-yeni xəbərləri izləyirdik. O günləri heç vaxt unutmayacam. Torpaqlarımız düşmən işğalından qarış-qarış azad olunurdu. Xalqımız ancaq qələbə xəbərləri eşidirdi. 10 noyabr 2020-ci ildə düşmən təslim oldu. Xalqımızın igid övladları şəhərlərimizdən, qəsəbələrimizdən, kəndlərimizdən erməni işğalçılarını qovdular. Uzun illik həsrətə son qoydular. Bu gün bölmələrimizin yerləşdiyi ərazilərdə üçrəngli Dövlət Bayrağımızın dalğalanması bizim xidməti məsuliyyətimizi daha da artırır. Çünki bu ərazilər mərd, igid oğullarımızın canı, qanı bahasına düşməndən təmizlənib. Vaxtilə düşmən işğalında qalan, o torpaqlarda bu gün Azərbaycan əsgəri şərəfli döyüş növbətçiliyi aparır. Fəxr edirəm ki, Vətənimizin müdafiəsində dayanan əsgərlərin sırasında mən də varam. İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-tikinti işləri aparılır. Məktəblər, xəstəxanalar, müasir tipli yaşayış binaları tikilir. İşğal və Zəfər muzeyləri yaradılacaq o yerlərdə. O zaman gələcək nəsillər öyrənəcəklər ki, torpaqlarımız 30 il ərzində erməni faşistlərinin işğalında qalıb, sonra xalqımızın mərd oğullarının sayəsində, şəhidlərimizin canı bahasına Zəfər qazanmışıq. Xalqımızın əziz bayramlarından olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün əsgərlərimizi təbrik edir, hər birinə xidmətlərində uğurlar arzulayıram.

Əsgər Toğrul Əbilli:
- İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən bölmələrimizdə xidmət etmək Azərbaycan Ordusunun hər bir əsgəri üçün qürurvericidir. Artıq 4 ildən artıqdır ki, xalqımız, bütün dünya azərbaycanlıları əlamətdar tarixi günlərini, əziz bayramlarını Zəfər coşqusu, sevinclə qarşılayıb qeyd edirlər. Uzun illik yurd, torpaq həsrətinə son qoyulub. Soydaşlarımız əziz bayramlarını öz ata-baba yurdunda, doğma elində, obasında, isti ocağında keçirməyə başlayıblar. Bu xoşbəxt günləri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, ordumuzun igid, mərd oğulları, Vətənimizin bütövlüyü naminə canından keçən fədakar şəhidlərimizdir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir Vətən övladının şərəfli döyüş yolu bizə örnəkdir. Gələcək nəsillərə nümunədir. Biz qəhrəmanlığı onlardan öyrənirik. Xalqımız şəhid övladlarının xatirəsini daima ehtiramla yad edir.
İşğalçı Ermənistan hərbi birləşmələri üzərində qazanılmış tarixi Zəfərimiz bütün dünya azərbaycanlılarının Zəfəridir. 30 illik işğal dövründə doğma torpağından qaçqın düşən həmvətənlərimiz yurd acısı yaşadılar. Torpaq itkisinə dözməyib dünyasını dəyişənlər də oldu. Bu gün onların ruhu şaddır. Respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin olunub. İşğaldan azad olunmuş ərazilərimizdə rəşadətli ordumuzun bölmələri xidmət aparır, Vətənimizin müdafiəsində əzmlə dayanıb, gecə-gündüz keşiyini çəkir. Fəxr edirəm ki, mən də döyüş növbətçiliyini ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə aparıram. Bu hiss olduqca qürurludur. Buradan xidmət etdiyim bölmənin əsgərləri adından bütün dünya azərbaycanlılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara doğma Vətənimizin daha da çiçəklənməsi naminə həmrəy olmağı arzulayıram.